Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirməyə dair görüş keçirilib
Məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilli tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirməyə dair görüş keçirilib. 
 
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib.
 
Görüşdə məktəbəqədər təhsil müəssisələrinin müdir, metodist və tərbiyəçi-müəllimləri iştirak ediblər.
 
Maarifləndirici sessiyada Agentliyin Məktəbəqədər təhsilin təşkili şöbəsinin, İnsan Resursları Mərkəzinin əməkdaşları diaqnostik qiymətləndirmənin çərçivə sənədi, məqsədi, onun keçirilməsi ilə bağlı texniki məsələləri müzakirə edib və sualları cavablandırıblar. 
 
Qeyd edək ki, diaqnostik qiymətləndirilməsi nəzərdə tutulan pedaqoji heyətə dəstək üçün simulyativ imtahan da keçiriləcək.


12.06.2024 | 20:55