Sidneydə öyrəndiklərim təhsil sahəsindəki iş fəaliyyətimə böyük töhfə verir - Rəbiyyə Museyibzadənin uğur hekayəsi | |
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan gənclərimizdən biri də Rəbiyyə Museyibzadədir. Hazırda Avstraliyanın Sidney Universitetində Təhsilin idarə edilməsi və liderlik ixtisası üzrə magistr təhsil alır.
O, təhsil həyatı və uğurları barədə "Azərbaycan müəllimi"nə danışıb.
- Rəbiyyə xanım, ilk növbədə, sizi tanımaq istərdik. Uşaqlığınız harada keçib? Haralarda təhsil almısınız?
- Uşaqlığım Bakı şəhərində keçib. Mən tam orta təhsilimi Bakı şəhəri N.Alışov adına 282 nömrəli tam orta məktəbdə almışam. Bakalavr təhsilimi isə 2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetində "İngilis dili və ədəbiyyatı" ixtisası üzrə tamamlamışam. 1 illik fasilədən sonra ixtisasımı dəyişdim və 2017-2019-cu illərdə "Təhsilin idarə olunması" ixtisası üzrə ADA Universitetində oxudum. Həmin müddətdə müxtəlif kurslarda ingilis dili müəllimi kimi fəaliyyət göstərirdim. Magistratura təhsilimin bir hissəsi kimi təcrübə proqramı keçməyə gəldiyim Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində 5 il mütəxəssis kimi fəaliyyət göstərdim. 2023-cü ildə isə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” qalibi kimi Sidney Universitetində təhsil almaq məqsədilə işdən ayrıldım və ailəmlə birlikdə Avstraliyaya getdim. Sidney Universitetində "Təhsilin idarə olunması və liderlik" ixtisası üzrə təhsil alıram. Artıq magistratura təhsilim bitmək üzrədir.
- Hər insanın həyatına təsir edən bir kəs və ya bir hadisə olur. Və həmin şəxs və ya hadisə, belə desək dönüş nöqtəsi insanın gələcək karyerasına böyük təsir göstərir. Siz bu anı necə xarakterizə edərdiniz? Sizin təhsilə marağınız, xaricdə təhsil almaq fikrinə düşməyiniz necə formalaşdı?
- Xaricdə təhsil almaq mənim uşaqlıq arzum olub. Bildiyiniz kimi, mən ikinci magistratura təhsilimdən əvvəl də Elm və Təhsil Nazirliyində çalışırdım. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın elanı çıxdıqda, bu məndə yeni bir təkan yaratdı. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” daha çox doktorantura səviyyəsinə xitab etdiyi üçün məhz bu proqram mənim ehtiyaclarıma uyğun idi. Eyni zamanda Sidney Universitetində oxşar proqram üzrə təhsil almışam, iş yoldaşım da bu qərarımı dəqiqləşdirməyimdə həvəsləndirici amil olub. Beləliklə, bu proqram mənim uşaqlıq arzuma çatmağımda çox böyük rol oynadı.
- Xaricdə təhsil almağı qərara aldığınızda həyat yoldaşınızın reaksiyası necə oldu? Dediyiniz kimi ailənizlə birlikdə getmisiniz. Buradakı işini qoyub getməyə necə razı saldınız? Bir də ailəli olan biri üçün xaricdə təhsil almaq çətin deyil?
- Dövlət proqramı elanı çıxdıqda, ilk həyat yoldaşımla müzakirə etdik və təhsilim üçün Avstraliyaya getməyə birlikdə qərar verdik. Onu razı salmaq üçün əlavə bir cəhd göstərmədim, çünki yoldaşım anlayışlı və mənim istəklərimə hörmətlə yanaşan bir insandır. Bu proses dil və iş məsələlərinə görə onun üçün çox çətin olsa da, mənə dəstək olmaq məqsədilə əlindən gələni edirdi. Biz səyahət edərkən 2 yaşlı qızımızı da apardıq. Xaricdə təhsilim müddətində ən çox çətinlik çəkdiyim məsələ ailə, iş və təhsilim arasında balans yaratmaq və onu qoruyub saxlamaq idi. Bütün çətinliklərə baxmayaraq, Avstraliya bizim üçün unudulmaz macəra oldu.
- Sidneydə aldığınız təhsil, qazandığınız təcrübə sizin bugünkü fəaliyyətinizə necə təsir edib? Oranın təhsil mühitinin əsas üstünlükləri sizcə nələrdir?
- Sidney Universiteti hazırda beynəlxalq reytinqlərdə top 20-dədir. Məsələn, təhsil üzrə 4-cü yerdə, QS reytinq sistemində isə 18-ci yerdədir. Burada yalnızca təhsil almaqla kifayətlənmədim, həmçinin müxtəlif layihələrdə də iştirak etdim. Ən uğurlu və yaddaqalan layihəm isə Avstraliyada universitetlərin idarə olunmasına dair reform layihəsinin azsaylı tədqiqatçılardan biri kimi fəaliyyət göstərməyim oldu. Sidney Universitetindəki təhsilim və həmin layihədə qazandığım təcrübə mənim hazırda elm və təhsil siyasətindəki fəaliyyətimdə, xüsusilə siyasətin təhlili və təşəbbüslərinə töhfə verməyimdə böyük rol oynayır.
Sidneydə təhsil alarkən İndoneziyanın Surabaya Universiteti ilə əməkdaşlıq etməyə başladım. Surabaya Dövlət Universiteti tərəfindən təşkil olunan “Dayanıqlı Rəqəmsal Ağılların Yaradılması – Dayanıqlı İnkişaf Məqsədləri 3 (Yaxşı Sağlamlıq və Rifah) üçün sosial media əsrində psixologiya” və “Rəqəmsal əsaslı məktəb idarəetməsini necə təkmilləşdirmək olar” adlı vebinarlarda spiker kimi çıxış etmək üçün dəvət aldım. Spiker kimi fəaliyyət göstərdiyim müddətdə təhsil sahəsində qazandığım və paylaşdığım təcrübə mənim hazırkı fəaliyyətimə təsir edən ən vacib amillərdən biridir.
Bundan əlavə, Sidney Universiteti mənə bir sıra vacib bacarıqlar qazandırıb. Bunlardan biri tədqiqat bacarığımdır. ADA Universitetində öyrəndiyim tədqiqat üzrə bilik və bacarıqlarımı Avstraliyada daha da təkmilləşdirmək və tətbiq etmək imkanı əldə etdim. Bundan başqa, təhsildə idarəetmə modellərinin real tətbiqini müşahidə edərək həm nəzəri, həm də praktiki bacarıqlarımı inkişaf etdirdim. Ən əsası, məsələlərə və problemlərə daha strukturlu və analitik yanaşma öyrəndim. Bu bacarığımı yalnız universitet təhsilim vasitəsilə deyil, həm də Sidneydə məktəblərdə inklüziv təlimçi kimi işlədiyim zaman təkmilləşdirmişəm.
- Səhv etmiriksə bacarıqlarınız arasında sürətli oxu da var. Bu baxımdan sizi həm də kitabqurdu adlandırmaq olarmı?
- Təxminən iki il əvvəl sürətli oxuma öyrənməyə başladım və bu mövzuda kitablar oxumağa, internetdə inkişaf etdirici videolar izləməyə başladım. Bir neçə ay ərzində sürətli oxuma bacarığımı praktiki məşqlərlə inkişaf etdirdim və bu müddət ərzində çoxlu şəxsi inkişaf kitabları oxudum. Bu bacarığımı yalnız Azərbaycan dilində deyil, daha çox ingilis dilində inkişaf etdirdim, çünki ali təhsilim tamamilə ingilis dilində olub. Sürətli oxumağın hər kəsin məktəb illərindən qazanmalı vacib bir bacarıq olduğunu düşünürəm. Bu sayədə çox sayda tədqiqat işi və kitab oxuyaraq sahəmdə məlumatlılığımı artırmağı bacardım. Xüsusilə dissertasiya yazarkən yüzlərlə elmi məqaləni anlamaq və oxumaqda çox faydalı oldu. Universitetdə hər dərsdə qrup yoldaşlarım çoxlu materialı qısa müddətdə necə anladığımı və oxuduğumu görəndə təəccüblənirdilər. Buna görə də akademik sahədə fəaliyyət göstərmək istəyən hər kəsə bu bacarığı inkişaf etdirməyi tövsiyə edirəm.
- Ədəbiyyata marağınız necədir? Ən sevdiyiniz yazıçınız kimdir?
- Məktəb illərimdən bəri ədəbiyyata olan marağım həmişə çox yüksək olub. Yay tətilində məktəbimizin kitabxanasından kitablar götürər və tətil bitənə qədər hamısını oxuyardım. Yaş dövrümə uyğun olaraq oxuduğum kitabların məzmunu və səviyyəsi dəyişirdi. Ədəbiyyata olan böyük marağım atamdan qaynaqlanırdı. Atamın evdə böyük bir kitabxanası var idi və mən o kitabları həvəslə oxuyurdum. Daha sonra atamla oxuduğum kitablar və yazıçılar barədə saatlarla müzakirələr aparır və təhlillər edirdik. Bu maraq məni Azərbaycan Dillər Universitetində "İngilis dili və ədəbiyyatı" ixtisası üzrə bakalavr təhsili almağa sövq etdi.
Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin "Cənnətin Qəbzi" əsəri mənim üçün xüsusi əhəmiyyət daşıyır. Ədəbiyyata olan sevgim məhz bu əsərlə başladı. Bundan əlavə, İmadəddin Nəsiminin, Məhəmmədhüseyn Şəhriyarın və Mirzə Fətəli Axundovun əsərlərini çox sevdiyimdən dəfələrlə oxuyuram.
Dünya klassiklərinə gəldikdə isə Şekspirin əsərləri, həmçinin Viktor Hüqo, Migel de Servantes, Salman Rüşdi, Lev Tolstoy, Umberto Eko kimi dahi mütəfəkkirlərin əsərləri ən sevdiyim əsərlər arasındadır. Dünya klassikası ilə yanaşı, mifologiyaya da böyük marağım var. Klassik əsərlərin və psixologiya üzrə müxtəlif nəzəriyyələrin kökləri mifologiyalardan gəlir. Buna görə də, yunan başda olmaqla, müxtəlif xalqların və mədəniyyətlərin mifologiyaları mənim üçün çox maraqlı və əhəmiyyətlidir.
- Hobbiləriniz nələrdir? Boş vaxtlarınızda daha çox hansı fəaliyyətlə məşğul olmağa üstünlük verirsiniz?
- Ən sevdiyim məşğuliyyət insan psixologiyası, fəlsəfə və antik tarix barədə məlumatlılığımın artırılması məqsədilə məqalələr oxumaq və maarifləndirici videolara baxmaqdır. Bundan əlavə, həftədə 2-3 gün yoqa ilə məşğul oluram. Bu fəaliyyət mənim fiziki və mental sağlamlığımı qorumaq və daim gümrah saxlaya bilməyim üçün əvəzolunmazdır.
Nəzrin XƏLİLOVA
|
|
13.06.2024 | 15:26 | |
|
|
|