Nazir şəhid polkovnik Ramiz Qasımovun qızının məzun olduğu məktəbin "Son zəng" tədbirində iştirak edib
Bakı şəhəri Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə son zəng tədbiri keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, müəllim və şagirdlər, şəhid ailələri iştirak ediblər. 
 
Nazir çıxışında qeyd edib ki, bu gün tədbirinə qatıldığımız Bakı şəhəri 216 nömrəli tam orta məktəb özünəməxsusluğu ilə seçilir. Bu məktəbdə daha çox Vətən müdafiəçilərinin övladları təhsil alırlar.
 
"Digər əlamətdar hal odur ki, bu il 216 nömrəli tam orta məktəbi şəhid, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun qızı Qasımlı Gülanə Ramiz qızı da bitirir. Gülanə balamızı, onun timsalında bütün məzunları təbrik edir, uğurlar arzulayıram. Bu gün çalınan zənglə siz həm də müstəqil və suveren Azərbaycanın vətəndaşları olaraq yeni bir həyata qədəm qoyursunuz. Siz çox şanslısınız ki, ərazi bütövlüyü bərpa olunmuş, "Böyük Qayıdış"la yenidən həyat qayıdan, məskunlaşan, müasir məktəblər fəaliyyət göstərən işğaldan azad olunmuş doğma torpaqlarımızda da sizinlə həmyaş olan gənclər məzun olur. Bu o deməkdir ki, siz daha qüdrətli Azərbaycanın vətəndaşlarısınız" - deyə nazir əlavə edib.
 
Daha sonra çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı  Elşən Salahov da öz növbəsində məzunları təbrik edib. Məktəbin direktoru Səidə Rəhimova bildirib ki, bu il məktəbin 43 şagirdi məzun olur. Məktəbin müəllim və şagird kontingentinin 70 faizi hərbçi övladlarıdır.
 
Mərasim şagirdlərin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
 
Qeyd edək ki, Bakı şəhəri 216 nömrəli tam orta məktəb 1992-ci ildə fəaliyyətə başlayıb, Qala hərbi şəhərciyində yerləşir. 2020-ci ildə Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni binaya köçürülüb. Məktəbin layihə tutumu 624 şagird yerlikdir. Məktəb 2 növbədə fəaliyyət göstərir. 


14.06.2024 | 11:00