BMU əməkdaşları mübadilə proqramı çərçivəsində Avropa universitetlərində olublar | |
Bakı Mühəndislik Universitetinin (BMU) daha bir qrup əməkdaşı Erasmus+KA1 mübadilə proqramı çərçivəsində Avropanın ali təhsil müəssisələrində səfərdə olublar.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, beynəlxalq əməkdaşlıq və layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin Ələkbərova İspaniyanın Qranada Universitetində keçirilən müxtəlif seminar və infosessiyalarda iştirak edib. Fransa, İtaliya, Portuqaliya, Mərakeş, Livan, Əlcəzair, Gürcüstan və digər ölkələrin nümayəndələrinin qatıldığı müxtəlif mövzuları əhatə edən infosessiyalarda mübadilədə olan tələbələrin üzləşdiyi çətinliklər, problemlərin həlli yolları, Erasmus+ proqramındakı yeniliklər, ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
İspaniyanın Qranada Universitetində mübadilədə iştirak edən BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işləri üzrə dekan müavini Zamin Babaşov və Biznesin idarə edilməsi kafedrasının baş müəllimi Rüfət Məmmədov isə bir sıra kafedralarda görüşlər keçiriblər. Ali məktəblərin professor-müəllim heyətinin peşəkar inkişafının dəstəklənməsi, yeni texnologiya və innovativ tədris metodlarından istifadənin təşviqi, tədrisin inkişafında Qranada Universitetinin təcrübəsi diqqətdə saxlanılıb, həmçinin görüləcək birgə işlərin müzakirəsi aparılıb.
Beynəlxalq əməkdaşlıq və layihələrin idarəolunması şöbəsinin əməkdaşı Müşviq Mehbalıyev İtaliyanın Politecnico di Torino Universitetində mübadilədə iştirak edib. O, Albaniya, Livan, Mərakeş, Kolumbiya, Çili, Yaponiya, Kenya, ABŞ və Özbəkistandan olan nümayəndələrlə birgə davamlılıq, inklüzivlik və müxtəliflik, Erasmus+ proqramına aid bir sıra təlimlərə qatılıb.
|
|
21.06.2024 | 15:52 | |
|
|
|