Adambaşına maliyyələşmə nədir və bu, məktəblərdə nəyi dəyişəcək?

İlin sonuna kimi məktəblərdə adambaşına maliyyələşmə sisteminə keçid planlaşdırılır. Hələlik bir neçə məktəbdə pilot kimi həyata keçiriləcək. Sınaq uğurlu olsa, inkişaf üçün cəbhə yaranacaq. Bununla da məktəb muxtariyyəti və müəllimlər tərəfindən idarə olunması üçün yaxşı zəmin yaranacaq. Elm və təhsil naziri Emin Əmrullayevin mətbuata açıqlaması həftənin ən mühüm yeniliklərindən biri oldu. Bəs adambaşına maliyyələşmə nədir və bu, məktəblərdə nəyi dəyişəcək?

 

Vəsait hər şagirdə hesablanır

Elm və təhsil nazirinin müşaviri Elnur Əliyevin sözlərinə görə, adambaşına maliyyələşmə orta ümumi təhsil müəssisələrində hər şagirdbaşına düşən vəsaitin hesablanmasıdır: “Adambaşına maliyyələşməyə keçid orta ümumi təhsil müəssisələrində “Azərbaycan Respublikasında 2022-2026-cı illər sosial iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb. Sənəddə bu məsələ Elm və Təhsil Nazirliyinə verilmiş tapşırıqlar içərisində yer alıb: “Ənənəvi modeldə ümumi vəsait hansısa xərc maddələrinə görə bölünürdü. Adambaşına maliyyələşmədə vəsait hər şagirdə hesablanır. Hansı məktəbdə, kənd, yoxsa şəhər olmağının fərqi yoxdur, oxumağından asılı olmayaraq, şagirdlərə bərabər vəsait, bərabər imkanlar ayrılır”.

 

“Şagirdlərin tədrisinə daha həssas yanaşmaq üçün əlavə məsuliyyət hissi yaradacaq”

E.Əliyevin fikrincə, bu həm də o deməkdir ki, məktəblərdə hesabatlılıq və məsuliyyət artacaq: “Yəni şagird hara getsə, vəsaiti də özü ilə ora aparır. Şagird bir məktəbdən çıxanda həmin müəssisəyə ayrılan vəsait də azalır. Bu, şagirdlərin tədrisinə daha həssas yanaşmaq üçün əlavə məsuliyyət hissi yaradacaq”.

Nazir müşaviri adambaşına maliyyələşməni hesabatlılıq baxımından çox müsbət layihə hesab edir: “Paralel olaraq qeyd edim ki, bu tip yanaşma ilə məktəbin özünəməxsus ehtiyacları ola bilər. İndiki halda resurslar mərkəzdən paylanır və hamıya bəlli resurslar verilir. Amma adambaşına maliyyələşmədə müəssisələrin özünün şagird sayına görə büdcəsi var və resurs ehtiyacına görə spesifik istiqamətlərə xərcləyir. Məsələn, hansısa fənn istiqamətində əlavə diqqət, yaxud resurs ayırmaq istəyirsə, məktəb idarəçilərinin muxtariyyəti olur. Bu da onlara büdcədən istifadə imkanları verir  ki, nəticədə bu, təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. Yəqin ki, adambaşına maliyyələşməyə keçid məktəblərin idarəetmə strukturlarına yanaşmanın da dəyişməsinə gətirib çıxaracaq”.

 

Bu sistemə keçiddən sonra müəllimlər maaşı kimdən alacaq?

E.Əliyev adambaşına maliyyələşmədə müəllimlərin maaşının haradan və necə ödəniləcəyinə də münasibət bildirib: “Bir məktəb buna spesifik yanaşa bilməz. Layihəyə tam keçiddən sonra, yəqin ki, məktəblərin büdcəsi olacaq və idarəçilərin əlavə müəllim cəlb etmək, müəllimə əlavə mükafat vermək kimi imkanları olacaq”.

Müşavir 2026-cı ilə qədər pilot olaraq nəzərdə tutulan layihənin hələlik bir neçə məktəbdə başlayacağını deyib: “Strategiyada hədəf olaraq 100 məktəbə çatdırılması nəzərdə tutulub”. 

 

“Məktəb maraqlı olacaq ki, şagirdi çox olsun”

Bəs məktəb öz ehtiyacını müəyyənləşdirib vəsait tələb edə bilərmi?

E.Əliyev deyib ki, hazırda bir şagirdə düşən maliyyə vəsaitinin müəyyən olunmasından gedir: “Dövlət bir şagirdin təhsili üçün vəsaiti müəyyən edəcək və məktəbdəki şagird sayına uyğun olaraq vəsait ayrılacaq. Odur ki, hesabatlılıq və nəticəyönümlülük yalnız məktəbin daha çox şagird cəlb etməsinə xidmət edə bilər. Məktəb maraqlı olacaq ki, şagirdi çox olsun”.

 

Muxtariyyət qazanan ilk məktəblər

Müşavir  layihənin tətbiq ediləcəyi məktəblərin seçilmədiyini deyib. Amma seçilənlər də böyük məktəblər olacaq . O, adambaşına maliyyələşmə layihəsinin məktəblərin rasionallaşmasına gətirib çıxaracağını düşünür: “Şagird sayı az olduğu üçün kiçik məktəblərə ayrılan maliyyə vəsaiti az olur. Belə olan hallarda yaxın məktəblər birləşdirilə bilər”.

Məktəblərə muxtariyyət verilməsi məktəb rəhbərlərindən büdcə idarəetməsi kimi bacarıqlar da tələb edir. Bunu nəzərə alaraq, layihə gedişində onlara müvafiq təlimlər də veriləcək.

 

Ruhiyyə DAŞSALAHLI



05.07.2024 | 08:57