Tələbə ruhuna bürünmüş şəhər | |
İsveçin cənubunda yerləşən Lund şəhərinin ən böyük dəyəri onun universitetidir. Əsası orta əsrlərdə qoyulmuş ali məktəb dünyanın 100 ən yaxşı təhsil ocağı siyahısına daxildir.
Bəs siz Lund Universiteti barədə indiyədək eşitmişdiniz? Bu kiçik ali məktəb göstərdiyi nəticələrlə sübut edir ki, uğurun sirri böyük şəhərlərdə və dillər əzbəri olmaqda deyil. İsveçin əsrarəngiz təbiət mənzərələri arasında “gizlənmiş” bu şəhər universiteti sakit həyat tərzi və tam tələbə həyatı arzulayan gənclər üçün əsl cənnətdir!
Oxuyun ki, darıxmayın
Lundun əhalisinin 70%-i tələbələr və onlara dərs deyən professor heyətindən ibarətdir. Yerdə qalan 30%-in kimliyi barədə çox düşünməyə ehtiyac yoxdur: sakinlərin yerdə qalan qismi də bu və ya digər formada universitet həyatı ilə əlaqədar şəxslərdir. Lund əsl universitet şəhəridir! Əgər siz tələbə, yaxud müəllim deyilsinizsə, Lundda çətin yaşaya bilərsiniz: darıxdırıcı olacaq. Burada hətta pab və restoranlarda da söhbət dərslər, mühazirələr ətrafında cərəyan edir.
Lund nağılları xatırladır. Hətta əgər siz kitab oxumursunuzsa, yaxud onu hədiyyə etməyi sevmirsinizsə belə, yerli kitabxananın tarixi binası yanından sakit keçə bilməyəcəksiniz. Fastfud həvəskarı olmasanız da, yerli tələbə yeməyi - “falafel”in dadına baxmaq məcburiyyətində qalacaqsınız. Küçələr velosipedlərlə doludur. Universitetin müəllim heyəti velosipedləri avtomobillərdən çox istifadə edir. Yerli restoranlarda və kafelərdə tələbələrlə professorların eyni masa arxasında oturub kofe, hətta pivə içmələri adi haldır. Lund orta əsrlər şəhəri olsa da, olduqca müasir, dinamik və gəncdir.
“TUT.by” saytının yazdığına görə, belaruslu tələbə Olqa Rudak Lund Universitetində ikinci ildir magistratura təhsili alır. Vətənində ingilis və İsveç dillərini öyrənib, ali təhsilini Göteborq, Stokholm və Lund universitetlərində davam etdirmək şansı olub, təbii ki, sonuncunu seçib. Təhsilini “Visby” proqramının maliyyə dəstəyi hesabına davam etdirir. Proqramda yalnız “Şərq tərəfdaşlığı” ölkələrinin vətəndaşları iştirak edə bilərlər. Bunun üçün ingilis dilini bilməniz haqqında beynəlxalq statuslu sertifikat, diplomunuzun notariusda təsdiqlənmiş surəti və müşayiət məktubu lazımdır. Bu qədər sadə.
Olqa Lunda media və kommunikasiyaları öyrənməyə gəlib. Dediyinə görə, praktika dalınca gəlsə də, böyük həcmli nəzəriyyə yükünün “altında qalıb”. İsveçdə ali məktəb təhsili postsovet məkanındakından o qədər də fərqlənmir: nəzəriyyə ağırlıq təşkil edir.
Minimum məsafə
İsveç universitetlərində müəllim keçilən mövzunu çox saf-çürük etmir. Tələbənin necə hazırlaşmasının da onun üçün böyük əhəmiyyəti yoxdur. Burada hər şey motivasiya üzərində qurulub: Oxumaq istəyirsən? Əzbərlə və imtahandan keç! Həvəsin yoxdur? Sessiyanı çətin verəsən.
Tobias Linne universitet professorudur, Lundda 20 ildir dərs deyir. Tələbələr ona elə “Tobias” deyərək müraciət edirlər. Tobias veqandır, ət yemir, heyvanların hüquqlarını müdafiə edir. O, “Heyvanlar və onların hüquqları cəmiyyət, mədəniyyət və media prizmasından” müəllif kursunun yaradıcısıdır. Tələbələrlə dərslərin əksəriyyətini auditoriyadan kənarda keçir. “Mən onlarla birlikdə bara gedirəm. Kofe, hətta pivə də içirəm. Lund tələbə ruhuna bürünmüş şəhərdir. Onlarla olmasam, yığıncaqdan kənarda qalaram. Onda gərək şəhəri tərk edim. Ancaq bu o demək deyil ki, onlara imtahanlarda hörmət edəcəm. Tez-tez eşidirəm, haqqımda deyirlər ki, axı o, mülayim adam idi, indi ona nə olub? Dərsin öz yeri var. Düzdür, heç kimə güzəşt etmərəm, ancaq tələbəni quyunun dibinə salmaq da olmaz. Bir daha şans verirəm, izah edirəm” - deyə professor Linne söyləyir.
İsveçdə tələbəni qorxutmaq, aşağı qiymətlərlə həvəsdən salmaq alqışlanan təcrübə deyil. Hər tələbənin öz təbiəti var. Lundda təhsil alan yapon tələbələr ən çox həyəcan keçirənlərdir, qorxurlar ki, imtahandan kəsilərlər. Amerikalı tələbələr isə onların tam əksidirlər. Hər ölkədən gələn tələbənin öz “bekqraund”u (tarixçəsi) var. Ona görə də isveçli müəllimlər adətən ədalətli olmaqla yanaşı, qol-qanad sındırmağı da sevmir, tələbəyə yardım etməyə üstünlük verirlər. Tobias Linnenin geyim tərzi də tələbələrinkindən fərqlənmir: nə kostyum var, nə də qalstuk. Cins şalvar, krossovka, yüngül gödəkcə. Tobias tez-tez deməyi sevir: “Mən onlardan biriyəm, onların fövqündə deyiləm. Bu yanaşma aramızda etimad yaradır. Süni maneələr yaratmağa nə ehtiyac var?”
Depressiya ilə mübarizə
Belə bir stereotip var ki, xaricdə oxumaq üçün ən çətini daxil olmaqdır. Ancaq vətəndən uzaqda təhsil alanların çoxları razılaşar ki, ən mürəkkəbi yerli şəraitə, mühitə, ən əsası isə mentalitetə uyğunlaşmaqdır. Ən əsası mədəni adaptasiyadır. Olqa Rudak hesab edir ki, oxuyacağınız ölkəyə əvvəl turist səfəri etməyiniz daha yaxşı olar. İsveçlilərin mentaliteti spesifikdir. Onlar çox mədəni və siyasi korrektdirlər. Ancaq dərhal dostluğu sevmirlər. İsveçli ilə dost olmaq, ümumiyyətlə, müşkül məsələdir. Əgər sizi öz dairələrinə dəvət etdilərsə, deməli, olduqca möhkəm və etibarlı dostlar qazanmısınız.
Təbiət bir növ depressiya mənbəyi kimi çıxış edirdi. Sonra hökumət bəzi tədbirlərə əl atmalı oldu. Məsələn, alkoqollu içkilərin pərakəndə satışına məhdudiyyət qoyuldu. İndi supermarketlərdə yalnız zəif alkoqollu içkilər əldə etmək olar. Bir az “tünd” içkilər üçün xüsusiləşdirilmiş dükanlara müraciət etmək lazımdır. Bu qadağalar problemin aradan qaldırılmasına kömək etdi. Üstəlik, içkilərin qiyməti də çox yüksəkdir. Bu səbəbdən depressiyanı alkoqolla “müalicə” edənlərin sayı son on ilə xeyli azalıb.
İsveçlilər qaranlıq günlərdə evdə bizim üçün qeyri-adi gələ biləcək qədər çox elektrik enerjisindən istifadə edirlər. İsveçlinin evində eyni zamanda müxtəlif təyinatlı çil-çıraqların, gecə lampalarının, hətta paralel olaraq şamların yandığını görsəniz, təəccüblənməyin. Hamısı depressiyaya qalib gəlmək üçündür.
Ac ol, tələbə ol
Lundda xarici tələbənin aldığı təqaüd təqribən 900 avro təşkil edir. Bu vəsaitin əsas hissəsi yaşayışa gedir. Tələbə özünün yaşayış yerini iki yolla həll edə bilər: ya yataqxanada yaşamaq üçün müraciət etməlisən, ya da ev kirayələməlisən. Təbii ki, ikinci yol daha baha başa gəlir. Kampuslarda standart otaqlar hər mərtəbədə 15 nəfərlik mətbəxi nəzərdə tutur. Ancaq otaqların özlərinin qalan bütün rahatlıqları mövcuddur. Belə otaqlar tələbənin cibinə 300 avro “ziyan” vurur. Magistr və aspirantlar adətən “ailə” tipli otaqlar götürürlər: burada mətbəx də otaq daxilindədir. Belə yaşayışın qiyməti 400-500 avrodur.
Büdcəli tələbə Lundda qida problemini tələbə-kafeləri vasitəsilə həll etmək məcburiyyətindədir. İsveç masası prinsipi ilə naharın qiyməti 6-7 avro arasındadır. Yerli fastfud olan “falafel” olduqca dadlı və populyardır. Deyilənə görə, İsveç mətbəxi, ümumiyyətlə, dadlıdır. Bu baxımdan, Lundda tələbə ac qalmaz. Həm də tələbə həyatının ləzzəti belə kiçik məhdudiyyətlərdə deyilmi? Əsas odur ki, Lund Universitetini bitirən şəxs dünyada ilk “yüzlüy”ə daxil olan ali məktəbin diplomunu əldə edir. Bu isə o deməkdir ki, ən azı Avropada bütün qapılar üzünüzə açıqdır.
Rüstəm QARAXANLI |
|
16.11.2018 | 10:54 | |
|
|
|