“Zərif mühəndislər”

Oxumuş qız təhsilli gələcəkdir. Yəqin ki, qadınları təhsilsiz olan cəmiyyətin nə iqtisadiyyatı, nə də sosial-rifah göstəriciləri yuxarı ola bilməz. Təhsilin İnkişafı Fondunun maliyyələşdirdiyi təşəbbüslərdən olan “Qızların təhsilinə dəstək” layihəsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir və hədəfə ən tez çatacaq layihələrdən sayılır. “Qızların təhsilinə qoyulan hər dollar 80-ə qatlanaraq geri qayıdır” prinsipi ilə yanaşan Fondun bu istiqamətdə fəaliyyətinin miqyası genişləndirilirb. Belə ki, qızların təhsilinə dəstək verilən 3 layihə paralel idarə olunur.

Həmin layihələrdən birini Təhsilin İnkişafı Fondu STP Şirkətlər Qrupu ilə birgə həyata keçirir. Təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbə qızlar üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsi məqsədi ilə əldə edilən bu razılaşma ilə artıq 50 qız bu layihənin gücünü hiss etməyə başlayıb.
 

“Belə bir dəstək hər birimiz üçün qiymətlidir”

 

Onlardan biri - Nərmin Məmmədova Kürdəmir rayonundandır. Kürdəmir şəhər  Şəhid Səyavuş Paşayev adına 6 nömrəli tam orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetində oxuyub. Bakalavr təhsilini “Kimya müəllimliyi” ixtisası üzrə alan N.Məmmədova sonradan özünü mühəndislik sahəsində də sınamağa qərar verib və bu istiqamətdə təhsilini Bakı Ali Neft Məktəbində davam etdirməyə bəşlayıb: “Sadəcə kimyadan deyil, riyaziyyat və həndəsə üzrə biliyim güclüdür və bu səbəbdən mühəndislik üzrə təhsil almaq istədim. Mühəndislik bacarığımın olduğunu düşünürəm. Təhsil aldığım universitetlərin laboratoriyalarında da çox işləmişəm və bu sahədə uğur qazanacağımı bilirdim”.

 

Düşündüyü kimi də olub. Hər iki ali təhsil müəssisəsində orta balı 90-dan yuxarı olan N.Məmmədova “Zərif mühəndislər”dən biri olub: ““Zərif mühəndislər” qazandığım ilk təqaüd proqramıdır. Elanlarına sosial şəbəkələrdə rast gəldim. Bir az araşdırdıqdan sonra STP şirkətlər qrupu və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığının nəticəsi olduğunu öyrəndim. Hər iki təşkilat barədə məlumatlıyam, “bu işbirliyindən zəif iş çıxmaz”, - deyə düşündüm. Bu layihəyə qoşulmağın mənə çox şey verəcəyini bilirdim. Proqramın şərtlərinə tamamilə uyğun idim və “Zərif mühəndislər” Təqaüd proqramına müraciət etdim. Bir neçə gün içərisində müsahibəyə dəvət etdilər. Müsahibə uğurlu oldu və mən bu proqrama seçilən 50 nəfərdən biri oldum”.

 

N.Məmmədova deyir ki, o, bu proqramda öz ortalama göstəriciləri ilə yer alsa da, proqramın daha çox aztəminatlı ailələrin qızlarına yönəlməsini xüsusi dəyərləndirir: “Layihədə qızlarla tanışlıq imkanım oldu. Özünüinkişaf onlar üçün çox çətin olan, Bakıda ailələrindən uzaqda kirayədə yaşayan qızlar üçün 200 manat təqaüdün nə demək olduğunu tanış olduğum qızların özlərindən öyrəndim”.

 

Proqram, sadəcə maddi cəhətdən deyil, həm də özünüinkişaf baxımından qızlara dəstək olacaq: “İlk təlimə qatıldıq. Sumqayıt Dövlət Universitetində olan təlimlərin özünüinkişaf baxımından çox böyük fayda olacağını nəzərə alsaq, bunun əhəmiyyətinin maddi qarşılığı yoxdur. Təlimlərə qatılmaq üçün Bakıdan Sumqayıta gedirəm və məncə, bu yolu getməyə, bu qədər vaxt sərf etməyə dəyər. Çünki qazanacaqlarım qat-qat çox olacaq”.

 

Əvvəlcədən bunu necə müəyyənləşdirib? N.Məmmədovanın sözlərinə görə, sadə riyazi hesablama ilə məlum olur ki, layihəyə çox böyük büdcə ayrılıb: “İlk təlimlərə qatıldıq. Deməliyəm ki, işin keyfiyyətli şəkildə təşkilini görmək məni çox sevindirir”.

 

Təqaüdün təsis edilməsində, sadəcə çox imkansız bir tələbəyə deyil, həm də çox yaxşı oxuyan tələbəyə üstünlük verilməsini də qiymətləndirir: “Layihənin təşkilat qrupunun ortalama balı yüksək olan tələbələr arasında seçim aparması, göstəriciləri eyni olan tələbələr arasında sosial cəhətdən aztəminatlı ailələrdən olan qızları seçməsi ədalətlidir: “Mən BDU-da təhsilimi 94 balla, fərqlənmə diplomu ilə bitirmişəm. Hazırda isə ortalama balım 92-dir. Rəqabət mühitində başqa tələbələrdən üstünlüyüm ola bilər. Layihənin həm də özünü inkişaf etdirmək istəyən, mənim kimi yüksək göstəricilərlə təhsil alan tələbə qızlara da dəstək verməsi ədalətlidir. Çünki hamımız tələbəyik və belə bir dəstək hər birimiz üçün qiymətlidir”.

 

“Adımı 50 nəfər arasında görəndə həyəcandan ağladım”

 

Daha bir “Zərif mühəndis” Səkinə  Babayeva Goranboy rayon Şəhid Hakim Cəfərov adına tam orta məktəbdə oxuyub. Məktəbin fəal şagirdlərindən biri kimi bir çox tədbirlərdə iştirak edib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindən olub. Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə təşkil edilən “Mübariz İbrahimov - vətənpərvərlik nümunəsi” mövzusundakı yazı müsabiqəsinin qalibləri arasında o da yer alıb: “X sinif şagirdi olanda müsabiqə qalibi olaraq Azərbaycan Dillər Universitetində qonaq oldum. Bundan başqa, məktəb illərində yaxşı oxuduğum üçün Prezident İlham Əliyevlə də görüşdüm. Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışı zamanı dövlət başçısına lenti kəsdiyi qayçını mən təqdim etdim”. 

 

Bu vəzifəyə rayonun ən yaxşı şagirdlərindən biri, dilli-dilavər məktəbli layiq görülüb. S.Babayeva indi də fəal tələbədir. Sumqayıt Dövlət Universitetində “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alır. Universitetdə mühəndis Tələbə-Gənclər Təşkilatına başçılıq edir. Fəallığı, yumşaq bacarıqları ilə müəllimlərində də sual yaradıb: “Müəllimlərim də deyir ki, niyə mühəndisliyi seçmişəm. Bu seçimi mənə dövr, zaman etdirdi desəm, yanılmaram. Dünyada pandemiya idi, texnologiya sürətlə həyatımızdakı hər şeyin önünə keçirdi, informasiya savaşı gedirdi və ölkəmizin məhz bu sahədə dəstəyə ehtiyacı vardı. Sosial mediada təmsil olunmaq, ölkəmizi ayrı-ayrı platformalarda təmsil etmək zərurəti hiss edirdim. “Mən nə edə bilərəm?” düşüncəsi ilə kompüter mühəndisliyi ixtisasını seçdim. Bu seçimimdə bir az da “Mühəndislik qız peşəsi deyil”, “Qız müəllim olar” kimi fikirlər rol oynadı. Bu düşüncənin əksi olaraq, “qızlar oxuyar da, mühəndis də olar”, - demək üçün mühəndis oldum”.

 

“Code Academy”ni də uğurla bitirən S.Babayeva, deyəsən, qızlar, qız peşələri ilə bağlı yanlış təsəvvürləri kölgədə qoymağın hər yolunu sınaqdan keçirəcək.

 

Bu da o yollardan biridir. İndi o, “Zərif mühəndislər”dən biridir: “Bu müsabiqənin adı, xüsusilə xoşuma gəlir. Qadın zərif olar, amma mühəndislik ağır işdir. Bu müsabiqənin adında bu iki zidd sözü uğurla birləşdiriblər”.

 

S.Babayeva ailəsindən uzaqda, şəhər mühitində özünü inkişaf etdirir, gələcəyini qazanmağa çalışır. Bu yolda ən böyük dəstəkçisi də dövlətidir: “Şəhərdə yaşayır, burada kirayədə qalıram. Heç nəyə baxmayaraq həyatımı, karyeramı burada quracağam. “Zərif mühəndislər” Təqaüd Proqramı da mənə dəstək olacaq”.

 

S.Babayevanın ailəsinin imkanı olmadığı üçün, yaxud ailəsindən, el-obasından çox uzaqdadır deyə təhsil arxasınca getməyə cəsarət etməyən qızlara da sözü var: “Layihə barədə universitetin “Whatsapp” qrupunda xəbər tutdum.  Heç tərəddüd etmədən qatıldım və adımı 50 nəfər arasında görəndə həyəcandan ağladım.  Qəribəsi odur ki, mən bu layihə barədə həyəcansız danışa bilmirəm. Bu gün buradayam. Artıq ilk təlimlərə də qatılmışam və çox sevinirəm ki, özümə güvəndim, bu layihədə yer aldım. Qızlara demək istəyirəm ki, rayonda, ya da kənddə doğulub deyə, yaxud ailəsi kasıb olduğu üçün öz potensialını kəşf etməkdən çəkinməsinlər. İstəyirəm ki, qızlar öz gücünü, potesialını kəşf etsinlər, özlərinə inansınlar. Mən özümü kəşf etmək yolundayam və buna nail olana qədər inadla yolumdan dönməyəcəyəm”.

 

Ruhiyyə DAŞSALAHLI

 



14.06.2024 | 08:59