BDU və Tailandın Krirk Universiteti arasında əməkdaşlığa dair görüş keçirilib | |
Bakı Dövlət Universitetinin (BDU) Tailandın paytaxtı Banqkok şəhərində “Times Higher Education” (THE) agentliyinin təşkilatçılığı ilə “Qlobal Davamlı İnkişaf Konqresi”ndə iştirak edən nümayəndə heyəti bu ölkənin Krirk Universitetində görüş keçirib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova, BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Krirk Universitetinin beynəlxalq əməkdaşlıq üzrə direktoru Çanidapha Nunualvutivonq və ingilisdilli proqramlar üzrə direktoru Con Valş iştirak ediblər.
BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. BDU-nun son illər müasir dövrün tələblərinə uyğun inkişafı istiqamətində həyata keçirilən işlərdən danışan müşavir Universitetin strateji hədəfləri və mövcud beynəlxalq əlaqələri barədə məlumat verib.
Krirk Universitetinin beynəlxalq əməkdaşlıq üzrə direktoru Çanidapha Nunualvutivonq bildirib ki, əsası 1952-ci ildə qoyulmuş universitetin əsas missiyası elm və təhsil üzrə bacarıqların inkişaf etdirilməsi, sosial cavabdehliyin təbliğidir. Krirk Universitetində 7 fakültədə 12 mindən çox tələbə (o cümlədən 7000-ə yaxın xarici tələbə) təhsil alır. O, profili nəzərə alınmaqla bütün elm sahələrində BDU ilə əməkdaşlıq imkanlarının mövcudluğunu qeyd edib.
Görüşdə universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılması barədə geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Krirk Universiteti QS dünya universitetləri fənn reytinqində 101-150-ci, QS Cənub-Şərqi Asiya universitetləri reytinqində 29-cu, QS Asiya universitetləri reytinqində 130-cu, Tailand üzrə isə 4-cü sırada yer alır.
|
|
12.06.2024 | 16:32 | |
|
|
|