UNEC-də respublika elmi konfransı

Noyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda respublika elmi konfransı keçirilib.

        

Konfransın "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nə həsr olunduğunu diqqətə çatdıran UNEC-in rektoru, professor   Ədalət Muradov ulu öndər Heydər Əliyevin  həm sovet dönəmində, həm də müstəqillik illərində iqtisadiyyatın inkişafına böyük önəm verdiyini qeyd edib. Azərbaycan iqtisadiyyatının  son illər sürətlə inkişaf etdiyini söyləyən rektor bütün bu nailiyyətlərin qazanılmasında ölkə başçısı İlham Əliyevin danılmaz xidmətlərindən söz açıb.

        

"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"nin əsas istiqamətləri  barədə geniş danışan Ə.Muradov qeyd edib ki,  UNEC-də bu strategiyadan irəli gələn vəzifələrin icrası baxımından böyük potensial var və ondan daha səmərəli istifadə etmək üçün əlavə tədbirlərin həyata keçirilməsi ilə bağlı  işlər görülür.

        

Bildirilib ki, ölkə iqtisadiyyatının inkişafında iqtisadyönümlü ali təhsil müəssisəsi olaraq  qarşıya qoyulan əsas vəzifələrdən biri də  keyfiyyətli mütəxəssislər hazırlamaqdır. Təhlillər göstərir ki, son dövrlərdə UNEC-in məzunlarının işə düzəlmə faizi əhəmiyyətli dərəcədə artıb. Digər məsələ isə  Azərbaycan Dövlət İqtisad Universitetinin tədqiqatyönümlü universitetə transformasiya edilməsidir. Bu istiqamətdə xeyli işlər görülüb  və hazırda belə tədbirlər davam etdirilir.  Rektor UNEC-in tədqiqatyönümlü universitet kimi dünyada tanınmasına nail olacaqlarına əminliyini ifadə edib.    

        

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə  ulu öndər Heydər Əliyevin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafındakı tarixi xidmətlərindən danışıb. "Azərbaycanın müasir iqtisadi inkişaf modeli" mövzusunda məruzə edən iqtisadçı-alim bildirib ki,  ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatında yüksək artım sürəti təmin edilib, onun keyfiyyət göstəriciləri əsaslı surətdə yaxşılaşıb.  Bütün bunlar da müstəqil Azərbaycanın iqtisadi bazasının formalaşması və inkişafında müstəsna rol oynayıb. Müasir müstəqil Azərbaycanın yeni iqtisadi inkişaf modelinin yaradılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan akademik onun layiqli davamçısı İlham Əliyevin bu istiqamətdə apardığı uğurlu siyasətdən söz açıb.

 

UNEC-in "Rəqəmsal iqtisadiyyat və İKT" kafedrasının müdiri , akademik Əli Abbasov "Azərbaycanda digital iqtisadiyyatın tətbiqi və inkişaf perspektivləri" mövzusunda məruzəsində informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadədən, DATA mərkəzlərinin fəaliyyətindən və digər məsələlərdən ətraflı bəhs edib.

        

UNEC-in Elmi Fəaliyyətin Təşkili və İdarəedilməsi Departamentinin direktoru,   professor Zahid Məmmədov "Strateji yol xəritəsi  kontekstində  elm, təhsil və biznes formatlı universitetlər: Müasir çağırışlar fonunda yeni trendlər" mövzusunda məruzəsində universitet sisteminin tarixindən, universitetlərin missiyasından, tədqiqat universiteti və onun vəzifələrindən, ali təhsil müəssisələrinə "Tədqiqat  universiteti" statusu almaq üçün verilən tələblərdən danışıb. 

        

Sonra konfrans işini  11 panel üzrə diskussiyalarla   davam etdirib.

 

Samirə KƏRİMOVA



14.11.2018 | 16:56