Qori Müəllimlər Seminariyasının ilk tələbələrindən biri | |
Azərbaycanın pedaqoji fikir tarixində elə işıqlı ziyalılar olmuşdur ki, onlar bütün mənalı ömürlərini öz xalqının təhsillənməsinə həsr etmişlər. Onlardan biri də Teymur bəy Bayraməlibəyovdur. O pedaqoji sahədə dəyərli bir müəllim kimi çalışmış, Azərbaycan maarifçiliyinin inkişafına töhfə vermiş, bir tarixçi-etnoqraf olaraq pedaqoji fikir tariximizi zənginləşdirən əsərlər yazmışdır.
Teymur bəy Bayraməlibəyov 1862-ci ildə Masallı rayonunun Yeddioymaq kəndində anadan olmuşdur. Bu görkəmli simanın həyat və fəaliyyətini tədqiq edərkən məlum olur ki, Bayraməlibəyovlar nəslinin kökü I Şah Abbas dövründə çox nüfuzlu və dövlətli ailələrə dayanır. Onlar Azərbaycan tarixində xüsusi yeri olan Şahsevənlər nəslinə mənsub olmuşlar. Bayraməlibəyovlar ailəsi 1918-ci ilə qədər Lənkəran Quberniyasında yaşamış və həmin ildən Bakıya köçmüşlər. Görkəmli maarifçi Teymur bəy Bayraməlibəyov 1929-cu ilə qədər yetişən nəslin təlimi, təhsili ilə bağlı fəaliyyətini Bakıda davam etdirməyi qərara almışdır. Ona görə o, 1929-cu ilədək Bakıda fəaliyyət göstərmişdir.
Teymur bəy Bayraməlibəyovun mənalı həyatı, yəni həm pedaqoq, həm publisistikanın görkəmli nümayəndəsi kimi, həm də ictimai-siyasi xadim olaraq bütün yaradıcılığını xalqın maariflənməsinə həsr etmişdir. Bayraməlibəyovun həyatını və yaradıcılığını tədqiq edənlər onu 2 dövrə ayırmışlar: birinci dövrü Teymur bəyin Gürcüstanın Qori şəhərindəki Müəllimlər Seminariyasını bitirdikdən sonra, yəni 1881-ci ildən 1918-ci ilədək həyata keçirdiyi pedaqoji fəaliyyətini, ikinci fəaliyyət dövrünü isə Bakı şəhərinə köçdükdən sonra 1918-1937-ci illəri əhatə edən fəaliyyət dövrləri kimi səciyyələndirirlər.
Teymur bəy Bayraməlibəyov ilk təhsilini mollaxanada almışdır. O, mollaxanadakı təhsil alanlardan qabiliyyəti və istedadı ilə fərqlənmişdir. Təhsil illərində fars və ərəb dillərinə mükəmməl yiyələnib. Teymur Məmməd bəy oğlu öz böyük qardaşının təklifi və qayğısı sayəsində Lənkəran Quberniyasında fəaliyyət göstərən ikisinifli rus məktəbində təhsil aldıqdan sonra Gürcüstanın Tbilisi şəhərində yenicə açılmış feldşerlik məktəbində təhsilini davam etlirmər üçün oraya göndərilir. Həmin illərdə Qori Müəllimlər Seminariyası fəaliyyətə başlayır. Feldşerlik təhsilini başa vuran Teymur Məmməd bəy oğlu sənədlərini həmin Seminariyanın Azərbaycan şöbəsinə verir və müsabiqədən keçərək daxil olur. Maraqlıdır ki, Qoridəki Müəllimlər Seminariyasına Teymur Məmməd bəy oğlundan savayı Şuşadan Səfərəli Vəlibəyov, Naxçıvandan isə Mirzə Xəlilov da ilk üçlükdə yer alırlar. Teymur bəy 1881-ci ildə Seminariyanı bitirdikdən sonra Lənkərandakı ikisinifli rus məktəbində çalışmağa başlayır. O, bu məktəbdə həm rus dili, həm də riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. Həmin illərdə azərbaycanlıların təhsilə gəlmələri çətin bir problem kimi özünü göstərirdi. Övladlarının təhsilə cəlb olunmasına maneçilik göstərən valideynlərlə iş aparan Teymur bəy kəndbəkənd gəzərək məktəbə şagird yığmaq üçün gecəsini gündüzə qatır. Onun səyi nəticəsində ikisinifli rus məktəbində azərbaycanlı şagirdlərin sayı 4 nəfərdən 6 nəfərə artır. Ciddi cəhdindən bir qədər sonra 36 nəfər olur. Teymur bəy Lənkərandakı ikisinifli rus məktəbində təhsil almaq üçün kifayət qədər şagirdləri cəlb edir. O, bu məktəbdə 1899-cu ilədək işləyir. Teymur bəy “Behcət” adlı təhsil müəssisəsini yaradır. Həmin məktəb 1907-ci ildən 1910-cu ilə qədər nümunəvi şəkildə fəaliyyət göstərir. Milli ruhda təhsili təşkil edən, Azərbaycan milli koloritinə uyğun olaraq fəaliyyət göstərən məktəb haqqında Çar hökümətinin rəhbərliyinə qərəzli donoslar göndərilir. Guya məktəb inqilabi ruhda fəaliyyət göstərirmiş. Çar hökümətinin ideyalarının əleyhinə təbliğat işinin aparılması bəhanəsiylə məktəbin qapanılmasına müyəssər olurlar. Bütün bunlar isə Teymur bəyi əsla ruhdan salmır. Bütün canı, qanı, mənəviyyat dünyası, maarifçilik ruhu ilə alışıb yanan Teymur bəy Bayraməlibəyov 1909-cu ildə “Ziya” adlı rus və Azərbaycan dillərində, rus-tatar məktəbini açır. Həmin məktəbin sorağı Dağıstanda yaşayan azərbaycanlılara da çatır. Bu məktəbə Dərbənd şəhərindən də şagirdlər təhsil almağa gəlirlər. Yerli hökumətin təkidi ilə Teymur bəy Bayraməlibəyov bu məktəbə müdir təyin edilir. Öz xüsusi qabiliyyəti, qeyri-adi istedadı, nümunəvi talantlılıq səviyyəsi ilə seçilən Teymur bəy Lənkəran Dumasının rəhbərliyinin də diqqətini cəlb edir. Çox keçmir ki, o, Dumaya üzv seçilir. Dumadakı üzvlüyündən istifadə edərək Lənkəranda dördsinifli məktəbin açılmasına da nail olur. Onun ciddi səyi nəticəsində həmin məktəb gimnaziyaya çevrilir.
XIX əsrin 80-cı illərindən başlayaraq 1916-ci ilədək Bakı şəhərində rus dilində çap olunan ”Kaspi” qəzetində də müasirlik mövzusunda məqalələrlə çıxış edir. Çox keçmədən qəzetin rəhbərliyi və Əhməd bəy Ağayev, Əlibəy Hüseynzadə və Həsən bəy Zərdabinin təklifi ilə Teymur bəy “Kaspi” qəzetinin Lənkəran bölgəsi üzrə müxbiri təyin edilir. Bu dövrdə publisistik yazıları ilə seçilən Teymur bəy öz sanballı məqalələrini Sankt-Peterburq, Moskva və Tiflis şəhərlərində fəaliyyət göstərən nüfuzlu jurnallara göndərir. Həmin nüfuzlu jurnallarda yazıları dərc olunan Teymur bəy Zaqafqaziya mühitində publisist kimi də şöhrət qazanır.
Sevinc Əliyeva “Masallının ilk Əməkdar müəllimi” kitabında yazır ki, Mirzə Nəzir müəllim bir neçə ictimai-iqtisadi-siyasi formasiya dövrünü görmüşdü. Mirzə Nəzir müəllim əvvəlcə Çar hökuməti dövründə yaşayıb işləmişdi. Yəni birinci Nikolayın vaxtında anadan olmuş, mollaxana təhsili görmüş, ikinci Nikolayın vaxtında mollaxana və mədrəsəni başa vurmuş və bir müddət mollaxanada çalışmışdır. Çar hökumətindən sonra o, Şərqdə ilk Respublika olan Azərbaycan Demokratik Respublikası dövründə ikisinifli, üçsinifli məktəblərdə müdir olmuş və dərs deyən mütərəqqi ruhlu müəllimlərdən olmuşdur. Onun Qori Müəllimlər Seminariyasının məzunu Teymur bəy Bayraməlibəyovla birlikdə Cənub bölgəsindəki ilk dünyəvi məktəblərdə (dərsi üsuli cədiddə) çalışmaları pedaqoji fikir tariximiz üçün çox dəyərli faktlardandır.
Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığı ilə bağlı belə faktların sayı çoxdur. Belə faktlar içərisində böyük maarifçinin qadınların təhsilə cəlb edilməsi ilə bağlı faktlar da yer alır. Belə ki o, 1917-ci ildə Lənkəranda ilk qızlar məktəbini açır. “UNAS” məktəbi adlandırılan bu məktəbdə Teymur bəy Bayraməlibəyov həm direktor, həm də fənn müəllimi kimi fəaliyyət göstərirdi. Lakin hələ də Çar hökumətinin ideyaları əsasında fəaliyyət göstərənlər müxtəlif bəhanələrlə Teymur bəy Bayraməlibəyovun bu mütərəqqi ruhlu işinə əngəl törədirlər. Teymur bəy Bayraməlibəyovun inqilabi ruhlu söhbətlər aparmasını bəhanə gətirən Çar-Üsul İdarəsinin rəhbərləri, yəni Muğan Radası adlanan qurum tərəfindən həbs edilir. Həbs edilərək Bakıya göndərilən Teymur Məmməd bəy oğlunun uğurlu işini qızı Məryəm xanım davam etdirir. O, görkəmli maarifçi Teymur bəy Bayraməlibəyovun ocağında dünyaya gəlmiş və ilk təhsilini xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qız məktəbində, yəni I rus-tatar qızlar məktəbində almışdır. Təhsilini burada tamamlayan Məryəm xanım 1911-ci ildə Müqəddəs Nina qızlar məktəbinə daxil olmuş və 1919-cu ildə 8 illik təhsilini bitirmişdir. Görkəmli maarifçi Teymur bəy Bayraməlibəyovun zəngin irsini müvəffəqiyyətlə davam etdirən Məryəm xanım Moskva şəhərindəki Tibb İnstitutuna daxil olur. Təhsilini bitirdikdən sonra Bakıya qayıdaraq Teymur bəy Bayraməlibəyovun şəxsi mülkündə yaşayır.
Teymur bəy Bayraməlibəyovun siyasi fəaliyyəti haqqında da qiymətli fikirlər mövcuddur. Onun haqqında yazılmış və arxiv sənədlərində qorunan materiallarda bu böyük şəxsiyyətin Məmməd Əmin Rəsulzadə ilə dostluğu haqqında da örnək fikirlər vardır. Həmin materiallardan birində qeyd edilir ki, Teymur bəy Bayraməlibəyovun maarifçiliyi və təşkilatçılıq qabiliyyətləri Məmməd Əmin Rəsulzadənin də diqqətini cəlb edir. M.Ə.Rəsulzadə Teymur bəylə əlaqə yaradır və nəhayət Lənkərana gələrək onunla görüşür. M.Ə.Rəsulzadə Lənkəranda Müsavat Partiyasının yerli şöbəsini yaradır və Teymur bəy Bayraməlibəyov həmin şöbəyə yekdilliklə sədr seçilir. M.Ə.Rəsulzadənin etimadını doğruldan Teymur bəy güclü və geniş tərkibli təşkilat yaratmağa nail olur. Məlum olduğu kimi, həmin illərdə Xalq Cümhuriyyətinin xarici işlər naziri kimi fəaliyyət göstərməyə başlayır. Sonra Bakıya gələrək burada öz pedaqoji fəaliyyətini davam etdirən Teymur bəy Bayraməlibəyov 67 saylı şəhər məktəbində müəllim işləməyə başlayır. O, müəllim işləyə-işləyə uzun illər ərzində topladığı folklor materiallarını saf-çürük edir və məqalələr şəklində dövri mətbuatda çap etdirir.
Teymur bəy Bayraməlibəyovun ən böyük xidmətlərindən biri də onun qadın azadlığı uğrunda mübarizəsi hesab olunur. O, Cəlil Məmmədquluzadə, Əliqulu Qəmküsar kimi qadınların təhsilə cəlb edilməsi, onların hüqüqlarının mühafizə olunması sahəsində dəyərli fəaliyyətləri ilə seçilən klassiklərimizdən sayılır. O, müsəlman qızlarının təhsilə cəlb edilməsi ilə bağlı bir sıra məqalələr yazır. Onların birində Teymur bəy Bayraməlibəyov yazır ki, müsəlman qızları təhsilə cəlb etmək məqsədilə 1913-cü ilin may ayında şəhər məktəblər idarəsinin direktoru C.Txorjevski ilə görüşüb ondan xahiş etdim ki, yeni dərs ilində - sentyabrın 1-də Lənkəranda müsəlman qızlar məktəbinin açılmasına icazə versin. Txorjevski qaldırılan məsələyə rəğbətlə yanaşaraq bu müraciətin həyata keçirilməsinə razılıq verdi. Hətta məktəbin açılışına kredit ayrılmasını yerli özünüidarə təşkilatına tapşırdı. Bu təşkilat şəhər məktəblər idarəsinin xərci hesabına məktəb üçün hər cür şəraiti olan münasib evin ayrılmasına qərar verdi. Lakin qərar Qafqaz Təhsil Dairəsinin başçısı Rudolf ilə Txorjevski arasında narazılığa səbəb oldu və Txorjevski istefa vermək məcburiyyətində qaldı. Onun yerinə Radeski təyin olundu və o, Şəhər özünüidarə təşkilatından xahiş edir ki, ilk öncə məktəb şəbəkəsinin smetasını tərtib etsin, sonra isə məktəbin tikinti quruculuq işlərinə başlasın.
Əlbəttə ki, Teymur bəy Bayraməlibəyovun gördüyü işlər içərisində müsəlman qadınlarının hüquqsuzluğuna qarşı həyata keçirdiyi mübarizəni özündə ehtiva edən tədbirləri barədə xüsusi danışmaq lazım gəlir. Onun bu konteksdə yazdığı “Müsəlman qadınlarının ailədə vəziyyəti” adlı məqaləsindəki “Çoxəsrlik tarixə malik olan qadın əsarətinin əsasını onların elm və maarifdən təcrid olunmasında axtarmaq lazımdır. Qadın ailənin ev-məişət işlərini idarə etməklə yanaşı, uşaqların ilk tərbiyəçisi, savadsızlıq və avamlıq isə bu istiqamətdəki tərəqqinin düşmənidir” kimi sözləri fikrimizi daha aydın şəkildə ifadə etmiş olur.
Görkəmli pedaqoq, maarifçi, tarixçi-etnoqraf olan Teymur bəy Bayraməlibəyovun “Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondu”nda saxlanılan əlyazmalarına, bədii və elmi yaradıcılıq nümunələrinə aid olan əsərləri ilə bağlı elmi-tədqiqat materialları hazırlanacaqdır. Güman edirik ki, bu görkəmli mütəfəkkirin milli folklorumuzun inkişafı ilə bağlı xidmətləri də işıqlandırılacaqdır.
Fərahim SADIQOV, Bakı Elm-Təhsil Mərkəzinin direktoru, pedaqogika elmləri doktoru, professor
|
|
28.06.2024 | 11:09 | |
|
|
|