İnsanlıq tarixində ilk dəfə kosmik aparat Ayın qaranlıq tərəfindən süxur nümunələri toplayaraq planetimizə gətirib
Çinin “Çanye-6” Ay zondu insanlıq tarixində ilk dəfə Yerin yeganə peyki olan Ayın əks tərəfində toplanmış torpaq nümunələrini Yerə çatdırıb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat yayıb. Məlumatda qeyd olunub ki, ekspedisiya 53 gün davam edib. Bu tarixi ekspedisiya mayın 3-də “Çançjen 5” daşıyıcı raketinin “Çanye-6” kosmik aparatı ilə Aya doğru buraxılması ilə başlayıb. Aparat Çin mifologiyasının ən məşhur simalarından biri hesab edilən Ay ilahəsinin adını daşıyır.
 
İyunun 2-dən 3-dək zond torpaq nümunələrini toplayıb və iyunun 4-də Ayın qaranlıq tərəfindən havaya qalxaraq tezliklə onun planlaşdırılmış orbitinə çıxıb. İyunun 25-də o, Çinin şimalındakı Daxili Monqolustan adlı ərazisinə eniş edib. Ümumilikdə 2 kq torpaq nümunəsi yığdıqdan sonra aparat Ayın orbitindəki kosmik aparata çatdırılıb və daha sonra Yer kürəsinə geri qaytarılıb.
 
Qeyd edək ki, bu, Yer aparatının bu il Aya üçüncü enişidir. Yanvarda Yaponiyanın SLIM zondu, fevral ayında isə ABŞ-nin “Intuitive Machines” şirkətinin cihazı oraya enib.
 
Ay torpağının tədqiqi alimlərə onun özünün və bütün Günəş sisteminin yaranma tarixini daha yaxşı başa düşməyə kömək edəcək.
 
Çin 2030-cu ilə qədər Aya insanlı missiya göndərməyə ümid edir. Çinin Ay proqramında tərəfdaşı Rusiyadır. ABŞ isə daha tez, “Artemis” proqramı ilə 2026-cı ildə və ya bir qədər sonra Aya astronavt göndərməyi planlaşdırır.


26.06.2024 | 09:14