Məktəb dezadaptasiyası | |
Yəqin çoxları müşahidə edib ki, məktəbə gəldiyi ilk günlərdə daha çox birinci sinif şagirdləri özlərini həyəcan içində hiss edir. Bu hisslər onların həyatında əhəmiyyətli dəyişikliyə səbəb olur. Çünki dərsə başladıqdan sonra onlardan nizam-intizam, dərs oxumaq, səliqəli olmaq tələb olunur. Düzdür, bu, məktəbə qədər də uşaqlarda tərbiyə olunan davranışlardan sayıla bilər, amma bir var mərhələli davranışlar, bir də var qaydaların həyat tərzinə keçməsi. Bu situasiyada sadaladığımız keyfiyyətlər artıq uşaqların həyat tərzinə keçid sayılır. Bir çox şagirdlər əvvəlcə bu tələblərin öhdəsindən gələ bilmir.
Onu da qeyd edək ki, məktəb dezadaptasiyası standart olaraq iki aydan altı aya qədər davam edir. Son zamanlar belə hallar da müşahidə olunur ki, uşaqlar yuxarıda qeyd olunan zaman kəsiyində lazımi mərhələni keçə bilmir. Bu zaman prosesin müsbətə doğru idarə olunması üçün müəllim və valideynlərdən tələb edilən qaydalar, yanaşmalar var.
Pedaqoq hətta valideyndən öncə mütəxəssisə müraciət etməlidir.
Mütəxəssis kimdir? İlkin mərhələdəki mütəxəssis məktəbin psixoloqudur. Uşağın diaqnozunu müəyyənləşdirmək üçün onunla söhbətlər aparılır. Uşaqla onun adaptasiyasına mane olan şəxsi və kənar keyfiyyətlər barədə fikir mübadiləsi edilir. Səbəblər aşkara çıxarıldığı zaman korreksiyaedici proqram hazırlanır. Beləcə, müəllim və məktəbin pedaqoqu uşaqla ilk təlimlərə başlayır. Eyni zamanda, durum barədə məktəblinin ailəsi də məlumatlandırılır.
Dezadaptasiyanı yaradan səbəblər Problemlərdən biri uşağın müəllim və həmyaşıdları ilə ünsiyyətdə çətinlik çəkməsidir. Uşaqlar sakit və utancaq olur. Ünsiyyətə girə bilmədikləri üçün onlara elə gəlir ki, müəllimdən, ya da yoldaşlarından eşitdiyi elementar bilikləri mənimsəməkdə də acizdirlər. Bu üzdən uşaqlar öyrənməkdən qaçır və ya ümumiyyətlə, oxumaq istəmir. Bu, müəyyən mərhələdə məktəbə gəlmək qorxusu da yaradır.
Dezadaptasiyanı yaradan başqa bir səbəb müəllimin diqqəti ilə bağlıdır. Məsələn, sinifdə yaxşı qavrayan uşaqların sayı çox olduğu halda, nisbətən zəif qavrayışlılar diqqətdən kənarda qala bilər. Bu halla müşahidə olunan dezadaptasiyalarda məsuliyyət daşıyan tərəf pedaqoqdur. O üzdən psixoloqlar belə vəziyyətdə əvvəlcə müəllimlə iş aparır. Müəllimin həmin şagirdlə ünsiyyətinin daha mükəmməl qurulması istiqamətində məsləhətlər verilir. Yəni, müəllimin dezadaptasiya problemi yaşayan məktəbli ilə daha çox ünsiyyətdə olması tələb olunur. Eyni zamanda, bu tələbin həyata keçirilməsi üçün məsləhətlər verilir.
Bəzi hallarda məsuliyyət daşıyan tərəf ailədir Bəzən uşaq o qədər də yaxşı qiymətlər almır. Valideyn buna görə uşağı aşağılayır, təhqir edir, fiziki təzyiqə məruz qoyur, onu qorxudur. Uşaqda neqativ hisslər daha çox fəallaşır və təhtəlşüurda belə bir fikir formalaşır: Mən nə edirəmsə, pisəm, bacarıqsızam, hörmət olunmayan şagirdəm, heç vaxt əlimdən yaxşı nəsə gəlməyəcək. Belə hallarda bəzən məktəb sözünü eşitməsi belə, uşaqlarda stress yaşadır. O, nəinki məktəbə getmək, ümumiyyətlə, məktəb sözünü eşitmək istəmir.
Valideynlərdən tələb olunur ki, uşaqlarda özünəinamın formalaşmasına çalışsınlar.
Bu, təkcə uşağın mühitini formalaşdırmaq üçün ona yol göstərmək cəhdi deyil. Bu, həm də o deməkdir ki, uşaq ailəsi tərəfindən sevildiyini anlasın, görsün. Bütün bu addımlarda həmişə uşağa belə bir fikir təlqin edilməlidir: Biz bu dəstəyi sənə hər şeydən öncə ona görə veririk ki, səni sevirik. Yəni, uşaq üçün ailəsinin sevgisi əldə edəcəyi bütün uğurların bünövrəsidir. Dezadaptasiya mərhələsini aşmaq üçün valideynlər uşaqlarını digər uşaqlarla müqayisə etməməlidirlər.
Belə hallara bizim cəmiyyətdə çox rast gəlinir Məsələn, valideyn deyir ki, filankəs səndən yaxşı bacardı, yaxşı oxuyur və sairə. Bu, uşaqda ciddi mənəvi zədəlar yaradır. Birincisi, uşaq müqayisə olunduğu yaşıdının yanında həmişə ehtiyatlı və qorxaq davranır. İkincisi, ətrafdakı yaşıdlara antipatiya formalaşır. Ən qorxulusu, uşaq olduğu kimi sevilmədiyini düşünməyə başlayır. Uşağı həmişə öz nailiyyəti ilə öymək, öz səhvi ilə müqayisə etmək vacibdir. Eyni zamanda, başqalarının yanında uşağı təhqir və ya tənqid etmək olmaz. Bu, heç ikilikdə olanda da məqbul hesab edilmir.
Əgər uşaq dərslə bağlı uğurlu nəticəni vermirsə, bunu onunla müzakirə etmək lazımdır. Uşağı cəzalandırmaq, təhqir etmək və sair kimi xoş olmayan variantlar heç vaxt müsbət nəticə verə bilməz. Əksinə, uşaq məktəbə adaptasiyadan yayınacaq, dərs oxumağa marağı olmayacaq, bir sözlə, təhsildən uzaq düşəcək. O üzdən valideyn qədər müəllim də bu məsələlərdə diqqətli olmalıdır. Qavraması zəifdir deyə, uşağı diqqətdən kənarda qoymaq olmaz. Çünki “uşaqdır” dediyimiz varlıqlar evdə və məktəbdə hər şeydən öncə şəxsiyyət kimi formalaşmalıdırlar.
Mehriban VERDİYEVA “Məktəblinin dostu” layihəsinin psixoloqu |
|
16.11.2018 | 13:52 | |
|
|
|