ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb
Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində daha yeni bir uğura imza atıb. İyul ayının 4-də universitetdə Şeyx Zayed adına Ərəb dili auditoriyasının təntənəli açılış mərasimi olub. Tədbirdə ADU-nun rəhbərliyi, professor-müəllim heyəti, ərəb dövlətlərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.
 
Bu barədə ADU-dan "Azərbaycan müəllimi"nə məlumat verilib.
 
Əvvəlcə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Himni səsləndirilib.
 
Açılış nitqi ilə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi bildirib ki, Azərbaycan Dillər Universitetində fəaliyyətə başlayan Şeyx Zayed adına Ərəb dili auditoriyası ölkələrimiz arasında mədəniyyət, təhsil və digər sahələr üzrə əlaqələrin davamlılığını təmin edəcək. İki ölkə arasında mənəvi körpü rolunu oynayacaq bu mərkəz ərəb dilini dərindən öyrənmək, Birləşmiş Ərəb Əmirlikləri haqqında məlumat əldə etmək istəyən gənclərin əsas maraq məkanına çevriləcək.
 
ADU-da ərəb dili auditoriyasının açılışına göstərdiyi dəstəyə görə universitetin rektoru, akademik Kamal Abdullaya təşəkkürünü bildirən səfir bu qurumun fəaliyyətinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.
 
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla qonaqları səmimiyyətlə salamlayaraq, tədbirin əhəmiyyətindən söz açıb:
 
“Bu gün tarixi bir gündür. Azərbaycan Dillər Universitetində Şeyx Zayed adına Ərəb dili auditoriyasının fəaliyyətə başlaması yeni elmi və mədəni əlaqələrin qurulması, gələcək uğurların təməli deməkdir. Bu münasibətlə elm ictimaiyyətini, təhsil nümayəndələrini ürəkdən təbrik edirəm”.
 
Rektor çıxışında bildirib ki, Şeyx Zayed adına Ərəb dili auditoriyası Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyətini, tarixini daha dərindən öyrənmək üçün əlverişli imkanlar yaradıcaq:
 
“İnanıram ki, mərkəzin potensialından istifadə edən gənclər ərəb mənəvi dünyasına daha yaxın olacaq, ərəb mədəniyyətinin özəllikləri ilə yaxından tanış olacaqlar. Çox istərdim ki, Azərbaycan mədəniyyətinin də səsi Birləşmiş Ərəb Əmirliklərindən, bütün ərəb dövlətlərindən gəlsin. Bizim bu istiqamətdə cənab səfirlə ciddi düşüncələrimiz var. Bu vacib ideyanın həyata keçirilməsi üçün çalışacağıq”.
 
Açılış mərasiminin sonunda Birləşmiş Ərəb Əmirlikləri haqqında qısa film nümayiş etdirilib, xatirə şəkli çəkdirilib.


05.07.2024 | 10:15