Millət vəkili Musa Qasımlı: Dərs dediyi fənni bilməyən müəllimin məktəbdə nə işi var?! | |
“Kimin yaxşı, kimin pis dərs dediyini inzibati amirlik üsulları ilə müəyyənləşdirmək mümkün deyil. Ona görə də ən uyğun yol müəllimlərin sertifikatlaşdırılması, imtahan edilmələridir”.
Bunu millət vəkili Musa Qasımlı “Azərbaycan müəllimi”nə müsahibəsində deyib. M.Qasımlının fikrincə, təhsili inzibati yollarla sağlamlaşdırmaq mümkün deyil, çünki bu zaman subyektiv amillər ortaya çıxacaq.
"Müəllimlərin imtahan edilməsi isə qətiyyən onların nüfuzunun aşağı düşürülməsi kimi qiymətləndirilməməlidir. Təhsil millətin gələcəyidir. Ölkəmizin inkişafı, qüdrətli olması birbaşa təhsilimizin keyfiyyəti ilə bağlıdır. Təhsil sisteminin sağlamlaşdırılması bütün cəmiyyəti düşündürür və qarşıda dayanan ən vacib məsələlərdən biridir. Amma sual olunur: Təhsilimizi necə sağlamlaşdırmaq olar?”
M.Qasımlı bildirib ki, həm dövlət büdcəsi hesabına, həm də Heydər Əliyev Fondunun xətti ilə ölkəmizdə müasir məktəblər tikilib, avadanlıqlarla təchiz edilib. Bəs həmin məktəblərdə tədrisin keyfiyyəti hansı səviyyədədir?
"Bunu müəyyənləşdirməkdən ötrü müəllimlərin - təhsilverənlərin imtahan edilməsi çox vacibdir. Millətimizin taleyini bir neçə savadsız müəllimin ixtiyarına buraxa bilmərik. İmtahan verib sertifikat alan müəllimlər işini davam etdirəcək, maaşları artacaq. İmtahandan keçməyənlər günahı özlərində görməlidirlər. Heç nəyi ideallaşdırmaq istəmirəm. Ancaq serifikatlaşdırma şəffaflıqdır, təhsilin təmizlənməsidir. Ona görə də cəmiyyətimiz sertifikatlaşdırma prosesinə normal yanaşmalı, bu işi müdafiə etməlidir”.
Millət vəkili qeyd edib ki, təhsilin keyfiyyəti ilə bağlı digər məsələ isə direktor və direktor müavinləri ilə bağlıdır:
“Direktor və müavinləri öz işlərinə hakimdirlərsə, məktəbdə hər şey yerində olur. Amma bu sahədə də boşluqlar var. Mən prinsip olaraq sertifikatlaşdırma məsələsini müdafiə edirəm. Hesab edirəm ki, təhsil sistemimiz sağlamlaşdırılmalıdır”.
Millət vəkili deyib ki, ölkəmiz üçün ən böyük problemi Prezident İlham Əliyev həll edib:
“30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad olunub və həmin ərazilərə elmimiz, təhsilimiz qayıdır. Dərs dediyi fənni bilməyən müəllimin məktəbdə nə işi var?!”
M.Qasımlı açıqlamasında məktəb-valideyn münasibətlərinə də toxunub:
“Valideynlər övladlarını məktəbə göndərməklə kifayətlənməməli, övladlarının dərsləri ilə maraqlanmalı, məktəblə əlaqə saxlamalıdırlar. O zaman təhsilimizdə ağır problemlər yaranmaz. Sertifikatlaşdırma prosesini müsbət hesab edirəm və nəticələrini bir neçə il sonra görəcəyik. Təhsil bizim ümumi işimizdir, daim sağlamlaşdırılmasına çalışmalıyıq”.
Ruhiyyə DAŞSALAHLI
|
|
28.06.2024 | 17:08 | |
|
|
|