Emin Əmrullayev “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransında iştirak edib | |
İyulun 1-də ADA Universiteti, Elm və Təhsil Nazirliyi, həmçinin Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, “Təhsildə bərabərliyə doğru: tədqiqat və təcrübəyə nəzər” devizi altında keçirilən konfransa alimlər, təhsil siyasətinin icrasında iştirak edən şəxslər, müstəqil tədqiqatçılar, təhsil işçiləri və tələbələr cəlb olunublar. Konfransa tədris və öyrənmə, liderlik və təhsil müəssisələri, qiymətləndirmə və dəyərləndirmə ilə bağlı tədqiqat işləri qəbul edilib.
İki gün keçiriləcək konfransın açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayıb. Nazir çıxışında ADA Universitetinin təşəbbüsünü dəstəkləyib və təhsil haqqında danışmağın və onu müzakirə etməyin hər zaman vacib, maraqlı olduğunu diqqətə çatdırıb. Elm və Təhsil Nazirliyi tərəfindən təhsil sahəsində həyata keçirilən islahatlara toxunan nazir onların uzunmüddətli dövrdə Azərbaycan təhsilinə töhfə verəcəyinə inamını ifadə edib.
Elm və Təhsil Nazirliyinin təhsil siyasəti ilə bağlı fikirlərini bölüşən Emin Əmrullayev sözügedən konfransın təhsil siyasətinin ən vacib məqsəd və vəzifələrini müzakirə etmək baxımından faydalı olduğunu vurğulayıb.
Təhsilin müxtəlif pillələri üzrə qarşıya qoyulan hədəflərdən də danışan nazir çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Daha sonra ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal konfransın dinamik, populyar platformaya çevrildiyini və bu tədbirdə təhsilimizin mühüm, qlobal məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb.
Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Təhsildə bərabərsizliyi aradan qaldırmağa yönəlik keçmişə və gələcəyə əsaslanan yanaşma” mövzusunda çıxış edib.
Daha sonra Vaterloo Universitetinin Riyaziyyat fakültəsinin riyaziyyat, biznes və mühasibat uçotu üzrə bakalavr proqramlarının direktoru İlham Axundov “Sabahın təhsilini formalaşdırmaq: bərabərlik, məlumat savadlılığı, koqnitiv yük və süni intellekt” mövzusunda danışıb.
Müxtəlif təhsil müəssisələrindən nümayəndələrin iştirakı ilə keçirilən panel müzakirələri də bir çox aktual mövzuları əhatə edib.
İlk olaraq, prorektor Vəfa Kazdalın moderatorluğu ilə “Tədrisin təşkilində müxtəlifliklər (kənd və şəhər, dövlət və özəl, tədris dili: Azərbaycan dili, rus dili, ingilis dili)” mövzusunda panel müzakirəsi keçirilib.
“Təhsilverənlərin şəhər və regionlar üzrə bölünməsi" mövzusuna həsr olunan ikinci panel müzakirəsi Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsini müdiri Vəfa Yaqublunun moderatorluğu ilə təşkil edilib.
Konfrans iyulun 2-də də öz işini davam etdirəcək.
|
|
01.07.2024 | 15:38 | |
|
|
|