Oğlu ilə eyni vaxtda tələbə olmuş şəhid yoldaşı: Təhsilə qayıtmaq həyatıma rəng qatdı
“Şəhid polkovnik Nail Orucovun həyat yoldaşıyam. Aprel döyüşləri başlayanda yoldaşım artıq ehtiyatda idi. 2016-cı ildən ehtiyata ayrılmışdı, çox təəssüflənirdi ki, aprel döyüşlərində iştirak edə bilməmişdi. Amma Vətən müharibəsi onu bu arzusuna çatdırdı”.
 
Ömrünü ailəsinə həsr etmiş, hər addımında həyat yoldaşının yanında olmuş, ona dəstək göstərmiş, övladlarının uğurları ilə qürurlanmış bir Azərbaycan qadını olan Nigar Ağamalıyevanın sözləridir bu... Hazırda həyatında yalnız oğlanları, onların arzuları, ehtiyacları, zərurətləri, xəyalları, qorxuları var, amma özü...
 
Daha doğrusu, 1 il əvvələ qədər bu, belə idi...
 
Artıq onun fərdi uğurlarının siyahısı formalaşır, arada öz uğurlarına da sevinir, nailiyyətləri ilə öyünür. Amma bu uğurlarından danışmağa hələ alışmayıb. 20 ildir sadəcə həyat yoldaşı və ana olan bu qadının cəmi 1 ildir öz uğur hekayəsi başlayıb. Uğurları təhsillə bağlıdır. O, təhsilinə elə qaldığı yerdən, daha doğrusu, mərhələdən başlayıb. 
 
Təhsilini Rusiyada dondurmuşdu...
 
Təhsilinin qaldığı yerə dönsək, Rusiyanın Volqoqrad vilayətində 2 il idi ali təhsil almağa başlamışdı. Rusiyada olmağının səbəblərinə gəlincə, 1982-ci ildə Astarada doğulsa da, uşaqlığı, yeniyetməliyi Rusiyada keçib. Volqoqradda yaşayan Nigar əvvəlcə Pedaqoji Kollecdə təhsil alıb. Burada təhsilini uğurla tamamladıqdan sonra Pedaqoji İnstituta qəbul olunub. Amma cəmi 2 il institut tələbəsi olub: “Biz Azərbaycana bağlı böyümüşük. Hər yay Astaraya gəlirdik. II kursu bitirib yenə Astaraya gəldik. Bu gəlişimdə ailə qurdum...”.
 
Bununla da Nigar Rusiyada təhsil həyatını dondurub, Azərbaycanda ailə həyatına başlayıb. Bu gün adı ilə öyündüyü, qəhrəmanlığı ilə qürur duyduğu həyat yoldaşı ilə birlikdə Azərbaycanı dolaşıb. Ən çox da Füzuli və Ağdamda, ən çətin şəraitli yerlərdə yaşayıb, amma heç peşmanlıq duymayıb. Bir-birinin ardınca 3 oğlu – Rəsul, Əlihəsən və İbrahimi dünyaya gətirib, böyüdüb, bir-bir məktəbə yola salıb. Onları fikirləşərək yatıb, səslərinə oyanıb. Arzuları arzusu olub, xəyalları ilə qanadlanıb.
 
“Təhsil insan üçün çox vacibdir, xüsusən də qadın üçün”
 
İlk övladı Ruslan şəhid atasının arzusunu reallaşdıraraq Azərbaycan Tibb Universitetində təhsil alır. Atası onu həkim görmək istəyirdi, o isə atasının işini davam etdirərək hərbçi olmağı arzulayıb. Qərarı verərkən hər iki arzunu nəzərə alan III kurs tələbəsi hərbi həkimliyi seçib. Ötən il Nigarın ikinci oğlu da tələbə adı qazanaraq anasını sevindirib. Əlihəsən Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olub.
 
“Mən onunla birlikdə tələbə oldum” – deyən N.Ağamalıyeva övladlarının onun təhsilini bərpa etməsi üçün əllərindən gələni etdiyini bildirir: “Təhsil insan üçün çox vacibdir, xüsusən də qadın üçün. Amma təhsil almaq asan deyildi. Astarada yaşayırdım və təhsilimi davam etdirmək cəsarətli qərar idi mənim üçün. Oğullarım mənə çox dayaq oldular, qeydiyyat məsələləri, sənədlərimlə məşğul oldular. Onlar geri getməyimi, inkişafdan qalmağımı istəmirdilər. Ona görə çox çalışdılar ki, universitetə qəbul olum. Məni cəsarətləndirdilər. Belə bir qərar vermək üçün ürək lazımdır”. 
 
Nəticədə ana da oğlu ilə birlikdə ali məktəblərə qəbul imtahanlarında iştirak edib və qəbul olub: “Ötən il 3 qat uğur qazandıq. İkinci oğlumla birgə mən də tələbə oldum, kiçik oğlum İbrahim imtahan verib Dünya məktəbinə qəbul oldu”.
 
O, “Parla” təqaüd və inkişaf proqramının iştirakçısıdır
 
Tələbə adı qazanar-qazanmaz daha bir uğurlu xəbəri ona Təhsilin İnkişafı Fondundan (TİF) veriblər. "NEQSOL Holding"lə əməkdaşlıq çərçivəsində “Parla” inteqrasiya olunmuş təqaüd və inkişaf proqramı həyata keçiriləndə ötən il tələbə vəsiqəsi qazanan şəhid ailə üzvlərindən biri kimi Nigar Ağamalıyeva da adının bu siyahıda olduğuna sevinib.
 
O, bu təqaüdü almasında TİF-in rolunu xüsusi qeyd edir: “Düzü, bu təqaüdü almağımda Təhsilin İnkişafı Fondunun rolu daha böyük oldu. Onlar bizi axtarıb tapdılar. Mənimlə birlikdə şəhid ailəsindən olan 4 xanım da vardı siyahıda. Bu bizə çox böyük stimul oldu. Üstəlik, başqalarına da həyatlarına davam etmələri, öz karyeralarını qurmaları üçün böyük motivasiya oldu. Bunun nəticəsidir ki, bu il bir neçə başqa şəhid xanımı da təhsil almağa həvəslənib. İndi biz onlara dəstək oluruq”.
 
Qeyd edək ki, “Parla” təqaüd proqramının iştirakçıları tərəflərin müəyyən etdiyi meyarlar əsasında seçilir. Seçim zamanı tələbə qızların təhsildə müvəffəqiyyətləri və iqtisadi vəziyyətləri nəzərə alınır: “5 imtahandan 3-də 100 faiz nəticə göstərdim. Nəticələrim yüksək olduğu üçün tədris ilinin sonunda təqaüd proqramına qürurla təqdim etdim”. 
 
Nigar təhsili başa çatana qədər aylıq təqaüd ödənişləri alacaq. Bundan əlavə "NEQSOL Holding" tələbə qızlara təcrübə proqramı, mentorluq, NEQSOL Akademiyası vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına və LinkedIn öyrənmə vasitələrinə çıxış kimi kompleks proqramlar təklif edir. Belə proqramlardan Nigar da faydalanır: “Parla”da məni ingilis dili kurslarına yönləndiriblər, artıq birinci dil səviyyəsini uğurla tamamlamışam. İngilis dilini öyrənməyə davam edirəm və inanıram ki, bu dildə də danışmağı bacaracağam”.
 
“Parla” təqaüdünü özünü təkmilləşdirmə kurslarına xərcləyən N.Ağamalıyeva özünüinkişafın onun üçün önəmli olduğunu vurğulayıb: “Kompüter kurslarına da gedirəm. Təhsilə hər zaman marağım olub. Yenidən təhsilə qayıtmaq, gənclərlə bir arada oxumaq həyatıma rəng qatdı. Elə onlar üçün də mənimlə birlikdə təhsil almaq maraqlıdır”. 
 
“Oxumamaq öz seçimim deyildi”
 
N.Ağamalıyeva deyir ki, oxumamaq öz seçimi olmayıb: “Yoldaşımı hər yerə buraxmırdılar, həyat tərzimiz buna məni vadar elədi. Amma həmişə özümü inkişaf etdirməyə çalışmışam”. Təhsil təkcə onun üçün yox, ailə qurduğu şəhid polkovnik üçün də həmişə önəmli olub: “Yoldaşım 10 uşaqlı ailədə dünyaya gəlib, onların arasında yeganə təhsilli Nail idi. Ona görə də uşaqlarımızın oxumağını çox istəyib”.
 
Görəsən, tələbə olmağında çox canfəşanlıq göstərən oğlanları tələbə analarına dəstək ola bilirmi? Nigar xanım deyir, yeri düşəndə, o, oğullarına yol göstərir: “Uğur insanın özündə olmalıdır. İnsan nəyi istəsə, mütləq ona nail olacaq”. 
 
Bir sözlə, ötən tədris ilindən Bakıya gələn şəhid ailəsinin bu illə bağlı yeni planları var: “Ötən il 3 uğur qazanandan sonra bu il uğurlarımızı davam etdirməyi düşünürük”.
 
 
Ruhiyyə DAŞSALAHLI


08.07.2024 | 10:25