“Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” | |
Bakı Slavyan Universitetində (BSU) “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” adlı beynəlxalq elmi konfrans işə başlayıb. Türkiyənin Reytinq Akademiyası ilə birgə təşkil edilən konfransda bir sıra dövlət rəsmiləri, səfirlər, təhsil ekspertləri və KİV nümayəndələri iştirak edib.
Konfransda çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan xalqının tarix boyu tolerant və multikultural dəyərlərə üstünlük verdiyini, ədəbi-bədii, ictimai-siyasi, elmi-fəlsəfi fikir tarixində həmin dəyərlərin yerini konkret tarixi fakt və ədəbi-fəlsəfi nümunələrlə səciyyələndirib.
Azərbaycanın dünyada mövqeyinin getdikcə möhkəmləndiyini bildirən Nurlana Əliyeva ölkəmizin artıq bəşəriyyəti maraqlandıran geniş spektrli dialoqların, fikir mübadilələrinin, müzakirələrin mərkəzinə çevrildiyini qeyd edib: “Azərbaycanın paytaxtı artıq neçə ildir humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı, beynəlxalq səviyyədə humanitar çağırışlar həyata keçirir, sivilizasiyalar arasında körpü rolunu oynayır, nəzəri və praktiki bilik mübadiləsini həyata keçirmək məqsədi ilə konstruktiv debatlara ev sahibliyi edir. Beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlər buradan yayımlanır. VI Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq aləmin qarşısında təhsilin və elmin insan kapitalının inkişafına istiqamətləndirilməsini, innovasiyaların iqtisadiyyatın yeni mənbəyinə çevrilməsini, cəmiyyətdə sabitliyin bərqərar olması üçün multikulturalizm siyasətinin həyat tərzi kimi gerçəkləşdirilməsini, regional tərəfdaşlığın gücləndirilməsini, insan təhlükəsizliyini, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini prinsipial məsələ kimi irəli sürüb. Bugünkü konfrans elm və təhsildə həmin Forumun tövsiyə və tapşırıqlarının mahiyyətindən doğub”.
“Kaspi” Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva bu günlərdə Özbəkistanda keçirilən və iştirakçısı olduğu Hüseyn Cavidə həsr olunmuş konfransla bağlı təəssüratlarını bölüşüb. O, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünya xalqları arasında yüksək səviyyədə təbliğindən söz açıb. Sona Vəliyeva bugünkü Azərbaycanın nailiyyətlərində, müstəqil dövlətimizin əldə etdiyi uğurlarda, onun dünyada tanınmasında ümummili lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb. Ulu öndərin təhsil sahəsindəki xidmətlərinə toxunan S.Vəliyeva onun müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdığını, gənclərlə bağlı bir çox yeniliklərə imza atıldığını, yeni qurumların təsis olunduğunu, mühüm istiqamətlərin müəyyən edildiyini, dövlət proqramlarının həyata keçirildiyini bildirib.
Ege Universitetinin professoru Fikrət Türkmən Azərbaycanla Türkiyə arasında qurulan dostluq əlaqələrinin qədim tarixə malik olduğunu qeyd edib. O, iki qardaş ölkəni birləşdirən bağların humanitar sahədə özünü yüksək səviyyədə büruzə verdiyini vurğulayıb və bu konfransın “bir millət, iki dövlət” siyasətinə daha bir töhfə olduğunu qeyd edib.
Konfransda çıxış edən L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Şolpan Zharinbekova iki gün davam edəcək beynəlxalq elmi konfrans çərçivəsində BSU ilə L.N.Qumilyov adına Avrasiya Milli Universiteti arasında müqavilə imzalanacağı barədə məlumat verib. Təmsil etdiyi universitetdə Azərbaycana aid guşə yaradıldığını deyən qonaq qazaxıstanlı tələbələrin Azərbaycan mədəniyyətinə, tarixinə olan marağından söz açıb.
Təhsil eksperti, professor Şahlar Əsgərov çıxışında kulturoloji paradiqmaların pedaqoji paradiqmalarla tamamlanmasının vacibliyindən danışıb. O, bugünkü tərbiyə sistemində sosiallığın önə çıxarılmasının əhəmiyyətini qeyd edib. Müstəqil Azərbaycanın bu gün tolerant, multikultural dəyərlərin gücləndirilməsində fəallıq göstərdiyini diqqətə çatdıran Şahlar Əsgərov bildirib ki, BSU-da keçirilən beynəlxalq elmi konfansın təşkilini yüksək dəyərləndirir. Şahlar Əsgərov respublikamızda müxtəlif humanitar forumların, idman yarışlarının və beynəlxalq tədbirlərin keçirilməsini Azərbaycanın dünyada güclü mövqeyə malik olmasının göstəricisi kimi səciyyələndirib.
Türkiyənin Reytinq Akademiyasının professoru Turqay Berksoy, Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi, Çexiya Texnologiya Universitetinin professoru Azər Kərimov konfrans üçün əhəmiyyət kəsb edən məsələlərdən danışıblar.
Qeyd edək ki, konfrans işini səkkiz bölmədə bu gün də davam etdirəcək.
Ruhiyyə HÜSEYNOVA |
|
16.11.2018 | 12:48 | |
|
|
|