UNEC “Məzun günü” keçirib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Məzun günü” keçirilib.
 
UNEC-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, “Bakı Kristal Zal”da keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Elmi şuranın üzvləri səhnəyə dəvət olunublar.
 
UNEC-in rektoru professor Ədalət Muradov builki “Məzun günü”ndə ilk dəfə olaraq Zaqatala filialının tələbələrinin də iştirak etdiyini diqqətə çatdıraraq bütün məzunları təbrik edib: “Bu gün siz böyük fərəh və iftixarla məzun olursunuz. Universitetdə qazandığınız bilik və bacarıqlarla Azərbaycanın iqtisadi inkişafına, parlaq gələcəyinə töhfə verəcəyinizdən əminəm. Bu əminlik Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətinə, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə daim diqqət və qayğısına əsaslanır. Bu yolda UNEC ailəsi olaraq daim sizi dəstəkləməyə davam edəcəyik”.
 
Rektor bu il UNEC-dən 3659-u bakalavr, 1605-i magistr olmaqla, 5264 tələbənin məzun olduğunu deyib. Onlardan 6 tələbənin 4 il əvvəl reallaşdırılmağa başlanılan Universitetdaxili İki Diplom proqramının ilk məzunları olduğunu diqqətə çatdırıb.
 
UNEC-in fəxri məzunu, kənd təsərrüfatı naziri Məcnun Məmmədov məzunları təbrik edərək, onları ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın ilk məzunları adlandırıb. İyirmi il öncə İqtisad Universitetindən məzun olduğunu deyən nazir tələbəlik dövrünü həyatın ən dəyərli günləri adlandırıb. Nazir gənclərə daim öz üzərilərində çalışmağı, peşəkarlıq səviyyələrini artırmağı və sevəcəkləri işlə məşğul olmağı tövsiyə edib. Ölkənin gələcək inkişafının məhz savadlı və bacarıqlı gənclərdən asılı olduğunu vurğulayıb.
 
Çıxışdan sonra rektor Ədalət Muradov UNEC-in fəxri məzunu olan Məcnun Məmmədova bütün qiymətlərinin “Əla” olduğu bakalavr diplomunun əlavəsini təqdim edib.
 
“Məzun günü”ndə UNEC-in Universitetdaxili İki Diplom proqramının ilk məzunları da səhnəyə dəvət olunublar. Proqramın 6 məzununa hədiyyələr təqdim edilib.
 
UNEC-i bakalavr səviyyəsi üzrə ən yüksək ortalama (99,33) ilə bitirən Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Sübhan Əlizadə çıxış edərək bu illər ərzində ona dəstək olan valideynlərinə, müəllimlərinə və tələbə yoldaşlarına təşəkkürünü bildirib.
 
Məzunların andiçmə mərasimindən sonra UNEC-in bayrağı III kursu ən yüksək ortalama ilə bitirən tələbəyə təqdim edilib.
 
“Məzun günü” ənənəvi “papaqatma” mərasimindən sonra musiqi proqramı ilə davam edərək məzunlara sevincli və coşqulu anlar yaşadıb.


29.06.2024 | 20:52