“Psixoloji diaqnostika və psixokorreksiya üsulları” təliminin bağlanış mərasimi keçirilib | |
İyunun 28-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Elm və Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsi və Psixologiya Elmi Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün təşkil olunan “Psixoloji diaqnostika və psixokorreksiya üsulları” təkmilləşmə və ixtisasartırma təliminin bağlanış mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə institutun sədri Elnur Rüstəmov, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, "Məktəblinin dostu" layihəsinin rəhbəri Gündüz Tapdıqov, məktəb psixoloqları və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov təhsildə psixoloji xidmətin təşkilinin psixi sağlamlığa, psixi rifaha təsirindən, dolayısı ilə bu işin peşəkar təşkilinin cəmiyyətin psixoloji sağlamlığı üçün əhəmiyyətindən danışıb. O bildirib ki, psixoloji diaqnostika, psixokorreksiya və psixoproflaktika məktəbdə psixoloji xidmətin təşkilində vacib istiqamətlərdir. Eyni zamanda E.Rüstəmov bu mövzunu əhatə edən “Təhsildə sosial-psixoloji xidmətin əsasları” adlı kitabın da nəşr olunduğunu qeyd edib.
Daha sonra elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev artıq üç ildir ki, bu təlimlərin Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə birgə keçirildiyini vurğulayıb. Rüstəm Ağayev qeyd edib ki, bu il nəinki Bakı, Sumqayıt, Abşeron rayonunun psixoloqları, eyni zamanda Lənkəran, Gəncə rayonlarından olan psixoloqlar da təlimlərə cəlb olunub.
Daha sonra “Psixoloji diaqnostika və psixokorreksiya üsulları” təkmilləşmə və ixtisasartırma təlimindən videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
|
|
29.06.2024 | 13:24 | |
|
|
|