Elvin Bədirov: Müəllimlərin sertifikatlaşdırılması rəqabətliliyin yüksəldilməsinə hesablanmış modeldir | |
“Sertifikatlaşdırma prosesi göstərdi ki, məqsəd nə yaşlı müəllimləri işdən uzaqlaşdırmaq, nə kütləvi ixtisardır, məqsəd övladlarımıza dərs deyən müəllimlərin peşə bacarıqlarının artırılması və məktəblərimizdə tədris prosesində iştirak edən ən yaxşı müəllimlərin müəyyən edilməsidir”.
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında "Evrika" liseyinin direktor müavini Elvin Bədirov deyib. Onun sözlərinə görə, müəllimlərin işə qəbul imtahanı vasitəsilə hər il minlərlə müəllim məktəblərimizdə tədrisə cəlb edilir. Bu da təhsilimizin keyfiyyət göstəricilərinin yaxşılaşmasında mühüm rol oynayır:
“2014-cü ildən etibarən keçirilən dioqnostik qiymətləndirmə imtahanları göstərdi ki, məktəblərimizdə attestasiya prosesinə ciddi ehtiyac var. Məhz dioqnostik qiymətləndirmə imtahanlarının məntiqi davamı kimi 2022-ci ildən etibarən sertifikatlaşdırma başlandı. Bu da, öz növbəsində təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılmasına, təhsilin keyfiyyət standartlarının saxlanılmasına, təhsil sisteminə inamın bərpa edilməsinə, təhsil sahəsində rəqabətliliyin yüksəldilməsinə hesablanmış modeldir”.
Təhsil eksperti prosesin başlandığı ilk illərə də nəzər salıb, ictimaiyyət arasında müxtəlif fərqli, hətta zidd fikirlərin necə çürüdüyünə, puç olduğuna diqqət çəkib:
“İlk dəfə elan edildiyi dövrdə sertifikatlaşdırma prosesinə yanaşmalarda çox müxtəlif mövqelər olsa da, prosesin başlanması və ilkin nəticələrinin əksər müəllimlər üçün faydalı olması yaranan bir çox neqativ fikri də aradan qaldırdı”.
E.Bədirov sertifikatlaşdırma prosesinin üstünlüklərindən minlərlə müəllimin bəhrələndiyini vurğulayıb:
“Sertifikatlaşdırma qaydalarına görə, məqbul nəticə göstərən hər bir müəllimin əməkhaqqısında fərqləndirmə aparılır. Müəllimlərin işə qəbul imtahanı yolu ilə işə cəlb edilən müəllim 3 illik fəaliyyətdən sonra sertifikatlaşdırma prosesinə qoşula bilir. Məqbul nəticə əldə etməyən müəllimə daha bir il şans verilir ki, o növbəti dəfə müsabiqədə iştirak etsin və nəticəsini yaxşılaşdırsın. Hər beş ildən bir müəllimlərin sertifikatlaşdırmaya cəlb edilməsi isə müəllimlərin davamlı olaraq təhsil standartlarına uyğun olaraq özünü inkişaf etdirməsini təşviq edir”.
Təhsil ekspertinin 3 illik müşahidələrindən qənaəti budur ki, sertifikatlaşdırma prosesi ümumi mənada ölkə təhsilinin gələcək persperktiv inkişafında ciddi rol oynamış olsa da, xüsusi mənada müəllimlər üçün fərdi faydalara sahibdir:
“Sertifikatlaşdırma prosesi müəllimlərə özlərini qiymətləndirmək və peşəkar bacarıqlarını təkmilləşdirmək üçün əla bir fürsət verir. Bu, onların zəif və güclü tərəflərini müəyyən etməyə və peşəkar inkişaf planlarını hazırlamağa kömək edir. Başqa bir məsələ, sertifikatlaşdırmanın keçirilməsi, eyni zamanda müəllimlərin əmək haqqında differensial yanaşmaya da şərait yaradır. Müəllimlərin böyük bir hissəsi yaranmış vəziyyətdən faydalanaraq məvaciblərinin artırılmasına nail ola bilir ki, bu da ən vacib motivasiya səbəblərindən biridir”.
Ekspertin fikrincə, sertifikatlaşdırma müəllimlər arasında peşəkar icmanın formalaşmasına kömək edir. Bu, təcrübə mübadiləsi, bir-birindən öyrənmə və peşəkar dəstək üçün şərait yaradır:
“Ümumiyyətlə, sertfikatlaşdırma təhsilin dəyişən tələblərinə uyğunlaşmağa, təhsil sisteminin modernləşdirilməsinə, peşəkar şəbəkələşməyə - müəllimlər arasında əməkdaşlığın artırılmasına, cəmiyyətdə təhsil sisteminə və təhsilverənlərə etimadın qüvvətlənməsinə mühüm faydalar verir”.
Ruhiyyə DAŞSALAHLI
|
|
12.06.2024 | 16:58 | |
|
|
|