Xalq artisti Nurəddin Mehdixanlı: “Mənim müəllimim hər zaman yüksəkdə olmalıdır” - MÜSAHİBƏ
O, teatr tamaşalarında, kinolarda müxtəlif obrazları ilə hər zaman yadda qalıb, gözəl diksiyası, danışıq tərzi, yüksək səhnə mədəniyyəti ilə seçilir. “Azərbaycan müəllimi” qəzetinin “Mənim məktəbim” rubrikasının növbəti qonağı oynadığı hər bir rolu ilə ürəklərə nüfuz edən, tanınmış teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli  Nurəddin Mehdixanlıdır. 
 
Mən ədəbiyyatın, sözün hakim olduğu mühitdə böyümüşəm.
 
- Nurəddin müəllim, xalqımızın sevilən aktyorusunuz. Uşaq və yeniyetmələrin istedadlarının üzə çıxarılmasında məktəbin, müəllimin rolu hər zaman xüsusi qeyd olunur. Siz necə fikirləşirsiniz, bu gün tanınmış aktyor olmağınızda məktəbin, aldığınız təhsilin nə dərəcədə rolu olub? 
- Bilirsiniz, mən genetik ötürməyə inanan insanam. Ona görə də o fikirdəyəm ki, hər bir uşaq doğulduğu ailənin məhsuludur. Hansı ailədə doğulmusan, hansı mühitdə böyümüsən və sənin valideynlərin, əhatən kimdir. Bax, bu məsələlər önəmlidir. Düşünürəm ki, bunlardan çox şey asılıdır. Bu işin bir tərəfidir. İşin ikinci tərəfi, bizim uşaqlarımız dünyaya gəlir və ilk olaraq onların sağlam qidalanmasının qeydinə qalırıq. Amma mənə belə gəlir ki, biz övladlarımızı sağlam qidalandırmaqla yanaşı, həm də ruhunun nə ilə qidalanmasının fərqində olmalıyıq. Onların böyüdüyü mühit, ailə şəraiti necədir. Bütün bunlar uşaqların psixologiyasına, iç dünyasına ciddi şəkildə təsir edir. Başqa bir tərəfdən, mənə belə gəlir ki, biz uşaqlarımızın bacarıq və keyfiyyətlərini erkən dövrlərdən müəyyən etmək üçün mütləq şəkildə əvvəlcə onların təhsillərinin məhz ana dilində olmasına çalışmalıyıq. Çünki artıq elm də sübut edir ki, milli genetik kodun ötürülməsi dil vasitəsilədir. Uşaqlar 10 yaşına qədər bu genetik ötürməni daha rahat qəbul edə bilirlər. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Mənim Azərbaycan dilim zəngindir, onun tarixi kökləri var. Və hər zaman vaxtilə orta təhsil aldığım Cəlilabad rayon Cəngan kənd tam orta məktəbində mənə ana dilimi sevdirən müəllimlərimin, eləcə də ailəmin əməyini yüksək qiymətləndirirəm. Məktəbim, ailəm mənə ana dilimi sevdirib, müəllimlərim bu dildə fikirlərimi səlis çatdırmağı öyrədib, düzgün düşüncə tərzi formalaşdırıb. 
 
Mən bir kənd uşağıyam, Cəlilabad rayonun Tahirli kəndində doğulmuşam. Biz Afşarlarıq, tarixi soy-kökümüz var. Ulu babalarım Cənubi Azərbaycandandırlar. Təhsilimi qeyd etdiyim kimi qonşu kənddə - Cəngan kənd tam orta məktəbində almışam. Adları çəkilən bu iki kənddə cəmi iki yerdə kitabxana  - biri mənim ədəbiyyat müəllimimin, digəri isə bizim evimizdə var idi. Hər həftənin şənbə günü evimizdə oxu günü olardı. Biz çoxuşaqlı ailə idik. Bir dəfə qardaşım, digər həftə bacım ,növbəti dəfə digər qardaşım və sonra mən oxuduğumuz  kitablardan danışar, ailəlikcə fikir mübadiləsi aparardıq. 
 
 
Atam müharibə iştirakçısı idi, çox gözəl danışıq və nitq qabiliyyəti ilə seçilirdi. Və nitqimizin səlisliyinə, tələffüzümüzə, danışığımızda ən xırda detallara qədər ciddi fikir verirdi. Bizi torpağımıza bağlı, vətənpərvər böyüdürdü. Anam isə o dönəmlərdə  bizim bölgədə, eləcə də ətraf kəndlərdə savadsızlığın ləğvi üçün açılan kurslarda bir müddət müəllim kimi çalışıb. Sonradan artıq iş fəaliyyətini dayandıraraq, bütün ömrünü uşaqlarına, ailəsinə həsr edib. Gördüyünüz kimi mən ədəbiyyatın, sözün hakim olduğu mühitdə böyümüşəm. Kənddə oxuduğum məktəbdə müəllimlərimizin sözləri, fikirləri bizim üçün əsas idi. Biz daha çox müəllimlərimizdən çəkinərdik. O zamanlar uşaq olsaq da anlayırdıq ki, müəllimlərin bizə öyrətdiklərini, bildiklərini və söylədiklərini evdə demirlər. Bunlar ancaq məktəbdə deyilir. Bizim üçün məktəb mühiti, məktəb ortamı, bütövlükdə, təlim-tədris prosesi olduqca maraqlı idi.
 
- Bu gün müəllimlərinizi yada saldıqca nələr gözünüzün önündə canlanır?
- Orta məktəbdə müəllimlərimiz bizə ad günləri, müxtəlif  bayramlar keçirirdilər. Öz vəsaitləri hesabına bizi gəzintilərə aparır, övladları kimi əzizləyirdilər. Müəllim-şagird münasibətlərimiz ən gözəl şəkildə qurulmuşdu. Bizim zamanımızda müəllimlər cəmiyyətin ən təmin olunmuş təbəqəsi idi. Ən səliqəli və zövqlə geyinənlər də məhz müəllimlər idi. Kişi müəllimlərimiz kostyum geyinər, qalstuk taxardılar, onların bu tərzi bütün rayon, kənd üçün nümunə idi. Cəngan kənd tam orta məktəbində demək olar ki, ölkəmizin hər bölgəsindən müəllimlər dərs deyirdi. Və biz onların söhbətləri əsasında həmin bölgələri yaxından tanıyır və tarixi ilə tanış olurduq. 
 
Ən ucqar dağ kəndlərinin məktəblərində belə ədəbi dram dərnəklər var idi.
 
- Sizin istedadlı şəxs kimi formalaşmağınızda müəllimlərinizdən kimlərin xüsusi rolu olub?
- Bilirsiniz, bizim dövrümüzdə ən ucqar dağ kəndlərinin məktəblərində belə ədəbi dram dərnəkləri var idi. Və bu ədəbi-dram dərnəklərində şagirdlərlə əsasən ədəbiyyat və tarix müəllimləri məşğul olurdu. Həmin dərnəklərdə məqsəd tədris prosesi zamanı həyatını və yaradıcılığını keçdiyimiz yazıçı və şairlərin əsərlərini oxuyub, geniş müzakirələr, fikir mübadilələri aparmaq, əsərlərinə yazılmış tamaşalarda aktyor kimi iştirak etmək, müxtəlif ədəbi-bədii kompozisiyalar hazırlamaq idi. Bu bizə nə verirdi? Birinci növbədə nitq qabiliyyətimizi formalaşdırırdı, fikirlərimizi daha səlis ifadə etməyimizə, özümüzü düzgün, doğru təqdim etməyimizə, təhlil qabiliyyətimizin, eyni zamanda bədii-estetik zövqümüzün formalaşmasında mühüm rol oynayırdı. Yəni, mən məktəbdə həmin o tədbirlərdə Bıdı rolundan başlayıb, sonradan 9-10-cu siniflərdə “Ac həriflər”də kababçı Həsəni, “Ölülər”də Kefli İsgəndəri, “Od gəlini”ndə Elxanı oynamışam. Və bizim tamaşalarımıza rayonumuzun səlahiyyətli nümayəndələri, rayon təhsil şöbəsindən məsul şəxslər baxmağa gəlirdilər. Bütün bunlar bizim həm sinifdəki uşaqların bir-birilərinə daha səmimi yanaşmalarına, ünsiyyətin formalaşmasına, eyni zamanda məktəbdə sağlam atmosferin yaranmasına şərait yaradırdı. Və həmin ədəbi dərnəklərdəki aktiv fəaliyyətimiz sonradan bizim təhsil üzrə aldığımız qiymətlərə də müsbət mənada təsir edirdi. Məsələn, yadımdadır mənə 10-cu sinifdə oxuyarkən M.Füzulinin “Leyli və Məcnun” poemasını əzbərləmək tapşırılmışdı. Və deyilmişdi ki, poemanı mükəmməl şəkildə söyləsən, imtahandan qiymət alacaqsan. Mən də həmin poemanı rayon təhsil şöbəsinin nümayəndələrinin qarşısında söylədim və ədəbiyyat imtahanında sorğu-sual edilmədən ən yüksək qiyməti aldım. 
 
Bizim məktəbdə ən yaxşı şagird ən çox kitab oxuyan sayılırdı. Bu, təhsil ocağımızın bir ənənəsi idi. Hər ayın əvvəlində kitab müsabiqəsi elan olunurdu. Ən çox kitab oxuyan uşaq ayın axırında hamının qarşısında mütaliə etdiyi kitablar haqqında məlumat verir və eyni zamanda müəllimlər tərəfindən sorğu-sual edilirdi. Mükafat olaraq sonda həmin şagirdə kitab hədiyyə olunurdu. Onun üçün bütün məktəbin şagirdləri özlərini daha çox kitab oxumağa səfərbər edirdi. Biz kənd kitabxanasındakı bütün kitabları oxuyub qurtarmışdıq, evdə də oxunmamış kitab qalmamışdı, artıq rayondan gətizdirirdik. Sonradan bütün kitabları oxuduğumuza görə Bakıdan kitab sifarişi etməyə başladıq. Yəni deməyim odur ki, bizim məktəb illərimiz həm dərs kitablarını oxuyub öyrənməklə, həm də mütaliə ilə keçib. Bunu müəllimlərimiz bizə təşviq edirdilər. Düşünürəm ki, hər bir şagirdin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rolu var.
 
Fənn müəllimlərimiz güclü biliyə sahib, sənətlərinin peşəkarları idi. Mənim ən çox sevdiyim fənlər tarix, ədəbiyyat və kimya olsa da, digər bütün fənləri də yaxşı oxumuşam. Fənlər arasında heç bir fərq qoymurduq. Yetərli idi ki, dərs kitablarını əlimizə götürək. Mən orta məktəbi fərqlənmə attestatı ilə qurtarmışam. Bircə rus dilindən “4” qiymət ona görə yazdılar ki, o zaman kənd orta məktəbin uşağının rus dilindən “5” alması inanılan deyildi.
 
Amma neçə illərdir ki, həmin “kənd uşağı” rus dilindən əsər, pyes tərcümə edir. Hərbi xidmətimi Rusiyada keçirən bir azərbaycanlı olaraq Kalininqrad şəhər teatrında rus dilində müxtəlif tamaşalarda oynamışam. Bunu mən orta məktəbdə müəllimlərim tərəfindən verilən yüksək təhsilin nəticəsi hesab edirəm. İstər ailəmizdə, istərsə də məktəbdə təməlimin düzgün qoyulması idi. Bəli, bizdən ancaq yaxşı oxumaq və məsuliyyətli olmaq tələb olunurdu. Hər gün atam gündəliyimizə nəzarət ediridi, “4” qiymət görəndə səbəbini mütləq soruşardı. Xaraktercə sərt insan olsa da, yaxşı oxuyan uşağı gözünün nuru idi. Evimizdə ən gözəl hədiyyə yaxşı oxuyan uşağa verilirdi. 
   
Son illər bəzi insanların məktəbə, müəllimə olan birtərəfli münasibəti mənə pis təsir edir.
 
- Nurəddin müəllim, məktəb illərinizdən heyranlıqla söz açırsınız, hətta danışdıqca kövrəldiyinizi müşahidə edirik. Sizin müəllimə olan sevginizi, ehtiramınızı görmək olduqca xoşdur... 
- Bilirsiniz, məktəb, müəllim mövzusu mənə hər zaman doğmadır və keçmişimin ən gözəl çağlarını xatırladan, bəzən də kövrəkləşdirən anlarımdır. Bizim məktəb dönəmimizdə maraqlı təşəbbüslər var idi. Məllimlərimiz valideynlərlə söhbət etməyə, şagirdlərin sosial durumu, şəraiti ilə tanış olmaq üçün onların evlərinə gedirdilər. Pedaqoqlarımız evlərdə çox mehribanlıqla və ən əziz adam kimi qarşılanırdılar. Və yaxud yaxşı oxuyan, nizam-intizamlı, nümunəvi davranışı ilə fərqlənən uşaqların valideynlərini məktəbə iclasa çağırır, nümunə olaraq hamıya göstərirdilər. Ən maraqlısı da o idi ki, valideynin məktəbin daxili qayda-qanunlarına, təhsil prosesinə, nizam-intizamına müdaxilə etmək kimi hüququ yox idi.
 
Mənim üçün Nurəddin Mehdixanlı isminin məşhurluğu məktəbdən gəlir. Məni məktəb, müəllim yetişdirib. Mənim əlimə Hüsü müəllim çubuqla vura-vura hüsnxətt öyrətdi ki, nəticədə məktəbdə ən yaxşı xətti olan mən idim. Hüseynağa müəllim, Xeyrulla müəllim, Aslan müəllim, Xanəli müəllim, Firdovsi müəllim, Vəzir müəllim - bunların hər birinin həyatımda özlərinə məxsus rolu olub. Bu pedaqoqlar bizi balaları kimi sevirdilər. Xəstələnəndə belə öz ciblərindən pul çıxarıb dərman alıb verirdilər. Kasıb ailənin uşağının xətrinə dəymədən, onu pərt etmədən geyim alıb hədiyyə edirdilər. Bizə sevgi, qayğı göstərməklə yanaşı, tələbkarlıqları da öz yerində idi. Dərsə hazırlıqlı gəlməyəndə 45 dəqiqə ayaqüstə saxlayardılar. Deyirdilər ki, məktəbə gəlmisənsə, oxumalı və öyrənməlisən. Gələcəyin oxumaqdadır. Müəllimlərimiz yorulmadan bizə öyrədirdilər, fənni sevdirirdilər. Özləri fənlərini sevməklə yanaşı, bizə də sevdirirdilər. 
 
- Bu gün valideynlərin məktəbə, təhsilə münasibəti qaneedicidirmi? 
- Etiraf edim ki, son illər bəzi insanların məktəbə, müəllimə olan birtərəfli münasibəti mənə pis təsir edir. Bəzən məktəb və müəllim sanki basqı altında saxlanılır. Və bu gün bütün hallarda təlim və tərbiyə prosesində nəsə xoşagəlməz hadisə baş verdikdə məktəb, müəllim günahkar sayılır. Mənim fikrimcə, bu, yanlış yanaşmadır. Bəzən valideynlər məktəbin, müəllimin fəaliyyətinə müdaxilə etməyə çalışırlar. Müəllimi dinləmədən onu qınayırlar. Əziz valideynlər, əgər doğrudan da bu gün övladlarınızın yüksək təhsil almasını, nizam-intizamlı olmasını istəyirsinizsə, bunun üçün şərait yaradacaqsınız, müəllimlərə dəyər verəcəksiniz. Siz övladlarınızın müstəqil həyata hazırlanmasına, həyatın sınaqlarından alnıaçıq çıxmasına yardımçı olmalısınız. Bilirsiniz, çətin şərait güclü insanlar, amma rahat həyat gücsüz, zəif, zərif müdaxiləyə müdafiəsiz insanlar yetişdirir. Bu, reallıqdır. Və indi yaşadığımız zaman da bunu göstərir. Sənin övladın yüksək təhsilə yiyələnməsi üçün bu yolda çətinliklər, bəzən də uğursuzluqlar yaşamalıdır ki, sonda düzgün qərarlar çıxarmaqla gələcək həyatının qapılarını sərbəst, rahat aça bilsin. O, bağlı qapıların da açarı məhz təhsildir. Mübaliğəli səslənsə də deməliyəm ki, uşağını sevən, pərqu içində böyütməz, onu ayaqyalın buraxar torpağın üstünə gəzsin, ayağı ağrı-acının nə olduğunu bilsin. Bəs biz nə edirik? Özümüz uşaqlarımızın gələcəyini sual altında qoyuruq. Guya ki, sevirik. O sevgi uşağın məsuliyyətsiz, ərköyün, eqoist böyüməsinə deyil, sabahına və xoşbəxtliyinə xidmət etməlidir.
 
 
Bu gün ölkəsini, vətənini, dövlətini sevən bir vətəndaş olaraq demək istəyirəm ki, mənim müəllimimi gözdən salmağa kimsənin haqqı yoxdur. Mənim müəllimim hər zaman yüksəkdə olmalıdır. Müəllim mənim millətimin gələcəyini yetişdirir, millətimin taleyinin cavabdehidir. Məsələn, biz uşaqlarımız kimi gözəl məktəblərdə oxumamışıq. Bu gün rayonlarımızda, kəndlərimizdə elə müasir məktəblər tikilib ki, şagirdlərimizə qibtə etmək olar. Ən müasir avadanlıqlarla təchiz olunmuş, geniş idman meydançasına, zəngin kitabxanaya, laboratoriyalara malik məktəblərdə təhsil alan balalarımız xoşbəxtdirlər. Dövlətimiz tərəfindən onların yüksək səviyyədə təlim-tərbiyə almaları üçün hər cür şərait yaradılıb. Bu gün çox sayda gəncimiz dünyanın ən nüfuzlu ali məktəblərində oxuyur, tanınmış şirkətlərdə, beyin mərkəzlərində kimi çalışırlar.
 
Bilirsiniz, biz şəraitsiz, qışda odun qalanmaqla dərs keçilən məktəbdə oxumuşuq. Məktəbə ayaqyalın gedərdik, ayaqqabımız əlimizdə olardı, təhsil ocağının qabağındakı hovuzda özümüzü səliqəyə salıb ayaqqabımızı geyinib girərdik sinfə. Birmərtəbəli kənd məktəbimizin heç zəngi də yox idi, kotanı yuxarıdan asıb ona dəmir parçası ilə döyəcləyib uşaqları dərsə, tənəffüsə səsləyirdilər. Ancaq mən belə məktəbdə oxuduğuma görə heç də təəssüflənmirəm, çünki gözəl şəraitimiz olmasa da, gözəl müəllimlərdən dərs almışıq. Çətinliklərə baxmayaraq, bütün dərslərimizi müəllimlərimiz eyni şövqlə, eyni həvəslə keçirdi. Və biz də oxumağa həvəsli idik, gözəl də nəticələrimiz olurdu. 
        
Mənə həyatımda şanı da, şöhrəti də, xalqın sevgisini də sənətim qazandırdı.
 
- Məktəbi fərqlənmə attestatı ilə bitirdiniz və niyə məhz aktyor olmağa qərar verdiniz? 
- Əslində, mənim aktyor olmaq kimi bir fikrim olmayıb. Mən hüquq fakültəsinə hazırlaşırdım. Məktəbə 2 il tez getdiyimə görə 15 yaşımda təhsil ocağını bitirdim. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə imtahan verərək qəbul oldum. Yay ayları idi. Və mən də həmin dönəmlər Xalq artisti Lütfi Məmmədbəyovun o vaxtkı 26-lar Mədəniyyət Sarayında rəhbərlik etdiyi dram dərnəyinə həvəskar aktyor kimi getməyə başladım. Orada qoyulan tamaşalarda müxtəlif rollar oynayırdım. Həmin dram dərnəyinə Mikayıl Mirzə, Səməndər Rzayev, Rasim Balayev daha kimlər-kimlər gəlirdi... Mənim böyük qardaşım da aktyor idi və Lütfi müəllim onu da tanıyırdı. 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəsli yetişib. 
 
Bilirsiniz, bəzən insanın müvəqqəti hesab etdiyi bir məşğuliyyət bütün həyatını dəyişir. Etiraf edim ki, mənim heç hüquqşünas olmaq kimi bir arzum da yox idi. Bu mənim atamın istəyi idi. Əslində hərbçi olmaq istəyirdim. Qardaşım Xalq artisti Qabil Quliyev də Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qəbul olunsa da, buradakı təhsilini yarımçıq atıb İncəsənət İnstitutuna daxil olur.  
 
Lütfi müəllim məni aktyorluq sənətinə həvəsləndirdi, gözəl aktyor olacağıma inandırdı, olduğum mühit də məni özünə cəlb etməyə başlamışdı. Gözəl sənətkarımız gənclərin həm atası, həm də müəllimi idi. Və beləcə universitetdə dərslər başlasa da mən oxumadım. 1 il kənddə ailəm mənim Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində oxuduğumu hesab edirdi. 1974-cü ildə Lütfi müəllimin təkidi ilə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluq fakültəsinə qəbul olundum. Məni təsadüfən ailəm televiziyada gördü. Mərhum aktyorumuz Azər Mirzəyevin o zamanlar "Tələbə klubu" deyilən bir verilişi var idi. Həmin verilişdə hər il sentyabrda - yeni tədris ilinin başlanğıcında yüksək qiymətlərlə qəbul olunan tələbələri təqdim edirdi. Və məni də yeni qəbul olunan tələbə olaraq televiziyada göstəriblər. Bundan sonra evimizdə aləm bir-birinə dəydi. Qardaşım Xalq artisti Qabil Quliyev də vaxtilə Neft və Kimya İnstitutunu atıb İncəsənət İnstitutuna getmişdi. Əslində atamı da acıqlandıran o oldu ki, yaxşı birini başa düşdük, bəs sən niyə? Görünür atamın mənimlə bağlı başqa arzuları var idi.
 
 
Sizə deyim ki, bu ali məktəbdə də axıra qədər təhsil almaq fikrim yox idi. Fikirləşirdim ki, 6 ay oxuyaram və əsgər gedib qayıdandan sonra hərb sənətinə yiyələnərəm. Hərbçi olmaq istəyirdim. Və taleyimdə önəmli rol oynayan müəllimlərimdən olan böyük ustadım Adil İsgəndərov olmasaydı İncəsənət İnstitutunda oxumağı düşünmürdüm. O zamanlar kinolara, teatrlara baxırdıq. Amma bu sənətin mahiyyətindən xəbərdar deyildim. Yaydan-yaya kəndimizə nə vaxt teatr gələrdisə biz o zaman tamaşalara baxmağa gedərdik. Teatr çox uzaq idi mənə. Ağlıma belə gəlməzdi ki, nə vaxtsa aktyor olacağam. Bu sənət mənə yad olduğu qədər həm də çox uzaq idi. Biz kitabın içindən çıxmış adamlar idik.
 
Lütfi Məmmədbəyov peşə istiqamətimi dəyişdi, Adil İsgəndərov da mənə aktyorluq sənətini sevdirdi. Fikirləşdim ki, bu cür korifeylər aktyorluq sənəti ilə məşğuldurlarsa, demək sıradan bir sənət deyil.  
Mən Adil müəllimin milli təəssübkeşliyinə, bizə münasibətinə heyran idim. Bizə öz övladı kimi baxırdı, daxilimizdəki milli ruhumuzu tərbiyə edirdi. O, mənim 4 il müəllimim oldu. Səhnə danışığı müəllimlərim Əzizağa Quliyev, Mikayıl Mirzə olub. Lütfi Məmmədbəyovun, Adil İsgəndərovun şəxsiyyətinə vurulub aktyorluq sənətini sevmişəm. Bu belədir. Ola bilməz ki, sən müəllimi sevməyəsən, amma onun tədris etdiyi fənni və ya ixtisası sevəsən. Bu mümkün deyil. Heç bir alim, psixoloq bunu mənə sübut edə bilməz. Tarixdə şəxsiyyətlərin rolu məsələsi var. Təhsildə müəllim faktoru, müəllim şəxsiyyəti var. Bu inkar oluna bilməz.
 
Ali məktəbdə də oxuyan tələbə olmuşam, institutun sayılan-seçilən gənclərindən idim. Birinci kursun axırından artıq televiziyaya, radioya, müxtəlif tədbirlərə dəvətlər alırdım. 1975-ci ildə tələbə ikən Heydər Əliyev Sarayına məni aparıcı kimi dəvət etdilər. Bütün dövlət tədbirlərində aparıcılıq edirdim. Təsəvvür edin ki, tələbə ola-ola Azərbaycan Dövlət Televiziyasında “Klassik irsimizdən”, “Nəğməli sətirlər”, “Ədəbi teatr” və digər sadalamadığım neçə-neçə verilişlərdə var idim. Artıq ikinci kursdan tanınmış bir sima idim. Siz təsəvvür edin, institutda 6 gün oxuyurduq, müəllimlərimizdən xahiş edirdik ki, rektordan icazə alsınlar ki, bazar günləri də gələk məşqlərimizi edək, səhnə danışığından dərs keçək. Və bizim istəyimiz nəzərə alınmışdı. Müəllimlərimiz Əzizağa müəllim, Mikayıl Mirzə bizə səhnə danışığından dərs keçirdilər. Bax, biz bu cür oxuyurduq, aramızda sağlam rəqabət var idi. Müəllimlərimin hər birini ehtiramla anıram və onların mənim həyatımda xüsusi yeri var. 1978-ci ildə institutu bitirərək təyinatla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına gəldim və taleyimi bu sənət məbədgahı ilə bağladım. 
 
 
    
- Aktyorluq sənətini seçmək istəyən gənclərə tövsiyəniz nədir? Hamı tərəfindən sevilən, peşəkar bir aktyor olmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır? 
- Bilirsiniz, aktyor olmaq istəyən tarixçi, filoloq, alim, dilçi, filosof, psixoloq olmalıdır. Aktyor inkişaf etdikcə, kamilləşdikcə müdrikləşməlidir. Bu sənət dünyanı, insanı öyrənməkdir. Aktyor bütün ömrüboyu başqalarının taleyini yaşayır. Bir addım irəlidə olmaq istəyirsənsə, daha çox məlumatlı, güclü mütaliən olmalıdır. Aktyor səhnədə yaratdığı obrazlarla tamaşaçının qəlbini riqqətə gətirməlidir. O,eyni zamanda istər istedadı, istərsə də intellekti ilə zəmanəsini qabaqlamalıdır.
 
Mənə həyatımda şanı da, şöhrəti də, xalqın sevgisini də sənətim qazandırdı. Və illər boyu nə əldə etmişəmsə, ilk növbədə, müəllimlərimə minnətdaram.Valideynlərim məni bu dünyaya gətirdilər. Yeri gələndə valideynim aktyorluq seçimimi qəbul etmədi, amma məndəki bu istedadı və potensialı görən müəllimlərimin hesabına Nurəddin Mehdixanlı oldum.
 
Samirə KƏRİMOVA


25.06.2024 | 14:46