BDU-da Türkiyənin Ankara Sosial Elmlər Universitetinin nümayəndələri ilə görüş | |
Bakı Dövlət Universitetində (BDU) Türkiyənin Ankara Sosial Elmlər Universitetinin nümayəndələri ilə görüş keçirilib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, rektor Elçin Babayev BDU-da sosiokəndlərin universitetlərdə tətbiqinə dair ikigünlük seminar keçirən Türkiyənin Ankara Sosial Elmlər Universitetinin Sosiokəndinin rəhbəri, professor Erdal Akdeve və professor Çetin Öndərlə müzakirələr aparıb.
Rektor qonaqlara ötən il BDU və Ankara Sosial Elmlər Universiteti arasında imzalanan anlaşma memorandumu və “Erasmus+ K171” mübadilə proqramından gözləntilərin böyük olduğunu bildirib. Memorandum çərçivəsində BDU və Ankara Sosial Elmlər Universiteti birgə sosial elmi-tədqiqat layihələri həyata keçirəcək. BDU nümayəndə heyəti Ankara Sosial Elmlər Universitetinin Sosiokəndini ziyarət edib, təcrübəsini öyrənib. Elçin Babayev bu baxımdan Ankara Sosial Elmlər Universitetinin əməkdaşlarının seminarını yüksək qiymətləndirib, eyni sistemin BDU-da tətbiqinin universitetin inkişafına böyük fayda verəcəyinə əminliyini bildirib. Rektor diqqətə çatdırıb ki, BDU-nun Sosial elmlər və psixologiya fakültəsi ölkədə bu sahədə kadr hazırlayan əsas baza hesab olunur. Həmçinin BDU-nun Türkiyədən olan tələbələrinin əksəriyyəti məhz psixologiya ixtisasına meyil göstərirlər.
Qonaqlar Ankara Sosial Elmlər Universitetinin Türkiyənin sosial elmlər üzrə ilk dövlət universiteti olduğunu deyib, sosial innovasiya fəaliyyətinin universitetlərin və cəmiyyətin inkişafına mühüm təsir göstərdiyini bildiriblər.
Görüşdə BDU-da sosial innovasiya fəaliyyətini inkişaf etdirməklə bağlı müzakirələr aparılıb.
|
|
03.07.2024 | 10:59 | |
|
|
|