Qərbi Azərbaycan bizim tarixi torpağımızdır - MÜƏLLİMİN BLOQU | |
Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarının ən qədim, zəngin təbiətə və təbii sərvətlərə malik bölgələrindən biridir. İndiki Azərbaycan Respublikası ilə Şərqi Anadolu aralığında yerləşən Qərbi Azərbaycan bölgələrində Rusiyanın dəstəyi ilə Ermənistan Respublikası qurulmuşdur. Keçmişdə Azərbaycanın şərq vilayətləri ilə Anadolunu, bütün Qafqazla Yaxın Şərqi birləşdirən mühüm karvan yollarının üzərində yerləşən, hazırda isə şimaldan Gürcüstan, şərqdən Azərbaycan Respublikası, qərbdən Türkiyə, cənubdan İranla həmsərhəd olan bu ərazilər indi Ermənistan kimi tanınsa da, vaxtilə onun ərazisi qədim Türk-Oğuz yurdu, tarixi Azərbaycan torpaqlarının bir parçası olmuşdur. Bu danılmaz faktı həmin ərazidəki saysız-hesabsız maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, qəbir abidələri, istehkam qala və saray qalıqları, karvansaralar, körpülər, Göyçə gölü ətrafında tapılan qoç heykəlləri, məscidlər, pir və ocaqlar da təsdiq edir.
Bəs necə oldu ki, tarixi Azərbaycan torpaqlarında etnik tərkib dəyişməyə başladı. Ermənilər Azərbaycan torpaqlarına ayaq açdılar. Tarixə nəzər salsaq görərik ki, bu hal mütəmadi olaraq məqsədyönlü şəkildə həyata keçirilmişdir. XV əsrin ortalarında Qaraqoyunlu hökmdarı Cahan şah erməni katolikosluğunun mərkəzinin Kilikiyadan, erməni mənbələrində qeyd edildiyi kimi, “Azərbaycan ölkəsində olan Üçkilsəyə” (Eçmiədzinə) köçürülməsinə icazə verdi. Tədricən Üçkilsə və onun ətrafında yerli azərbaycanlı əyanlara məxsus torpaqlarda Kilikiyadan köçüb gələn erməni ailələri məskunlaşdı və bu proses sonrakı yüzilliklərdə daha da genişləndi. Ermənilər tərəfindən 1639-cu ildə Üçkilsə məbədinin alban memarlıq üslubuna uyğun mehrabı sökülüb, yenidən inşa edildi. Bunun kimi mədəniyyətimizə qarşı törədilən vandalizm sonrakı dövrlərdə də davam etdirildi.
Tarixi mənbələr sübut edir ki, Rusiyada I Pyotrun hakimiyyəti illərində də ermənilər bu ərazilərə məqsədli və planlı şəkildə köçürülərək Rusiya imperiyası üçün etnik dayaq yaradılmışdır. Bu siyasət daha sonra müxtəlif dövrlərdə təkrarlanmış və vaxtaşırı olaraq ermənilər məskunlaşdırılmışdır.
İrəvan xanlığının Rusiyaya ilhaq edilməsindən sonra çar hökuməti bu bölgədə möhkəmlənmək məqsədilə yerli müsəlman-türk əhalini sıxışdırmağa və ərazisinə erməniləri köçürməyə başladı. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ləğv edildikdən sonra Şimali Azərbaycanın digər yerlərindən fərqli olaraq, burada qondarma erməni vilayəti yaradıldı. 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqavilələrindən sonra Şimali Azərbaycanın digər bölgələri ilə yanaşı keçmiş İrəvan xanlığının ərazilərinə ermənilərin kütləvi köçürülməsi həyata keçirildi.
Hətta sovet hökumətinin ermənipərəst siyasəti nəticəsində Qərbi Azərbaycan torpaqlarında qeyri-qanuni erməni köçləri davam etdirilərək Suriya və Livan ərazilərindən xeyli sayda erməni ailələri burada yerləşdirilmişdir.
Ermənistanın şovinist, etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycandakı Azərbaycan türklərinin izləri məhv edilmiş, buranın qədim sakinləri olan azərbaycanlılara qarşı dəfələrlə soyqırımılar törədilmiş və ata-baba yurdlarından davamlı olaraq deportasiya edilmişlər.
SSRİ rəhbərliyinin havadarlığı ilə erməni millətçiləri, kommunist-daşnaklar vaxtaşırı azərbaycanlıların Ermənistan SSR-dəki tarixi etnik ərazilərindən sıxışdırılıb çıxarılması, birinci növbədə, Qarabağın qoparılıb Ermənistana verilməsi tələbi ilə çıxış edirdilər.
Qarabağ məsələsini öz xeyirlərinə həll etməyi bacarmayan ermənilər başqa fitnəyə əl atdılar. Onların Moskvadakı əlaltıları vasitəsilə 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar verildi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli daha bir qərarı ilə bu işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu.
Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Azərbaycan SSR-in Kür-Araz ovalığı və digər rayonlarında yerləşdirildilər. Ermənistan SSR-də etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçməyə məcbur edildi.
XX əsrin 80-ci illərində “yenidənqurma”, “aşkarlıq” və “demokratiya” imperiyanın qurbanlarına çevrilmiş xalqların milli özünüdərkinə böyük təsir göstərdi. İdeologiyanın qurbanı olan tarix yenidən öyrənilməyə başlanıldı. Saxtalaşdırılmış və “unutdurulmuş” tarixi məqamlar işıqlandırıldı. Azərbaycan xalqının milli oyanış prosesi sürətləndi.
Xalqların milli dirçəlişindən bərk narahat olan Sovet rəhbərliyi buna görə də hər vəchlə yerlərdə milli və dini zəmində qırğınların törədilməsinə şərait yaradır, cinayətkar ünsürlərin əməllərinə qəsdən göz yumur, əhalinin diqqətini yayındırmağa çalışırdı. SSRİ məkanında milli münaqişə ocaqlarının yaradılması da bu siyasətin bir hissəsi idi. Belə bir münaqişə ocaqlarından biri də ermənilərin Azərbaycana qarşı ərazi iddiaları ilə başlamış milli qırğın siyasəti idi.
Əslində, ermənilər bu münaqişəyə planlı şəkildə hazırlaşmışdılar. Qorbaçovun “Demokratikləşmə” xətti başlayar-başlamaz qarşısına Azərbaycan torpaqlarını mənimsəmək məqsədi qoyan millətçi “Daşnaksutyun” partiyası Ermənistanda fəallaşdı.
Beləliklə, ermənilər 1988-ci ilin yanvarından etibarən Ermənistanda yaşayan azərbaycanlıları öz tarixi yurdlarından növbəti dəfə qovmağa başladılar.
Sovet rəhbərliyinin cinayətin əsl səbəbkarlarını araşdırmaması və hadisəyə düzgün siyasi qiymət verməməsi nəticəsində azərbaycanlılara qarşı informasiya müharibəsi genişləndi. Bundan sonra azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi surətdə köçürülməsi prosesi gücləndi. Artıq 1991-ci ildə sonuncu azərbaycanlı kəndi olan Mehri rayonunun Nüvədi kəndi də boşaldıldı.
Sonuncu deportasiyada Qərbi Azərbaycanda yaşayan 230 min nəfərdən çox azərbaycanlı öz tarixi torpaqlarından zor gücünə köçməli oldu. Beləliklə, Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya prosesi başa çatdırıldı. Təəssüf ki, ozamankı Azərbaycan hakimiyyəti bu deportasiyaya əngəl olmaq üçün heç bir iş görmədi.
Azərbaycanlıların Qərbi Azərbaycandan (Ermənistan SSR-dən) kütləvi şəkildə deportasiyasına düzgün və obyektiv hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. Ulu Öndərin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli Fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də həmişə Qərbi Azərbaycan məsələsini diqqətdə saxlamışdır. Bu məsələ bütün vaxtlarda dövlətin əsas siyasi xətti olmuşdur. Prezident çıxışlarında deportasiya olunmuş soydaşlarımızın başına gətirilən müsibətləri dilə gətirmişdir: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlıları qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir”. Prezident bu fikirləri ilə yurd-yuvasından didərgin salınmış azərbaycanlıların başına gətirilən müsibətləri xronoloji baxımdan da diqqətə çatdırmışdır.
Qarabağ məsələsinin həll olunmasından sonra Qərbi Azərbaycan məsələsi yenidən gündəmə gətirildi.
Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi kimi 2022-ci il avqustun 3-də yaradıldı. İcmanın Nizamnaməsi təsdiq olunduqdan sonra Qərbi Azərbaycana qayıdış konsepsiyası daxilində əsaslı təbliğat işləri görülməyə başlandı. Ən əlamətdar hadisədən biri isə Qərbi Azərbaycan İcmasının Şuşa Şəhər İcra Hakimiyyətinin və “Qarabağa dönüş” İctimai Birliyinin yerləşdiyi binaya köçməsi oldu. Belə ki, Şuşa Şəhər İcra Hakimiyyəti azad olunmuş öz ərazilərinə köçürülmüşdü. Prezidentin də dediyi kimi, indi bu binada Qərbi Azərbaycan İcması dədə-baba torpaqlarından çıxarılmış soydaşlarımızın qayıtması üzərində çalışmalı, pozulmuş hüquqlar baxımından yenidən təşkilatlanmalıdır.
Prezident İlham Əliyev 2022-ci dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı bildirmişdir: “Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Bu gün biz vaxt itirməməliyik. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”. Dövlət başçısının bu tapşırığından sonra Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanıldı və tez bir zamanda yekunlaşdı.
26 yanvar 2023-cü il tarixində Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası qəbul edildi. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Bu yöndə görülən işlər artıq öz bəhrəsini verməkdədir. Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayması İcmanın fəaliyyətinin uğurla davam etməsinin bariz nümunəsidir.
Qərbi Azərbaycan İcmasının Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün qəzet səhifələrində və internet saytlarında “Qərbi Azərbaycan” başlığı ilə ayrıca rubrikalar açır, “Qərbi Azərbaycan salnaməsi” adlı videoseriyanı davam etdirir. Həmçinin ən əlamətdar işlərdən biri də “Qərbi Azərbaycan” yutub kanalının və bütün sosial şəbəkə səhifələrinin yaradılması oldu.
Əlbəttə ki, Qərbi Azərbaycan İcmasının gördüyü işlərlə yanaşı, Qərbi Azərbaycan məsələsi bütün dövlət qurumlarının, İctimai təşkilatların, eləcə də Elm və Təhsil Nazirliyinin qarşıya qoyduğu əsas prioritet məsələlərdən biri olmuşdur.
Ümumi və ali təhsil müəssisələrində bu məsələ daim diqqətdə saxlanılmışdır. Məktəblərdə tədris olunan tarix dərsliklərində Qərbi Azərbaycan ərazilərinə vaxtaşırı olaraq ermənilərin məqsədli şəkildə köçürülməsi, tarixi torpaqlarımızda erməni dövlətinin yaradılması və həmin ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımılar və onların deportasiyasına geniş yer verilmişdir. Bütün bu fəaliyyətləri davam etdirərək məktəblərdə ayrıca dərs vəsaiti kimi Qərbi Azərbaycan Tarixi dərs vəsatinin hazırlanması yolunda addımlar atılması daha məqsədəuyğun olardı.
Ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərinin aparılması və biliklərin dərindən öyrənilməsini təmin etmək üçün “Qərbi Azərbaycana qayıdış” olimpiadasının keçirilməsi ölkədə böyük rəğbətlə qarşılandı. Bu olimpiada xalqımızın milli-mənəvi və hərbi-vətənpərvərlik dəyərləri müstəvisində həyata keçirilən olduqca aktual tədbirlərdən biri oldu.
Ramil TANRIVERDİ,
Bakı şəhəri 163 nömrəli tam orta məktəbin tarix müəllimi
|
|
05.07.2024 | 09:31 | |
|
|
|