Coğrafiya İnstitutu ilə FHN-in Akademiyası arasında Memorandum imzalanıb | |
Akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında elmi əməkdaşlığa dair Memorandum imzalanıb.
Bu barədə institutdan "Azərbaycan müəllimi"nə xəbər verilib. Bildirilib ki, FHN-nin Akademiyasında baş tutan görüşdə Coğrafiya İnstitutu tərəfindən baş direktor professor Zakir Eminov, icraçı direktor dosent Zaur Imrani, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Xanım Rzazadə və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin elmi işçisi Emil Cəbrayılov, FHNA tərəfdən rəis general-mayor Baba Salayev, rəis müavini polkovnik Kazım Kazımov, Elmi-tədqiqat şöbəsinin müdiri professor Xanlar Həsənov iştirak ediblər.
General-mayor Baba Salayev qonaqlara təhsil müəssisəsi haqqında ətraflı məlumat verərək bildirib ki, Akademiya Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatları aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Akademiyada həm respublikamızın, həm xarici ölkələrin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Coğrafiya İnstitutu kimi çoxillik təcrübəyə malik elmi müəssisə ilə əməkdaşlığa böyük önəm verən general-mayor hər cür zəruri avadanlıqlarla təchiz edilmiş Akademiyada fənn kabinetləri, auditoriyalar və laboratoriyalar, xilasetmə, tibbi hazırlıq, dalğıc, alpinist hazırlığı və digər sahələr üzrə xüsusi tədris kabinetləri, elektronika və elektrotexnika, materialşünaslıq, kimya, informatika və s. fənn laboratoriyalarının fəaliyyət göstərdiyini qeyd edib və müəssisədə iki ixtisas üzrə fəaliyyət göstərən dörd fakültənin, altı kafedra, bakalavriat səviyyəsi üzrə əyani və qiyabi şöbələrin olduğunu, magistratura səviyyəsində təhsilin təşkilini diqqətə çatdırıb, bütün bunların tədrisin yüksək səviyyədə aparılmasına geniş imkanlar açdığını xüsusi vurğulayıb.
Coğrafiya İnstitutunun direktoru professor Zakir Eminov qarşılıqlı olaraq elmi müəssisə, İnstitutun fəaliyyət istiqamətləri, coğrafiyanın müxtəlif sahələri üzrə burada aparılan elmi-tədqiqat işləri, İnstitutun nailiyyətləri, görkəmli, tanınmış alimləri haqqında məlumat verib.
FHN Akademiyası ilə əməkdaşlıqdan məmnunluğunu bildirən direktor hər iki qurum arasında möhkəm əlaqələrin vacibliyini vurğulayıb və səmimi görüşə görə minnətdarlıq ifadə edib.
Daha sonra hər iki təhsil müəssisəsi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə elmi tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyət, müvafiq qurumların əlaqələrinin genişləndirilməsi, müxtəlif birgə layihələrin hazırlanması, elmi kadr hazırlığı sahəsində birgə iştirak və bir sıra digər məsələlər öz əksini tapıb.
Görüşdən sonra Z.Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti FHN Akademiyasının maddi-texniki bazası, tədris şəraiti və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olub.
|
|
20.06.2024 | 13:03 | |
|
|
|