Emin Əmrullayev: Olimpiadalar gələcəyə açılan qapıdır
"Olimpiada qalibi olmaq olduqca çətindir, amma çətin olması ilə yanaşı sizin gələcəyinizə açılan qapıdır".
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində deyib.
 
O bildirib ki, yaxşı oxumaqdan fərqli olaraq olimpiadalar quruluşuna görə qeyri-standart düşüncə tələb edən yarışdır. Bu yarışın qalibi olmaq sizi gələcəkdə üzləşəcəyiniz qeyri-standart situasiyalarda düzgün qərar verməyə kömək edəcək.
 
"Mən özüm Respublika Fənn Olimpiadalarının ölkə turuna qədər gəlib çatmışam. O vaxt Məleykə xanım bizə tövsiyə etmişdi ki, siz gələcəkdə Azərbaycanda vəzifə sahibi olacaq və qərar verən mövqedə olacaqsınız. Mənimlə o zaman birgə olimpiadalarda iştirak edib qalib olanlar bu gün özlərinin seçdikləri sahələrdə mütəxəssis olublar. Demək olar ki, tanıdığım hər biri uğurlu insanlara çevrilib. Eyni zamanda istedadlı olmaq insanın üzərinə əlavə yük də qoyur. Siz başqalarından fərqli olaraq daha düzgün qərarlar verə bilərsiniz. Ona görə qərar verməkdən və ölkəmiz üçün fədakarlıq etməkdən çəkinməməlisiniz". 
 
Nazir qeyd edib ki, yaxşı xəbər ondan ibarətdir ki, bizim olimpiada keçirdiyimiz zallar hər il bir az daha böyüyür. Bu, o deməkdir ki, olimpiadada iştirak edən şagirdlərimizin sayı hər il artır.


05.07.2024 | 17:41