UNEC-in “Minor” proqramının ilk məzunlarına sertifikatlar təqdim olunub | |
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov “İxtisas üzrə Minor Təhsil Proqramı”nı uğurla bitirən tələbələrlə görüşüb.
Bu barədə "Azərbaycan müəllimi"nə UNEC-dən məlumat verilib.
Tələbələri təbrik edən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Məzunların məşğulluğunun universitet üçün əsas prioritetlərdən olduğunu vurğulayan rektor 2021/2022-ci tədris ilindən başlayaraq həyata keçirilən “İxtisas üzrə Minor Təhsil Proqramı”nın məzunların əmək bazarına çevik uyğunlaşmasını təmin etmək məqsədi daşıdığını bildirib.
Rektor ömür boyu təhsilin, sertifikat proqramlarının getdikcə daha çox dəyər qazandığını gənclərin diqqətinə çatdıraraq, onlara daim bilik və bacarıqlarını yeniləmələrini tövsiyə edib.
Sonra tələbələr proqramla bağlı təəssüratlarını bölüşüblər. Dünyanın aparıcı universitetlərində tətbiq olunan “Minor” proqramının UNEC-də reallaşdırılmasını, digər ixtisas üzrə də müvafiq sertifikatlar əldə edə bilmələrini böyük üstünlük kimi qiymətləndiriblər. Məzunlar proqram çərçivəsində əldə etdikləri biliklərin onların gələcək əmək fəaliyyətlərində önəmli olacağından əminliklərini ifadə ediblər.
Tələbələr proqramın daha da təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndiriblər.
Sonda isə tələbələrə “Minor” sertifikatları təqdim olunub.
|
|
14.06.2024 | 13:44 | |
|
|
|