Akademiyada Qərbi Azərbaycanla bağlı yeni şöbə yaradılıb
Azərbaycan Prezidenti İlham Əliyevin çağırışlarına uyğun olaraq AMEA-nın elmi-tədqiqat müəssisələrində Qərbi Azərbaycanla bağlı bir sıra mühüm tədqiqatlar aparılır.
 
Bu barədə akademiyadan "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, AMEA Rəyasət Heyətinin qərarı ilə daxili imkanlar hesabına A.A.Bakıxanov adına Tarix İnstitutunda “Qərbi Azərbaycan tarixi” şöbəsi, Folklor İnstitutunda “Qərbi Azərbaycan folkloru” şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda isə “Toponimika” şöbəsi yaradılıb. Həmin şöbələr tərəfindən qısa müddət ərzində fundamental tədqiqatlar aparılaraq, Qərbi Azərbaycanda soydaşlarımızın yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi və təbliği istiqamətində önəmli nəticələr əldə edilib, kitablar çap olunub. Eyni zamanda “Qərbi Azərbaycan Ensiklopediyası”nın sözlüyünün hazırlanması da başa çatdırılıb.
 
Bu günlərdə AMEA Rəyasət Heyətinin qərarı ilə Əlyazmalar İnstitutunda daxili imkanlar hesabına “Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi” də yaradılıb. Yeni yaradılmış şöbənin əməkdaşları Qərbi Azərbaycanda və Qarabağda yaşayıb-yaratmış şair və yazıçıların əsərlərinin əlyazmalarının toplanılması, sistemləşdirilməsi, tərtibi, nəşri məsələləri ilə məşğul olacaq, həmin regionlardan çıxan tanınmış yaradıcı simaların həyatı və yaradıcılığını araşdırıb tədqiq edəcəklər.


21.06.2024 | 17:51