Zəfər, Quruculuq və Böyük Qayıdışa həsr olunmuş kitab təqdim edilib
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz siyasi iradəsi, qətiyyətli sərkərdəlik bacarığı sayəsində xalqımızın və rəşadətli ordumuzun 44 gün davam edən Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən dərhal sonra Şərqi Zəngəzur iqtisadi rayonunda başlanan genişmiqyaslı işlər yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabında zəngin informasiya və analitik materiallarla əks olunub.
 
Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlovun “Prezident İlham Əliyev Şərqi Zəngəzurun bərpasının və Böyük Qayıdışın memarıdır” adlı ön sözü ilə açılan kitabda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın günlük tarixi qələbədən bir neçə gün sonra - 16 noyabr 2020-ci ildə Şərqi Zəngəzur bölgəsinə ilk səfərlərindən başlayaraq Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında çoxsaylı görüşlərinə, açılış və təməlqoyma mərasimlərinə dair məlumatlar rəngli fotolarla 60-dan çox başlıqla Zəfər, Dirçəliş və Böyük Qayıdış fəsillərində təqdim edilib.
 
Kitabda Vətənimizin ayrılmaz parçası olan Zəngəzurun tarixi keçmişi, Prezident İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında qərarının siyasi əhəmiyyəti, nankor qonşularımızın törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılması üçün gerçəkləşən dövlət proqramlarının, layihələrin bugünkü mənzərəsi və gələcək perspektivləri, Şərqi Zəngəzurun iqtisadi potensialı, təbii sərvətləri barədə materiallar da yer alıb.
 
Prezident İlham Əliyevin artıq gerçəkliyə çevrilən, nəşrin üz səhifəsində də əks olunmuş bu fikri kitabın əsas leytmotividir: “Mən demişdim ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.
 
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində nəşr edilən kitabda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin regionda daimi sülhün, əmin-amanlığın bərpasına şərait yaradacağına inam ifadə olunur. Kitab bu sözlərlə bitir: “Unutmayaq! Azad edilən torpaqları yenidən Ana Vətənə çevirmək borcumuz var, həm də o torpaqlarda axıdıl-mış Şəhid qanlarının, ulularımızın ruhu xatirinə!”.
 
İctimai Birlikdən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, kitab Qarabağ və Şərqi Zəngəzur regionunun təhsil müəssisələrinə, kitabxanalara, icra, özəl strukturlara, ictimai təşkilatlara, şəhid ailələrinə, vətən müharibəsi iştirakçılarına, QHT və KİV-ə paylanır.
 
“Füyuzat” nəşriyyatında yüksək poliqrafik formatda rəngli tərtibatda nəşr edilmiş 240 səhifəlik kitabın elektron variantı Birliyin www.zengezur.com saytının “Kitablar” bölümündə yerləşdirilib.


13.06.2024 | 17:35