Dövlət İdarəçilik Akademiyası tələbələrinin “Məzun günü” keçirilib
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tələbələrinin “Məzun günü” keçirilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə DİA-dan məlumat verilib. Bildirilib ki, Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Ümummilli Liderin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
 
Rektor əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu təhsil ocağında dövlət idarəçiliyi sahəsində ixtisaslaşan kadrların perspektiv imkanlarını təhlil edib, Prezident İlham Əliyevin biliyə, təhsilin inkişafına göstərdiyi diqqətdən danışıb.
 
Müasir dövrdə dövlətin gücü və qüdrətinin təkcə onun təbii sərvətləri ilə deyil, həm də elmi-intellektual potensialı ilə müəyyən edildiyini deyən Urxan Ələkbərov bildirib ki, məqsədimiz DİA-nın hazırladığı kadrların müasir tələblərə cavab verməyi bacarmaları, yeni nəslin formalaşmasında, insan potensialının inkişafı və davamlılığının təminində Azərbaycan dövlətinin həyata keçirdiyi prosesə töhfə vermək, dünya təhsil sisteminə inteqrasiyanı sürətləndirməkdən ibarətdir. Rektor Urxan Ələkbərov ölkə rəhbərliyinin elm, təhsil və mədəniyyətin inkişafı sahəsində xidmətlərini qeyd edib.
 
VI çağırış Milli Məclisin deputatı, Dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti Aydın Mirzəzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı dosent Murtəza Həsənov, İnzibati idarəetmə fakültəsinin dekanı dosent Elnur Əliyev, valideynlər adından Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Eldar Aslanov, valideyn Sürhanə Qasımova, tələbələr adından Siyasi-idarəetmə fakültəsinin tələbəsi Tural Rəhimzadə, İnzibati-idarəetmə fakültəsinin tələbəsi Şəbnəm İbrahimova, magistr dərəcəsi üzrə məzun Toğrul Rüstəmli çıxış ediblər. Çıxışçılar son illər Azərbaycanda təhsilin inkişafı istiqamətində görülmüş işlərdən danışıb, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının uğurlarını qeyd ediblər. Bu strategiyanın həyata keçməsində Dövlət İdarəçilik Akademiyasından olan böyük gözləntiləri və əldə edilən nailiyyətləri qeyd ediblər. DİA-nın bu gün müstəqil Azərbaycanda dövlət quruculuğunun möhkəmləndirilməsi, milli dövlətçilik ideologiyasının təbliği sahəsində uğurlu fəaliyyət göstərən ali təhsil müəssisələri sırasında mühüm yer tutduğunu bildiriblər.
 
“Məzun günü” tədbiri bədii hissə ilə davam edib.


05.07.2024 | 11:43