Şərqşünaslıq İnstitutu Çinin elmi müəssisələri ilə əlaqələri genişləndirir
Azərbaycan-Çin əlaqələrinin inkişafı təkcə siyasi və iqtisadi sahələrdə deyil, eyni zamanda, mədəni, təhsil və elm sahələrində özünü göstərir. AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu da çinşünaslığın inkişafına töhfə verir. Hələ 2016-cı ildə Çinin Azərbaycandakı səfiri ilə keçirilən görüş zamanı bu elmi müəssisədə Çinlə bağlı aparılan tədqiqatlardan məmnunluq ifadə edilmişdi.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, hazırda Şərqşünaslıq İnstitutunun Asiya-Sakit okean regionu ölkələri şöbəsi həm də Konfutsi İnstitutunun filialı kimi fəaliyyət göstərir. Konfutsi İnstitutunun dəstəyi ilə şöbə əməkdaşlarına Çin dili tədris edilib, şöbə Çinin tarixi, siyasəti, iqtisadiyyatı və mədəniyyəti ilə bağlı elmi ədəbiyyatla təmin olunub.
 
Asiya-Sakit okean regionu ölkələri şöbəsinin müdiri Zenfira Şıxəlibəyli və Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun direktoru və eyni zamanda Asiya-Sakit okean regionu ölkələri şöbəsinin əməkdaşı Rafiq Abbasovun səyləri sayəsində Şərqşünaslıq İnstitutu və Konfutsi İnstitutu tez-tez birgə elmi seminarlar, elmi sessiyalar, Çin səfirliyi nümayəndələri ilə faydalı görüşlər keçirirlər. Şöbənin əməkdaşları tərəfindən Çinin tarixi, siyasi və iqtisadi əlaqələri, Çin-Azərbaycan əməkdaşlığının inkişaf istiqamətlərinə dair tədqiqatlar aparılmaqdadır. Şöbənin əməkdaşlarının Çin və Azərbaycan liderlərinin iki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətini əks etdirən kitabları, Çinin tarixi və siyasətini tədqiq edən çoxsaylı məqalələri çap olunub.
 
Çinin siyasi və mədəni həyatında, Çin-Azərbaycan əməkdaşlığı sahəsində baş verən mühüm hadisələr daim Asiya-Sakit okean regionu ölkələri şöbəsinin diqqət mərkəzində olduğundan, bu əlamətdar hadisə və önəmli tarixlər şöbənin keçirdiyi tədbirlər, elmi tədbirlər və sessiyalarda əks olunur. Bu baxımdan 2022-ci ildə Azərbaycan-Çin diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş elmi sessiyanı, Konfutsi İnstitutu və Asiya-Sakit okean regionu ölkələri şöbəsinin birgə keçirdiyi çinşünaslığın müxtəlif sahələrinə dair seminarları, bu ilin iyun ayında Çinin Azərbaycandakı səfirliyinin şöbə müdiri Yu Kayven və səfirliyin üçüncü katibi Se İlinin akademik Şərqşünaslıq İnstitutunda Asiya-Sakit okean regionu ölkələri şöbəsinin əməkdaşları ilə görüşünü, Azərbaycan Dillər Universitetində Çin Kommunist Partiyasının yaradılmasının 103-cü ildönümünə həsr olunmuş “Çin Kommunist Partiyasının tarixi - Yeni Çinin tarixi: əsrlər boyu qırılmaz bağ” mövzusunda ADU-nun Siyasi Araşdırmalar Mərkəzinin və Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub və elmi seminarı xüsusi qeyd etmək olar. Həmin tədbirdə Asiya-Sakit okean regionu ölkələri şöbəsinin əməkdaşları da maraqlı mövzularla çıxış ediblər.


05.07.2024 | 09:22