Emin Əmrullayev: Bu festival bizi həm ruhən, həm də coğrafi olaraq Qərbi Azərbaycana daha da yaxınlaşdırır | |
“Bu festival bizi həm ruhən, həm də coğrafi olaraq Qərbi Azərbaycana daha da yaxınlaşdırır”.
"Azərbaycan müəllimi"nin Naxçıvana ezam olunan əməkdaşının verdiyi məlumata görə, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Qərbi Azərbaycana qayıdış” festivalında çıxışı zamanı deyib.
Nazir qonaqları salamlayaraq bildirib ki, festivalın Azərbaycanın ən dilbər guşələrindən biri olan Batabat yaylasında təşkil olunması yeganə özəlliyi deyil:
“Hazırda dayandığımız yerdən cəmi bir neçə kilometr yaxınlıqda vaxtilə həmvətənlərimizin yaşadığı Qərbi Azərbaycan kəndləri yerləşir. Yəni, builki festival bizi həm ruhən, həm də coğrafi olaraq Qərbi Azərbaycana daha da yaxınlaşdırır”.
Nazir qeyd edib ki, məktəblilərimiz bu əlamətdar günü heç vaxt unutmayacaqlar: “İkinci dəfə keçirilən tədbirə hər kəs həvəslə qatılıb. Bu mühüm tədbir "Qərbi Azərbaycana qayıdış" mövzusuna həsr olunmuş sanballı ictimai-mədəni müzakirə platforması rolunu oynayır".
Nazir ötən il festival çərçivəsində Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışa dair strateji tezislərinin icrası ilə bağlı aparılan fikir mübadiləsini, tədbir zamanı hamının həmrəy olduğu bir fikri xatırladıb: “Qərbi Azərbaycana qayıdış ümummilli məsələdir və hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik”.
Nazir ötənilki festivalda vəd etdiyi təklifinin reallaşdığını da vurğulayıb: “Keçən il mən öz çıxışımda uşaqlar və gənclər arasında maarifləndirmə və təbliğat işinin vacibliyini qeyd etmişdim və təklif etmişdim ki, biz məktəblilər arasında "Qərbi Azərbaycana qayıdış"la bağlı bilik yarışı təşkil edək, onun final mərhələsini və mükafatlandırma mərasimini Naxçıvanda keçirək. Əlbəttə, söz verdik və elədik”.
Emin Əmrullayev olimpiadanın təşkilatçılarından olan Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinə təşəkkür edərək deyib: “Dünən Naxçıvan Dövlət Universitetində 36 şagirdin iştirakı ilə olimpiadanın final mərhələsi keçirilib. Bir azdan biz böyük məmnuniyyətlə 1-ci, 2-ci və 3-cü yeri tutan şagirdlərimizi təltif edəcəyik. Mən əminəm ki, bu gün tədbirimizdə iştirak edən finalçılarımız və qaliblərimiz - Bakıdan, Göyçaydan, Ucardan, Sumqayıtdan, Ağstafadan, Cəbrayıldan, Ağdamdan, Cəlilabaddan, Qəbələdən, İsmayıllıdan, Naxçıvandan olan məktəblilərimiz bu əlamətdar günü heç vaxt unutmayacaqlar”.
Nazir, həmçinin əlavə edib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı bizim üçün tarixi bir missiya olaraq müəyyən edib. Çünki bu, doğma evlərindən, ibadət yerlərindən, mədəniyyət abidələrindən məhrum edilmiş minlərlə həmvətənimizin insan hüquqları məsələsidir. Onun sözlərinə görə, bunu hüquqların bərpası üçün hər bir azərbaycanlı öz sahəsində və səlahiyyətləri çərçivəsində davamlı, ardıcıl, həmçinin sistemli iş aparmalıdır:
"Öz növbəmdə, elm və təhsil naziri olaraq düşünürəm ki, biz həm məktəblərdə, həm də ali təhsil müəssisələrində, həm təhsilalanlar, həm də təhsilverənlərlə Qərbi Azərbaycan barədə daha çox danışmalı, araşdırmalı, öyrənməli və öyrətməliyik".
Nazir bu istiqamətdə nəzərdə tutulan tədbirləri də sadalayıb:
- Məktəblilər arasında "Qərbi Azərbaycana qayıdış" olimpiadasını davam etdirək;
- Tələbələr arasında silsilə maarifləndirmə tədbirlərini təşviq edək;
- Gənc müəllimlərin Qərbi Azərbaycana Qayıdış Forumunu təşkil edək;
- Qərbi Azərbaycana həsr edilmiş elmi araşdırmaları təşviq edən qrantların verilməsini nəzərdən keçirək.
Ruhiyyə DAŞSALAHLI
|
|
21.06.2024 | 13:29 | |
|
|
|