Yeni universitet modeli texnologiyaları tədrisə gətirməlidir

Bu gün daim dəyişən ali təhsil sistemində universitet brendlərinin inkişafı, beynəlmiləlləşmə, dünya arenasında özünütəsdiqetmə kimi məsələlər üzə çıxır.  Universitet öz brendini necə yarada, tanıtdıra, öz mövqeyini və reputasiyasını necə qoruya bilər? Elə bu günlərdə  Böyük Britaniyanın  təhsil xidmətləri sahəsində ixtisaslaşmış nüfuzlu “Times Higher Education”  (THE) nəşrinin brend-direktoru Maykl Lubaçın Bakıda Azərbaycanın ali məktəbləri üçün keçirdiyi seminarda universitetlərin nüfuz göstəricilərinin müəyyən olunmasında istifadə olunan meyarlardan və onlardan istifadənin təhlilindən, ali məktəblərin reytinqlərinin hazırlanmasında uğurlu və ya səhv yanaşmalardan, reytinqlərin hazırlanması metodologiyasından bəhs olunub.  Seminardan sonra THE-nin brend-direktoru Maykl Lubaç,  Rusiya və MDB ölkələri üzrə regional direktoru Yeqor Yablokov və brend-meneceri Laçin İtalmazova ilə söhbətimizdə universitetlərimiz üçün maraq doğura biləcək məsələlərə aydınlıq gətirməyə çalışdıq.

 

- Cənab Maykl Lubaç, Azərbaycanın ali təhsil nümayəndələrinə hansı mesajlarınızı çatdırmaq istərdiniz?

 

-  Bugünkü seminarın məqsədi heç də Azərbaycan universitetlərinin diqqətini ali məktəblərin qlobal reytinqinə yönəltmək deyildi. Seminarda daha çox ali məktəblərin müxtəlif analitik alətlərdən istifadə etməklə, eləcə də “Times Higher Education”un  təqdim etdiyi resurslardan yararlanmaqla özünü qiymətləndirmək və dünyanın bütün ölkələrindən olan universitetlərlə müqayisə etmək məsələlərinə diqqət yönəldildi.     “Times Higher Education” bu məsələdə Azərbaycan universitetlərinə çox mühüm  yardım göstərə bilər. Bu, həm universitetin brendinə, həm də reputasiyasına aid olan məsələdir. Eyni zamanda universitetin göstəricilərinin dünyanın digər regionlarından olan ölkələrin ali təhsil müəssisələrinin göstəriciləri ilə müqayisəsidir.

 

- Universitet brendinin formalaşmasında  nə kimi mühüm  faktorları qeyd edə bilərsiniz?

 

- Əgər biz universitet brendinin yaradılmasından söhbət ediriksə, onda bu məsələ bir neçə başlıca mövqe baxımından prinsipial əhəmiyyət daşıyır. İlk növbədə, universitetlər autentik (müvafiq, eyni) olmalı, onları başqa ali məktəblərdən fərqləndirən nöqtələri tapmalıdırlar. Yəni, onları digər universitetlərdən nələr fərqləndirir. Fərqləndirmə universitetlərin hazırkı şərtlər daxilində üzləşdikləri çağırışlara uyğun aparılmalıdır. Universitetlər üçün bu şərtlər böyük çağırışlar qarşısında apardıqları və üzərində işlədikləri tədqiqat xarakterli fəaliyyətlər, onların qlobal universitet şəbəkəsinə nə dərəcədə cəlb edilməsi ola bilər. Məhz  bu amillər əsasında universitetlər yenidən təşəkkül tapa, digər brendlərdən fərqli olaraq özünün unikal brendini yarada bilər. 

 

- Çağırışlardan bəhs etdiniz. Müasir çağırışlar baxımından rəqabətqabiliyyətliliyə  can atan universitetlər qarşısında hansı vəzifələr durur?

 

- Mənim fikrimcə, əgər biz universitetlərin rəqabətqabiliyyətliliyə can atması səylərindən danışırıqsa, diqqət yetirməli və üzərində işləməli olduğumuz mühüm məsələ brend-marketdir. Yəni  bu anlayış  o deməkdir ki,  konkret universitet hazırda  hansı inkişaf mərhələsində və hansı nöqtədədir. O,  hansı  istiqamətə yönəlməyə hazırlaşır, yaxın vaxtlarda hansı istiqamətlər üzrə inkişaf etmək istəyir. Bu nöqteyi-nəzərdən məhz THE-nin ekspertizası universitetləriniz üçün çox faydalı ola bilər.   Şübhəsiz ki, çox müxtəlif reytinq sistemləri var. Onlardan biri də “Times Higher Education”dur.

THE çox yəqin ki, daha nüfuzludur və onun tədqiqatları  ali məktəblər üçün aktualdır. THE universitetlərə öz müqayisəli rəqabətqabiliyyətliliyini aparmaqda, digər ali məktəblərdən fərqli cəhətlərini üzə çıxarmaqda kömək edə bilər.   Bu, həm Avrasiya, həm də qlobal aləmdə təmsil olunan dünya universitetlərinə aiddir.  Buna görə də brend-market öz rəqabətliliyinin digər universitetlərə nisbətən ölçmə qabiliyyətidir.  Əgər biz ali məktəblərin rəqabət qabiliyyətliliyindən danışırıqsa, onda bəhs etdiyimiz məsələ universitet üçün bir nömrəli vəzifədir.

 

- Ayrıca götürülmüş bir ali məktəb qlobal miqyasda öz brendini necə yarada bilər?

 

- Brend universitetin yaradılması mərhələsində əsas vəzifə bu universitetin necə bir ali məktəb olması anlayışıdır. Bir qayda olaraq, bu məsələ yalnız  o zaman uğurla həll oluna bilər ki, bu mövzu öncədən steykholderlərlə müzakirə olunsun. Steykholderlər  universitetlə sıx əlaqəsi olan və ali məktəbin fəaliyyətində yaxından iştirak edən şəxslərdir. Onlar universitetin bu və ya digər səviyyələrdə inkişafına bələddirlər. Hər bir universitetdə daxili və xarici steykholderlər var. Daxili steykholderlər universitetin inzibati heyətinin nümayəndələri, tələbələr və müəllimlər, digər müxtəlif  köməkçi qurumların əməkdaşları, xarici steykholderlər isə abituriyentlər, onların valideynləri,  universitetlərlə sıx əlaqədə olan sifarişçi təşkilatlar, eləcə də ali məktəb məzunları ola bilər. Onların siyahısına həm də hakimiyyət nümayəndələrini də aid etmək mümkündür. Yəni, steykholderlərin siyahısı çox geniş ola bilər. Universitet steykholderlərlə birlikdə bu ali məktəbi necə görmək istəyirlər mövzusunda müzakirələrə başlamalıdır. Daha sonra situasiya universitetin nə dərəcədə çoxprofilli olmasından asılı olaraq fərqli ola bilər. Əgər universitetin təhsil, elmi fəaliyyəti kifayət qədər dar çərçivədədirsə, məsələn, tədqiqat aparır, kəşflər, ixtiralar  edir, neft hasilatı və buna uyğun olaraq da mühəndisliklə əlaqədardır, paralel olaraq təhsil fəaliyyəti ilə məşğuldur, onun brendi ilə bağlı sual sadədir. Əgər biz daha geniş fokuslu universitetdən, onun  yalnız təhsil fəaliyyətindən danışırıqsa, burada situasiya kifayət qədər mürəkkəbdir. Çünki  belə olan halda bütün steykholderlərlə  iş aparılmadan brend universitetin yaradılmasına başlamaq mümkün deyil.

 

- Əgər biz güclü universitetdən danışırıqsa, bu, həm də brend universitet deməkdirmi?

 

- Bəli, doğrudan da güclü universitet brend universitet deməkdir. Ancaq bir qədər daha dəqiqliyə varsaq, güclü universitet və brend universitet anlayışları müəyyən mənada fərqlidir. Niyə? Çünki ola bilər ki, universitet güclü brend olsun, lakin onun elm, təhsil fəaliyyəti ilə bağlı o qədər də yüksək olmayan göstəriciləri ola bilər. Bu anlayışlar arasında dəqiq sərhədlər qoymaq lazımdır. Güclü universitet o universitetdir ki, onun elm, təhsil fəaliyyəti ilə bağlı əsas istiqamətləri çox güclüdür.   

 

- Eynilə brend və imic anlayışlarını da fərqləndirməliyik? 

 

- Bir dəqiqlik vermək istərdim ki, brend və imic tamamilə oxşar anlayışlar deyil. İmic bir tələbənin və ya konkret bir insanın bu və ya digər universitetlə bağlı baxışları ola bilər. Bu, hardasa universitet barədə imic formalaşdıra bilər. Brend isə daha mürəkkib, daha kompleks anlayışdır. Brend universitetin təhsil bazarında yeri, insanların ali təhsil müəssisəsi ilə qarşılıqlı əlaqəsi də daxil olmaqla onun bütün nüfuzunu özündə cəmləşdirir.

 

- Azərbaycan universitetlərinin THE reytinqində mövqeyinə toxunmaq istərdim. Necə bilirsiniz, yaxın vaxtlarda ali məktəblərimiz reytinqdə hansı mövqe tuta bilər?

 

-  Təəssüflər olsun ki, hazırda THE reytinqində Azərbaycan Respublikasını təmsil edən heç bir universitet yoxdur. Və bunun da səbəbi ondadır ki, universitetlərdən heç biri hazırda publikasiya aktivliyinə görə THE-nin kriteriyalarına əməl etməyib. Kriteriyalar nə tələb edir? Tələb odur ki, qlobal reytinqin təqdim olunma vaxtına qədər reytinqə daxil ola bilmək üçün ali məktəbin “Scopus”da indeksə olunan jurnallarda son 5 il ərzində ən azı 1000 məqaləsi çap olunmalıdır. Bundan əlavə, 5 illik müddətdə hər il üzrə universitet nəşrlərinin sayı 151-dən aşağı düşməməlidir. 

Azərbaycanın hazırda reytinqdə təmsil olunmamasını, məsələn, Rusiya ali məktəbləri ilə müqayisə etsək, bu o demək deyil ki, Azərbaycan universitetləri zəifdir və ya Rusiya ali məktəbləri ilə müqayisədə az effektlidir. Bu, sadəcə o deməkdir ki, Azərbaycan universitetləri beynəlxaq reytinqə daxil olmaq üçün müvafiq kriteriyalara əməl etməyiblər. Əgər onlar bu kriteriyalara əməl edərlərsə, onda Rusiya ali məktəbləri ilə müqayisədə reytinqdə daha yüksək mövqe tuta bilərlər.

 

Y.Yablokov: - Qeyd etməliyəm ki, bu, dövri olaraq baş verir. Reytinqdə iştirak edən universitetlər heç də sıralamanın sonuncu mövqelərində olmurlar. Reytinq heç də tarixi, hər hansı xronoloji ardıcıllıq gözlənilməklə formalaşmır. Məsələn, bu il reytinqə ilk dəfə Belarus Dövlət Universiteti daxil olub. Digər Rusiya universitetlərindən fərqli olaraq, dərhal da 800-1000 aralığında yer alıb. Əvvəllər isə reytinqdə yer ala bilməyib. Universitet tələb olunan kriteriyalara əməl edən kimi dərhal reytinqin yuxarı mövqelərində yer alır. Mən M.Lubaça da demişəm, bu cür vəziyyət Azərbaycan universitetləri ilə də baş verə bilər. Onlardan hər hansı biri, əgər THE-nin metodologiyası üzrə qüvvədə olan kriteriyalara əməl edə bilsə, reytinqin daha yuxarı sıralarında yer ala bilər. Sadəcə, biz hələlik onları orada görmürük.

 

- Siz bəhs etdiyiniz məqamları bizim universitet nümayəndələri ilə müzakirə edirsinizmi?

 

Y.Yablokov: - Əlbəttə ki.  Elə seminarda iştirak edən Azərbaycan universitetlərinin təmsilçilərinə M.Lubaç THE reytinqinin metodologiyası barədə geniş məlumat verdi, eləcə də qlobal reytinqlərə daxil olmaq üçün THE-nin müəyyən etdiyi kriteriyalar barədə danışdı. M.Lubaç  seminarda onu da xüsusi vurğuladı ki, hazırda THE-nin metodologiyası olduqca şəffafdır. Bu metodologiya qurumun saytında yerləşdirilib. Biz Azərbaycan universitetləri ilə görüşlərimizdə daim bu metodologiyadan söhbət açırıq. Deməyim odur ki,  metodologiya ilə bağlı məsələlər heç kim üçün sirr deyil. 

Hər bir universitet hətta  müvafiq reytinq təqdim olunana qədər onunla tanış ola və öz imkanlarını qiymətləndirə bilər. Bundan ötrü onların sərəncamında kifayət qədər zəruri alətlər var. Məsələn, M.Lubaç bu gün seminarda bir slayt nümayiş etdirdi. Bu slaytda Azərbaycanın aparıcı ali təhsil müəssisəsi kimi  Bakı Dövlət Universitetinin publikasiya aktivliyi nümayiş olundu. Slaytda BDU alimlərinin  son 5 ildə dərc olunmuş elmi məqalələrinin ümumi sayı, tələb olunan planın (151 məqalə) yerinə yetirilmədiyi, publikasiya aktivliyinin stabil qaldığı  illər, eləcə də il ərzində 200 və daha artıq məqalənin çap olunması barədə informasiyalar var. Buna müvafiq olaraq,  biz artıq əvvəlcədən ehtimal edə bilərik ki, BDU reytinqə daxil olmağa çox yaxındır.  Çox yəqin ki, 1-2 ilə BDU tələb olunan kriteriyalara əməl edəcək və Azərbaycanın bu nüfuzlu reytinqə daxil olan ilk universiteti olacaq.

 

M.Lubaç: - Yeri gəlmişkən, onu da əlavə etmək istəyirəm ki, mövcud qlobal reytinqlər ən çox elmi-tədqiqat yönümlü universitetləri əhatə edir. Biz başa düşürük ki, bir çox universitetlər, xüsusən də inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrin ali məktəbləri üçün mövcud kriteriyalar (əvvəlcədən tədqiqatyönümlü universitetlər üçün müəyyənləşdirilmiş) reytinqə düşməkdə çətin ola bilər. Biz bunu Rusiyanın və digər qonşu ölkələrin timsalında görürük. Bunları yaxşı başa düşürük. Buna görə də  THE hazırda yeni bir reytinq hazırlamağa və dövriyyəyə buraxmağa qərar verib. Bu reytinq   “Times Higher Education Innovation and Impact Rankings” adlanır və daha çox ali məktəblərin innovativ fəaliyyətinə əsaslanacaq. Universitet davamlı inkişaf  baxımından BMT tərəfindən müəyyən edilmiş məqsəd və vəzifələrə nə dərəcədə hazırdır. Bu reytinqdə bir çox universitetlər üçün mühüm olan və yerinə yetirilməsi böyük çətinliklər yaradan publikasiya aktivliyi kimi tələb olmayacaq. İstənilən universitet bu reytinqdə iştirak etmək üçün öz məlumatlarını təqdim edə bilər. Beləliklə də hər hansı ali məktəb reytinqə daxil olmaq üçün zəruri publikasiya aktivliyi olmadan da özünü dünyanın nüfuzlu ali məktəbləri, deyək ki, Harvard və ya Oksford ilə müqayisə edə bilər.

 

- THE-nin Azərbaycan universitetləri ilə əməkdaşlığı barədə nə deyə bilərsiniz?

 

-  Azərbaycan universitetləri ilə əməkdaşlığın perspektivi var. Bugünkü seminar gedişində də Azərbaycan universitetləri tərəfindən böyük maraq gördük, ali məktəblərinizin THE ilə dialoqa və əməkdaşlığa maraq göstərdiyini müşahidə etdik. Bu, verilənlər bazalarından necə istifadə etmək, universitet brendinin formalaşması və inkişafı məsələlərinə aiddir. Sözügedən mövzular üzrə THE dünyanın bütün ölkələrinin universitetlərinə zəruri yardım göstərir. Seminarda azərbaycanlı həmkarlardan biri yaxınlaşaraq 2 il əvvəl keçirilmış analoji seminarda iştirak etdiyini  və təmsil etdiyi universitetdə THE-nin tövsiyələrinə əməl olunduğunu, hətta bir sıra metodoloji göstəricilərin ali məktəbin inkişafında tərəqqiyə nail olmasında mühüm rol oynadığını bildirib. Əlbəttə ki, bu cür şərhlər mənim üçün sevindiricidir, THE -nin dünyaca nüfuzlu ekspertləri də bu fikirlərdən məmnundurlar. THE öz brendini quran,  öz brendini regional və beynəlxalq miqyasda tanıtmağa çalışan Azərbaycan universitetləri ilə işləməkdən məmnundur.

 

Laçin İtalmazova: - Mən bir məqama da diqqət çəkmək istəyirəm. Seminar zamanı bir neçə Azərbaycan universitetinin nümayəndəsi ilə söhbətləşmək imkanımız oldu. Onlar qeyd etdilər ki,  təmsil etdikləri ali məktəblərdə həm bakalavr, həm də magistratura səviyyələrində ingilisdilli proqramlar tədris olunur. Bu isə Azərbaycan universitetlərinin digər ölkələrin universitetləri ilə inteqrasiyaya can atmasının bir göstəricisidir.

 

- Cənab Maykl Lubaça belə bir sualla da müraciət etmək istərdim. Siz gələcək universitet modelini  necə görürsünüz?

 

Maykl Lubaç:  - Gələcəyin universitetinin bir neçə cəhətini cızmaq olar. Birinci növbədə, gələcək universitetlər texnoloji sahələrdə və təlim prosesində isifadə olunmaq üçün çoxvariantlılıq təqdim edəcəklər. Bu texnologiyaların özləri də çox dəyişəcək.  Bu sahədə ciddi inkişaf olacaq və tədricən köhnəlmiş, klassik yanaşma əsasında təlimdən uzaqlaşmaq lazım gələcək.

 

Əzbərçilik, hər şeyi kitabdan öyrənmək aradan çıxacaq, daha çox praktikyönümlü tədris üstünlük təşkil edəcək. Bu modeldə universitet tələbələrinin bilik və səriştələrinin inkişafına üstünlük veriləcək. Gələcəyin universitetinin fərqləndirici xüsusiyyətlərindən biri bu olacaq ki,  universitetlər özlərinin elmi-tədqiqat yönümlü fəaliyyətlərinin modelini dəyişməli olacaqlar. Tədqiqatlar baş verən dəyişikliklər çərçivəsində cəmiyyətin tələb və sorğularına  adekvat olmalıdır.

 

Bu da müəyyən mənada yenə də praktikyönümlülük xarakteri daşıyır. Tədqiqatlar tədqiqat naminə deyil, məhz cəmiyyətin tələbatının ödənməsi naminə aparılmalıdır. Universitetin cəmiyyətin qarşısında duran problemlərin həllinə cəlb olunma səviyyəsi artırılmalıdır. Universitet təhsili əhalinin bütün təbəqələri üçün əlçatan, təhsil haqları daha universal olmalıdır.

 

Laçin İtalmazova: - Məhz cəmiyyətin maraqlarının təmin olunması məsələsi seminarda xüsusi qeyd olundu. Hazırda gənclər qarşısında geniş təhsil imkanları var. İndiki gənclik yalnız texnologiyalar əsasında qurulan təlimə üstünlük verir. İndi təlimin yalnız elektron formatda təqdim olunması onlar üçün əhəmiyyət daşıyır. Buna görə də universitetlər o səviyyədə olmalıdırlar ki, elektron vasitələrlə təhsil tələbələr üçün daha əlçatan olsun.  Buna görə də yeni universitet modeli texnologiyaları tədrisə gətirməlidir.

 

Oruc MUSTAFAYEV



16.11.2018 | 11:29