Vorvik Universitetində təşkil edilən Yay məktəbinə cəlb olunan tələbələr ilk dərslərinə başlayıblar
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə İngiltərənin Vorvik Universiteti arasıda "Bərpa olunan enerji mənbələri" üzrə magistratura səviyyəsində həyata keçirilən ikili diplom proqramı çərçivəsində İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində təşkil edilən Yay məktəbinə cəlb olunan 38 nəfər tələbə 2024-cü il iyunun 30-da İngiltərəyə yola düşüblər. 
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Bildirilib ki, tələbələr təhlükəsiz şəkildə İngiltərəyə çatıblar və onlar qalacaqları məkanda yerləşdirildikdən sonra iyulun 1-dən Yay məktəbi çərçivəsində tərtib edilmiş cədvəl üzrə ilk dərslərə start verilib. 
 
Yay məktəbinin keçirildiyi müddət ərzində tələbələrin təhlükəsiz səyahətinin təmin olunması və səfər zamanı onları müşayiət etmək, təlim-tədris prosesində iştirak etmək məqsədilə ADNSU-nun əməkdaşları - İkili Diplom Proqramının layihə rəhbəri vəzifəsini icra edən Rafiq Əliyev, Proqramın tədris işləri üzrə koordinatoru vəzifəsini icra edən Leyla Həsənova və neft-mexanika fakültəsinin müəllimi Mahmud İsmayılov tələbələrlə birlikdə İngiltərəyə ezam olunub. 35 gün davam edəcək Yay Məktəbi ərzində tələbələrə "WMG"-nin əcnəbi professor-müəllim heyəti tərəfindən "Energy Systems Integration" və "UK Renewable Energy Sector" modulları tədris olunacaq.
 
Həmçinin Yay məktəbi dövründə tələbələr Böyük Britaniyada günəş paneli tarlaları və külək turbinlərinin istismarı zonaları da daxil olmaqla aparıcı bərpa olunan enerji bölgələrinə, həmçinin sahə ilə əlaqəli şirkətlərə baş çəkməklə real sektordakı tendensiyalar barədə ən son məlumatları alacaq, yeni çağırışlar və perspektivlərlə bağlı daha əhatəli baxış bucağı əldə edəcəklər. Əlavə olaraq, Yay məktəbinin tədris planında tarixi abidələrin, eləcə də muzeylərin tələbələr tərəfindən ziyarət edilməsi və bu qəbildən olan müxtəlif mədəni fəaliyyətlər nəzərdə tutulub. Yay məktəbinin keçirildiyi müddət ərzində, həmçinin Vorvik Universitetində istər Dövlət Proqramı çərçivəsində, istərsə də öz hesabına təhsil alan azərbaycanlı tələbələrin icması ilə ikili diplom proqramı tələbələrinin görüşünün təşkil olunması da nəzərdə tutulub.


02.07.2024 | 15:38