Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış
Gəncə Dövlət Universitetində (GDU) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycana qayıdış” layihəsi çərçivəsində tədbir keçirilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə GDU-dan məlumat verilib. Bildirilib ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.
 
Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva çıxış edərək Azərbaycan torpaqlarında Ermənistanın uzun illər ərzində həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və deportasiya siyasəti barədə danışıb, Qərbi Azərbaycan İcması və Qayıdış Konsepsiyası haqqında söhbət açıb. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik bacarığı sayəsində 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki möhtəşəm qələbələri, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi və dövlətimizin başçısının Xankəndi və digər ərazilərimizdə Bayrağımızı ucaltması dövlətimizin gücünü və xalqımızın məğrurluğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Düşmən üzərindəki davamlı qələbələrimiz vaxtilə əzəli yurdlarından didərgin düşən Qərbi azərbaycanlıların doğma ellərinə qayıdışına inamını daha da artırır.
 
Tədbirdə Milli Məclisin deputatı, GDU-nun elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, deputat Müşfiq Cəfərov mövzu ilə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda yeni reallıqlar yaradan güclü dövlətdir. Müstəqil Azərbaycanın və onun qüdrətli liderinin mövqeyi sülhə, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanır. Hər kəsin öz əzəli torpaqlarında yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Məhz bu səbəbdən xalqımız əmindir ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Qərbi Azərbaycana qayıdış da reallaşacaqdır.
 
“Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri, layihə rəhbəri Çingiz Bayramov, layihə üzrə ekspert Günay Hacıyeva, Qərbi Azərbaycan İcmasının Gəncə şəhər nümayəndəliyinin müavini, GDU-nun əməkdaşı Arifə Əhmədli, GDU-nun tələbəsi Kənan Qurbanov, İctimai Birliyin üzvü Sabirə Balabəyli tarixə nəzər salaraq Ermənistanın Qərbi Azərbaycanda həyata keçirdiyi deportasiya siyasətindən və ermənilərin soydaşlarımıza qarşı törədikləri vandalizm aktlarından ətraflı bəhs ediblər.
 
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Cavanşir Məmmədovun Qərbi Azərbaycanın füsunkar təbiətinə həsr etdiyi əsərləri haqqında məlumat verilib. Daha sonra rəssama gənc nəslin vətənpərvər ruhda yetişməsində göstərdiyi xidmətlərinə görə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi tərəfindən fəxri fərman təqdim edilib.


03.07.2024 | 10:17