“Qlobal Davamlı İnkişaf Konqresi” çərçivəsində keçirilən panel sessiyada Azərbaycan təcrübəsindən danışılıb | |
Dünyanın ən nüfuzlu təşkilatlarından olan “Times Higher Education” beynəlxalq reytinq agentliyinin təşəbbüsü ilə Tailandda keçirilən və 3000 qlobal lider və innovatorun iştirak etdiyi “Qlobal Davamlı İnkişaf Konqresi” öz işini davam etdirir.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə xəbər verilib.
Konqres çərçivəsində “Davamlı inkişaf” üzrə aktual məsələlərin müzakirəsi məqsədilə 200-ə yaxın panel sessiya keçirilir. Panel sessiyalardan biri “Davamlı inkişaf sahəsində Azərbaycan təcrübəsi” mövzusunda təşkil olunub.
Sessiyada Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov ölkədə 2030-cu ilə qədər müəyyən olunmuş prioritetlərə uyğun olaraq ümumi təhsil pilləsində aparılan islahatlar, “STEAM Azərbaycan” və “Rəqəmsal bacarıqlar” layihələri barədə təqdimatla çıxış edib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli isə BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə nail olmaq üçün elm və ali təhsil sahəsində görülmüş və planlaşdırılan işlər barədə danışıb.
Daha sonra Bakı Dövlət Universitetinin (BDU) rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov BDU-da Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı görülən işləri və qarşıda duran hədəfləri qeyd edib.
Qeyd edək ki, 10 qabaqcıl yerli universitetin təmsil olunduğu “Qlobal Davamlı İnkişaf Konqresi” bu gün işini yekunlaşdırır.
|
|
13.06.2024 | 15:53 | |
|
|
|