BDU-da elektromaqnit sahəsinə qarşı qoruyucu örtüklərin hazırlanması üçün nanokompozitlər sintez edilir | |
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının və Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Flora Hacıyeva və Həbibə Şirinovanın həmmüəllifi olduqlarıu “PP+Fe3O4+çoxlaylı karbon nanoboruları nano-hibrid əsaslı polimer nanokompozitin strukturu, elektrik və maqnetorezistiv xüsusiyyətləri” (“Structural, electrical and magnetoresistance feature of PP+Fe3O4+multi-walled carbon nanotubes nano-hybrid based polymer nanocomposite”) adlı məqalə “Web of Science” bazasında Q2 kvartillı jurnallar siyahısına daxil olan “The Journal of Thermoplastic Composite Materials” (IF: 3.6) jurnalında dərc olunub.
Bu barədə BDU-dan "Azərbaycan müəllimi"nə xəbər verilib.
BDU əməkdaşları tərəfindən termoplastik polipropilen, Fe3O4 nanohissəcikləri və çoxlaylı karbon nanoboruları (ÇKNB) əsasında yeni hibrid polimer nanokompozit materiallar sintez edilib, quruluşu və xassələri araşdırılıb. Müəyyən edilib ki, ÇKNB-nin polimer matrisdə istiqamətlənməsi hesabına nanokompozitdə nizamlı quruluş formalaşır və bu da öz növbəsində nanokompozitdə fazalararası polyarlaşmanın rolunu artıraraq, dielektrik nüfuzluğunun artmasına səbəb olur. Həmçinin PP+ÇKNB+Fe3O4 sistemində mənfi maqnit müqaviməti effekti tədqiq edilib və otaq temperaturunda bu effektin nanokompozitdə müşahidə olunması Fe3O4 nanohissəciklərinin spin polyarlaşması ilə əlaqələndirilib.
Qeyd edək ki, PP+ÇKNB+Fe3O4 tipli nanokompozitlərin alınma texnologiyasının işlənilərək optimallaşdırılması və xassələrinin tədqiqi belə materialların maqnit sahə sensorları və elektromaqnit sahəsinə qarşı qoruyucu örtüklərin hazırlanması baxımından böyük əhəmiyyət daşıyır.
|
|
27.06.2024 | 13:02 | |
|
|
|