Valideynlər üçün “Açıq qapı” günləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində valideynlər üçün “Açıq qapı” günləri keçirilir.

 

“Açıq qapı” günlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin metodistləri və valideynlər iştirak edirlər.

 

“Açıq qapı” günlərinin təşkil olunmasında məqsəd müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir.

 

Tədbirdə çıxış edənlər müəllim-valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasının əsas şərt olduğunu bildiriblər. Həmçinin müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki mühüm rolundan, valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən bəhs olunub.

 

“Açıq qapı” günləri çərçivəsində valideynlər məktəb mühiti ilə daha yaxından tanış olurlar. Məktəb rəhbərliyi və müəllimlərlə görüş zamanı valideynlərə məktəblərin fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verilir. Valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələr ilə bağlı rəyləri, təklifləri dinlənilir və səmərəli fikir mübadiləsi aparılır.

 

Bundan əlavə, “Açıq qapı” günlərində Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən valideynlər üçün sessiyalar təşkil olunur. Valideynləri təşəbbüskar və daha fəal olmağa səsləyən metodistlər müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında fikirlərini bildirirlər.

 

Eyni zamanda valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçirilir.

 

“Açıq qapı” günlərində şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar da nümayiş olunur.

 



14.11.2018 | 11:48