“Baku ID” innovasiya festivalının ikinci gününə start verilib
SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılmış, Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı davam edir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, “Bakı Kristal Zal”da təşkil olunan "Baku ID"-nin ikinci günü "İqtisadiyyatları transformasiya edən texnoparklar: innovasiya və startap artımına təkan verir" adlı panel sessiya ilə başlayıb.
 
Şərqi Avropada texnoloji innovasiyaları əhatə edən informasiya və analitik agentlik olan “East-West Digital News”un həmtəsisçisi, Fransa və Şərqi Avropada texnologiya və vençur kapitalı sektorlarında təxminən 20 illik təcrübəyə malik Adrien Henneyin moderatorluğu ilə keçən panel sessiyada investorlara, startaplara və digər təşkilatlara ətraflı məlumatlar verilib.
 
Panel sessiyada Elm və Təhsil Nazirliyinin "Yüksək Texnologiyalar Parkı” MMC-nin baş direktoru Nihat Məcidov, “Bilişim Vadisi”nin baş direktoru Ekram Tüzgen, Orta Şərq Teknik Universitetinin Teknokənd nümayəndəsi Serdar Alemdar, qazaxıstanlı nümayəndə İskendir Amirkhan, Ukraynanın "Phoenix Tech Fondu"nun əməkdaşı Dominique Piotet, "StrategEast"-in Qafqaz üzrə regional direktoru Lika Merabişvili texnoparklar, investisiyaların cəlb olunması, vençur fondlar barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, hazırda “Bilişim Vadisi” Türkiyə üzrə 600 şirkətlə əməkdaşlıq edir. Bakıda da filialı olan “Bilişim Vadisi” Azərbaycanda 20 şirkətlə əməkdaşlıq qurub.
 
Bildirilib ki, “Bilişim Vadisi” Bakı Mərkəzinin tələbələrin kibertəhlükəsizlik istiqamətində İnformatika və İnformasiya Təhlükəsizliyi Qabaqcıl Texnologiyalar üzrə Araşdırma Mərkəzində (BİLGEM) təlimə göndərilməsi, həmçinin müəllimlərin BİLGEM-in kibertəhlükəsizlik sahəsində tədqiqat təcrübəsindən faydalanması da prioritet məsələlərdəndir.
 
Qeyd edək ki, "Baku ID” tədbirində 200-dən çox yerli və xarici investor, 100-dən çox xarici və yerli startap, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş iştirak edir.
 
Bu gün "Baku ID" innovasiya festivalı çərçivəsində “Al-Farabi Innovation Hub” ilə SABAH.HUB və Yüksək Texnologiyalar Parkı arasında memorandumlar imzalanacaq.
 
“Baku ID”nin baş sponsorları Elm və Təhsil Nazirliyi, SOCAR, “PAŞA Holding”, ABB və “Mappable”, tərəfdaşlar isə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir (IDDA). AZƏRTAC tədbirin media tərəfdaşıdır.


28.06.2024 | 12:16