"Qərbi Azərbaycana qayıdış" olimpiadası ənənəvi olaraq hər il keçirilməlidir - Rəylər
Ümumi təhsil müəssisələrinin IX və X siniflərdə oxuyan 10 mindən çox şagirdin qatıldığı “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi yaxınlaşır. Ötən ay ikinci mərhələsi keçirilən bilik yarışında 1001 şagird iştirak edib və onların arasında ən yüksək nəticə göstərən 36 nəfər final mərhələsində öz bilik və bacarığını sınayacaq.
 
Qeyd edək ki, olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
 
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, pedaqogika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru  Hikmət Əlizadə “Azərbyacan müəllimi”nə açıqlamasında bildirib ki, "Qərbi Azərbaycana qayıdış" olimpiadası xalqımızın milli-mənəvi və hərbi-vətənpərvərlik dəyərləri müstəvisində həyata keçirilən olduqca aktual tədbirlərdən biridir".
 
 
O qeyd edib ki, artıq uzun müddətdir Azərbaycan xalqının əzəli torpaqlarında Ermənistan adında dövlət qurulub. Lakin ermənilər onlar üçün yaradılmış bu şəraitə görə Azərbaycan xalqına minnətdar olmaq əvəzinə Qərbi Azərbaycanın tarixini saxtalaşdırmaqla məşğul olaraq tarixi yerlərin adlarını dəyişdiriblər. 
 
“Həmin ərazilərdə azərbaycanlıların izlərini silmək və qondarma bir tarix yaradaraq Böyük Ermənistan xəyalı ilə yaşayıblar. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən 44 günlük müharibə nəticəsində onlar xalqımızın qüdrətini gördülər. Müharibədə əldə etdiyimiz qələbə görüləcək işin birinci mərhələsidir. Bu, davamlı məzmun daşıyacaq. Məsələnin belə qoyuluşu gəncləri Qərbi Azərbaycan həqiqətləri ilə tanış etmək məsələsini aktuallaşdırır. Bu konteksdə "Qərbi Azərbaycana qayıdış" olimpiadasının keçirilməsi nəhayətsiz dərəcədə böyük əhəmiyyət kəsb edir. Olimpiadanın Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilməsi isə olduqca təqdirəlayiqdir".
 
Hikmət Əlizadə belə bir aktual mövzuda olimpiadanın keçirilməsinin şagirdlərin Qərbi Azərbaycanla bağlı daha geniş məlumatlar əldə etmələrinə, vaxtilə bizlərə məxsus olan əzəli torpaqlarımız haqqında əsl həqiqətləri öyrənmələrinə imkan verdiyini deyib:
 
"Xatırlayıram ki, elm və təhsil naziri Emin Əmrullayev 2023-cü ildə keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresində belə bir müsabiqənin keçiriləcəyi barədə söz vermişdi. Artıq ikinci festival çərçivəsində olimpiada qaliblərinin mükafatlandırılmasının şahidi olacağıq. Hesab edirəm ki, olimpiada ənənəvi olaraq hər il keçirilməlidir. Şagirdlərimizin daha yüksək səviyyədə nəticələr göstərməsi üçün orta təhsil müəssisələrimiz üçün Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını, ədəbiyyatını, toponimlərini, folklorunu, o cümlədən ictimai xadimləri və tarixi şəxsiyyətləri haqqında məlumatları özündə əks etdirən inteqrativ dərs vəsaitinin hazırlanması və məktəblərdə fakültətiv məşğələ formasında tədris edilməsi məqsədəuyğun olardı. Bu bizim tariximiz, bizim taleyimiz, bizim torpaqlarımızdır. Bu torpaqlar Azərbaycanımızın ayrılmaz hissəsidir".
 
163 nömrəli məktəbin tarix müəllimi, tarix dərsliklərinin, həmçinin “Zəfər tarixi” dərs vəsaitinin həmmüəllifi Ramil Tanrıverdi də “Azərbaycan müəllimi”nə açıqlamasında olimpiadanın önəmindən danışıb.
 
 
“Bir tarix müəllimi olaraq hesab edirəm ki, "Qərbi Azərbaycana qayıdış" olimpiadasının keçirilməsi məktəbyaşlı şagirdlər arasında geniş təbliğat işinin aparılması baxımından çox yerində verilmiş və uğurlu bir qərardır. Son 30 ildə daha çox Ermənistan-Azərbaycan arasında olan Qarabağ münaqişəsinə diqqət yönəlmişdisə, bu işdə artıq diqqət birbaşa Qərbi Azərbaycan tarixi torpaqlarımıza çəkildi. Həmin yerlərin siyasi, ictimai və mədəni həyatı haqqında baş vermiş hadisələri müəllimlərimiz şagirdlərə aşıladı” - deyə R.Tanrıverdi qeyd edib.
 
Onun fikrincə, məktəblilər olimpiadada xüsusi fəallıq nümayiş etdirib: “Apardığımız təbliğat nəticəsində olimpiadaya daha çox şagird cəlb etdik. Bildiyiniz kimi, yeni tədris metodlarında müəllim bilik verməkdən əlavə yönləndiricidir. İnanın ki, şagirdlərin özü o qədər ciddi mənbələr tapıb maraqlanırdılar ki, onların bir çoxunu mən yeni görürdüm. İnformasiyanın əldə edilməsində şagirdlər artıq daha öndədirlər. Onlar dərs vəsaitləri ilə yetinmir, internet resursları vasitəsi ilə xarici mənblərə - əsasən də Türkiyə mənbələrində Qərbi Azərbaycan haqqında məlumatlar əldə ediblər”.
 
Tarix müəllimi qeyd edib ki, “Qərbi Azərbaycana qayıdış” olimpiadası Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, ictimai xadimləri, tarixi şəxsiyyətləri, keçmiş dövrlərə aid toponimləri əks etdirən xəritələrin əldə olunması şagirdlərin biliklərini daha da artırıb:
 
“Bu yaxınlarda Türkiyədə nəşr olunmuş Ağbaba mahalı haqqında Burhan Görkənin "Ağbaba" kitabı daha yaxşı mənbələrdən biri oldu. Ağbaba və Şörəyel, Borçalı mahalları haqqında araşdırmalar aparmış Erdal Akyarın araşdırmaları da Qərbi Azərbaycanın toponimlərini öyrənməyə və olimpiadada uğur qazanmağa kömək edən amillərdən oldu. “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsinin Naxçıvanda keçirilməsi xüsusi əhəmiyyətlidir. Batabat yaylasından Qərbi Azərbaycanı duymaq daha rahatdır. Bu minvalla həm də dünyaya mesaj verə bilirik. Gələcəkdə Zəngəzur dəhlizinin açılmasının Qərbi Azərbaycana qayıdışın başlanğıcı yolunda birinci addım olacağına əminlik yaranır”.
 
R.Tanrıverdi deyir ki, olimpiada iştirakçısı olan şagirdlər öz araşdırmalarının nəticəsi olaraq təklif də irəli sürüblər: “Şagirdlər olimpiadaya hazırlıq mərhələsində araşdırmalarından qənaətə gəlib təklif irəli sürüblər. Onların fikrincə, “Zəfər tarixi” dərsliyi kimi məktəblərdə ayrıca Qərbi Azərbaycan haqqında bir dərs vəsaitinin hazırlanması yaxşı olardı. Mən bu haqda şəxsən bir müəllim və Zəfər tarixi dərs vəsaitinin həmmüəllifi kimi Elm və Təhsil Nazirliyinə və Qərbi Azərbaycan İcmasına müraciət hazırlamışam”.
 
Samirə KƏRİMOVA
Ruhiyyə DAŞSALAHLI


13.06.2024 | 17:12