Vətən müharibəsi qəhrəmanı sertifikatlaşdırmanın da qəhrəmanı oldu | |
Gəncə şəhər İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Təbriz Nurəddinli iyunun 21-də keçirilən sertifikatlaşdırma imtahanında 59 bal toplayaraq ən yüksək nəticə göstərənlərdən biri olub. Bu onun ilk uğuru deyil. 2015-ci ildən bəri müəllim işləyən T.Nurəddinli 2017-ci ildə diaqnostik qiymətləndirmədə 57 bal toplayıb.
Girdiyi bütün sınaqlardan üzüağ çıxan müəllim deyir, hər imtahanda ixtisası üzrə 100 faiz nəticəyə nail olub. Amma onun üçün daha böyük uğur da var: “Hər il onlarla şagirdim tələbə adını qazanır, böyük uğurlara imza atırlar”.
Ona görə də, qazandığı bu uğur onun üçün təəccüblü olmayıb: “Hər şagirdimin şəxsiyyət kimi formalaşıb ölkə üçün faydalı bir fərdə çevrildiyini eyni həyəcanla izləyirəm. Hər halda bu həyəcan məni müəllim kimi daim öz üzərimdə işləməyə məcbur edir. Hər gün şagirdlərimə daha faydalı olmaq istəyi ilə hazırlaşdığım üçün sertifikatlaşdırma imtahanında da uğur qazandım”.
Təbriz Nurəddinli Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbdə həyata, Gəncə Dövlət Universitetində müəllimliyə hazırlanıb. 2009-2013-cü illərdə “Riyaziyyat müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alan Təbriz Nurəddinli sonra vətənə olan borcunu ödəyib. Döyüş bölgəsində xidmət edib. Hərbi xidmətdən qayıdandan sonra elə Gəncə Dövlət Universitetində “Riyazi analiz” ixtisası üzrə magistr təhsili alıb. Müəllimliyə də həmin illərdə başlayıb. 2015-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanaraq Gəncədəki Xocalı məktəbinin müəllimi olub. 2017-ci ildə müəllimlərin diaqnostik qiymətləndirməsinə qatılaraq 57 bal toplayıb və bu nəticə ilə müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak edib. Bu dəfə çalışmaq üçün Gəncə şəhər 3 nömrəli tam orta məktəbi seçib.
Təbriz müəllim “Azərbaycan müəllimi”nin oxucularına elə o vaxtdan tanışdır. Dövlət ümumi təhsil müəssisələrinin yaxşı müəllimlərindən biri kimi hələ 2019-cu ildə təqdim etmişdik onu. Qəzetimizə müsahibəsində Xocalı məktəbindən Gəncə şəhərindəki 3 nömrəli tam orta məktəbə yerdəyişməsini daha böyük məktəbdə işləməklə daha faydalı olacağı ilə izah etmişdi. Görünür, hələ bu düşüncədədir ki, artıq 27 nömrəli məktəb-liseyin müəllimidir.
Bu illər ərzində nüfuzu daha da artan Təbriz müəllim həm də bir qəhrəman, Vətən müharibəsi iştirakçısıdır. O, sadəcə məktəbdə yox, elə döyüşlərdə də fərqlənib. Vətən müharibəsində könüllü iştirak edən Təbriz müəllim ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Həm sertifikatlaşdırma prosesinin, həm Vətən müharibəsinin qəhrəmanı T.Nurəddinlinin məktəbdə uğurları davam edir. Ona və bütün QƏHRƏMAN müəllimlərimizə “MÜƏLLİMLİK” adlanan böyük mübarizə meydanında uğurlar arzulayırıq.
Ruhiyyə DAŞSALAHLI
|
|
28.06.2024 | 10:24 | |
|
|
|