“60 bal toplamaq hədəfim idi”
Artıq bir neçə ildir ki, Elm və Təhsil Nazirliyi tərəfindən mərhələli olaraq dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesi davam edir. Təhsilverənlərin sertifikatlaşdırılması prosesi bir daha sübut etdi ki, ölkəmizdə yetərincə bilikli, bacarıqlı müəllimlərimiz var. Belə müəllimlərimizdən biri də sertifikatlaşdırmada maksimum nəticə əldə edən Bakıdakı Heydər Əliyev adına liseyin ingilis dili müəllimi Sülhiyyə Hüseynovadır. İmtahanlardan sonra biz də fürsət tapıb Sülhiyyə müəllimlə görüşdük. Onun fikirlərini, imtahan təəssüratlarını öyrəndik.
 
Sülhiyyə Hüseynova deyir ki, təhsilverənlərin sertifikatlaşdırılması onların inkişafına təkan verir, təhsilverənlərə bir çox keyfiyyətlər qazandırır. O, sertifikatlaşdırmanın günün tələbi, zərurət olduğunu da sözlərinə əlavə edib: “Maksimum bal topladığım üçün çox qürurluyam. Sertifikatlaşdırmada yüksək nəticə əldə etmək müəllimi hər tərəfli stimullaşdırır. Bu nəticəyə gəlmək müəllimin uzunmüddətli səmərəli pedaqoji fəaliyyətinin nəticəsidir. Sertifikatlaşdırma müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edir, pedaqoji mədəniyyətdə və təcrübədə dəyişikliklər prosesinə yardım göstərir. Bundan başqa yeni səriştələrin formalaşmasına imkan verir, tədrisin nəticələrinə nəzarətin təmin edilməsində mühüm rol oynayır”.
 
Sülhiyyə müəllim maksimum nəticə əldə etməyi qarşısına hədəf qoyduğunu, bunun üçün çox çalışdığını da deyir: “İmtahan çox yaxşı təşkil olunmuşdu. Obyektiv və şəffaf şəkildə keçirildi. 60 bal toplamaq mənim də hədəfim idi. Çünki 24 illik pedaqoji fəaliyyətim ərzində əldə etdiyim dərin bilik və bacarıqlarımın mənə uğur qazandıracağından əmin idim. Bu bilik, bacarıq və səriştələrimi müxtəlif seminarlar, konfranslar, təlimlər, vebinarlarda əldə etmişəm. Ulu Öndər Heydər Əliyevin adını daşıyan liseyimizdə müəllimlərin davamlı inkişafı üçün müxtəlif təlimlər, seminarlar təşkil olunur. Bu təlimlər bizim pedaqoji səriştəliyimizi artırır. Bundan başqa, 2023-cü ildə ABŞ-nin Şimali Karolina Dövlət Universitetinin və Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi İngilis dilinin öyrədilməsi sertifikasiyası proqramı fərdi inkişafıma xüsusi təsir etdi. 5 aylıq proqram çərçivəsində Şimali Karolina Universitetinin professorlarından təlimin düzgün təşkili, sinfin idarə olunması, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin idarə olunması haqqında müxtəlif bilik və bacarıqlar əldə etdik. Proqramı fərqlənmə diplomu ilə bitirdim. Bütün bunlar ingilis dili bacarıqlarımı inkişaf etdirdi və sertifikatlaşdırmada ixtisasdan təqdim edilmiş 50 sualı düzgün cavablandırmağıma kömək etdi. Düşünürəm ki, hər kəs qarşısına hədəf qoyarsa, bu məqsədə nail olmaq üçün ardıcıl və sistemli şəkildə çalışarsa, arzusuna çata bilər. Şagirdlərimi daha çox layihə əsaslı təlimə cəlb etməklə onların sosial-emosional bacarıqlarını, tənqidi təfəkkürlərini, əsaslandırma, arqument gətirmə bacarıqlarını inkişaf etdirmək məni sertifikatlaşdırma imtahanında pedaqogika və metodikadan təqdim edilmiş situasiya tipli 10 sualın hər birini düzgün cavablandırmağa yönləndirdi.
 
Sertifikatlaşdırmadan uğurla keçmiş bütün müəllimləri təbrik edir, pedaqoji fəaliyyətlərində uğurlar arzu edirəm”.
 
Niyazi RƏHİMOV


05.07.2024 | 09:10