"Seçimimdə yanılmadığım üçün məmnunam" - İkili diplom proqramının məzunu
 
Bu gün ölkəmizin bir neçə ali məktəblərində “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramları həyata keçirilir.
 
Adıçəkilən Dövlət Proqramına müvafiq olaraq əsas hədəf ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Belə ki, bu istiqamətdə xarici ölkələrin professor-müəllim heyətinin ölkəmizin ali təhsil müəssisələrində tədris prosesinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərə də yeni imkanlar açmaqdadır. İkili diplom proqramı, eyni zamanda təhsil idarəçiliyi sahəsində beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi və yüksək səviyyəli gənc mütəxəssislərin hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.Və artıq son bir neçə ildə Azərbaycan universitetləri ilə xarici universitetlər arasında ikili diplom proqramlarının icrası nəticəsində yüzlərlə potensiallı gəncə ölkəni tərk etmədən dövlət hesabına nüfuzlu universitetlərdə oxumaq imkanı yaradılıb.
 
Elə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Amerika Birləşmiş Ştatlarının nüfuzlu universitetlərindən olan Corc Vaşinqton Universiteti (CVU) arasındakı ikili diplom proqramı da onlarla gəncimizə ən gözəl təhsil imkanlarından faydalanmaq fürsəti verir. 
 
 
"Seçimimdə yanılmamışam".
 
Həmsöhbətimiz olan Vəfadar Rizvanlı ikili diplom magistr proqramının builki məzunlarındandır. “Azərbaycan müəllimi”nə danışan gəncimiz deyir ki, 2008-ci ildə Bakı şəhərindəki 48 nömrəli tam orta məktəbi bitirdikdən sonra 616 balla Azərbaycan Turizm İnstitutunun “Linqvistika” ixtisasına qəbul olunub. Təhsil aldığı müddətdə Azərbaycan-Avstriya turizm proqramı çərçivəsində İMC Krems Tətbiqi Elmlər İnstitutunun da bakalavr diplomunu əldə edib: “2022-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universitetinin ikili diplom magistr proqramında təhsilimə başladım. Artıq “Təhsil siyasəti və idarəetməsi” üzrə hər iki ali təhsil müəssisəsinin magistr diplomlarını əldə etdim”. 
 
Vəfadar deyir ki, bu proqrama müraciət etməzdən qabaq ölkəmizin ali təhsil müəssisələrinin bir neçəsi ilə əməkdaşlıq etdiyindən magistr təhsili almağın vacib olduğunu görürdü. İkili diplom proqramı ilə tanışlıqdan sonra düşünüb ki, belə bir tədrisin iştirakçısı olmaqla həm Azərbaycan Dövlət Pedaqoji Universiteti, həm də beynəlxalq reytinqlərdə ilk 100 universitet arasında yer alan Corc Vaşinqton Universitetinin məzunu olmaq təhsilin idarəolunması sahəsində müasir bilik və bacarıqlar əldə etmək baxımından onun üçün uyğun seçimdir: “İki il sonra bu proqramın məzunu kimi məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, seçimimdə yanılmamışam”.
 
Həmsöhbətimiz burada tədrisin mükəmməl təşkil edildiyini, bütün dərslərin olduqca maraqlı və magistlər üçün faydalılıq baxımından əhəmiyyətli olduğunu söyləyir. Belə ki, tədris prosesində həm ADPU, həm də CVU universitetlərinin müəllimlərinin iştirak etdiyini, CVU tərəfdən əcnəbi müəllimlərin ölkəmizə səfər edərək fənlərini əyani formada keçdiklərini qeyd edir. Proqram müddətində 10 fənn Corc Vaşinqton Universitetindən,10 fənn isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin akademik heyəti tərəfindən tədris olunub. Bundan əlavə, proqramı müvəffəqiyyətlə tamamlamaq üçün məcburi təcrübə proqramında iştirak və yekun layihənin (capstone) yazılması kimi tələblər də mövcuddur. Dərslər tamamilə interaktiv və tələbəyönümlü təhsilin tələblərinə uyğun formada həyata keçirilir. Bundan başqa bir çox fənlər üzrə sahə səfərləri təşkil olunur ki, bu zaman tələbələr təhsil müəssisələrinin rəhbər şəxsləri, təhsil sahəsində olan innovativ layihələr, habelə digər sahələrdə yaradılmış və tədris prosesinə töhfə verə biləcək yeniliklər barədə məlumat əldə edirlər.
 
 
İkili diplom proqramının üstünlükləri
 
Vəfadar qeyd edir ki, onun üçün ikili diplom proqramının üstünlüklərindən ən vacibi buradakı tədris prosesidir. İki nüfuzlu universitetin magistr diplomunu əldə etmək olduqca faydalı olsa da, tədris prosesi ərzində əldə olunan bilik və bacarıqlar, habelə qurulan əlaqələr və dostluqlar ikili diplom proqramını daha özəl edir.
 
Gəncimizin sözlərinə görə, ikili diplom proqramının digər vacib özəlliyi isə ödənişsiz təhsil imkanının mövcudluğudur. Düzdür, ikinci magistr təhsili olduğundan proqramda ödənişsiz təhsil ona şamil olunmasa da, bu, ilk magistr təhsili alan və xarici dil imtahanında kifayət qədər bal toplamış şəxslərin tam olaraq ödənişsiz formada təhsil alması üçün unikal bir şansdır. 
 
Hazırda, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsində böyük məsləhətçi vəzifəsində çalışan Vəfadar iş fəliyyətində onun üçün proqram nəticəsində əldə etdiyi bilik və bacarıqların olduqca faydalı olduğunu bildirir: “İkili diplom proqramında yalnız beynəlxalq təcrübənin öyrənilməsi deyil, onun ölkəmiz üçün uyğunlaşdırılması perspektivlərinin təhlili olduqca dəyərli təcrübə əldə etməyimizə imkan yaradır.
 
 
Fikirləşirəm ki, belə təcrübənin ölkə xaricində təhsil almaqla əldə edilməsi olduqca çətindir, çünki xarici ölkədə tədris zamanı Azərbaycan kontekstinin nəzərə alınması mümkün olmur. Bu proqramda isə beynəlxalq təcrübələrin öyrənilməsi və təhlilində ölkəmizin inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu səbəbdən inanıram ki, proqram məzunları arasından ölkə təhsilimizin inkişafına böyük töhfə verəcək şəxslər çıxacaqdır”.
 
Minnətdaram ki...
 
Vəfadar onun kimi neçə-neçə gəncə ölkəsindən çıxmadan dünyanın ən nüfuzlu ali məktəbində təhsil almasına imkan yaradılmasından olduqca məmnundur: “Mən ölkəmizin ali məktəblərində ikili diplom proqramının həyata keçirilməsini yüksək dəyərləndirirəm və ADPU tərəfdən proqrama olan xüsusi diqqəti gördüm. ADPU-nun rektoru professor Cəfər Cəfərov və ikili diplom proqramının layihə rəhbəri Tofiq Əhmədova, həmçinin proqramın icrasında iştirak edən digər şəxslərə bütün proqram məzunları adından dərin təşəkkürümü bildirirəm. Gənclər adından minnətdaram ki, bizə belə bir imkanlar yaradılıb”.
 
Samirə KƏRİMOVA


01.07.2024 | 11:13