Altı rayon üzrə “Açıq dərs”lər | |
Paytaxtın 6 rayonu üzrə məktəblərdə keçirilən “Açıq dərs”lər başa çatıb.
Səbail, Yasamal, Nizami, Nəsimi, Xətai və Xəzər rayonları üzrə ümumi təhsil müəssisələrində təşkil olunan “Açıq dərs”lərdə Təlimə Dəstək Mərkəzinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib.
“Açıq dərs”lər V-XI siniflərdə humanitar, texniki, təbiət və əlavə fənn blokları üzrə təşkil olunub.
Dərslərdə müəllimin müxtəlif innovativ üsul və vasitələrdən çevik, məqsədyönlü istifadəsi və şagirdlərin dərsin bütün mərhələlərində fəal iştirakı təmin edilib.
Belə ki, məktəblilər maraqlı təqdimatlarla çıxış edərək bilik və bacarıqlarını nümayiş etdiriblər. Müəllimlər tərəfindən motivasiya və tədris materialları şagirdlərin hazırlıq səviyyəsinə uyğunlaşdırılıb.
Dərslərin dinlənilməsi başa çatdıqdan sonra təhlil və müzakirələr aparılıb.
Qeyd edək ki, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil edilən “Açıq dərs”lərin əsas məqsədi tədris prosesində öyrətmə və öyrənmə mühitinin səmərəli təşkili yolları, təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübəsini digər həmkarları ilə bölüşməsi, şagirdlərin tədqiqatçılıq bacarığının üzə çıxarılması və müasir təlim texnologiyalarının tətbiqi istiqamətində ənənənin formalaşdırılmasından ibarətdir. Təcrübə mübadiləsi, fənlərin tədris səviyyəsinin nümayiş etdirilməsi, dərsin planlaşdırılması, qiymətləndirilməsi və bu istiqamətdə müzakirələrin aparılması da əsas komponentlərdəndir.
Növbəti rayonlar üzrə “Açıq dərs”lərin keçirilməsi aprel ayınadək davam edəcək. |
|
13.03.2018 | 16:22 | |
|
|
|