“İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir təşkil edilib
İyunun 12-də Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
 
"Azərbaycan müəllimi"nə institutdan bildirilib ki, tədbirdə institutun elmi katibi vəzifəsini icra edən dosent Nüşabə Arzumanovanın “İnsan hüquqlarına ən böyük təhlükə: iqlim dəyişikliyi və miqrasiya” mövzusunda çıxışı dinlənilib.
 
Məruzəçi qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Bu siyasəti uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi təsis edilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) hər il mayın 18-dən iyunun 18-dək olan dövrü “İnsan hüquqları aylığı” elan edir. Bu müddət ərzində ölkə ərazisində insan hüquqlarını təbliğ edən maarifləndirmə tədbirləri keçirilir.
 
Nüşabə Arzumanova təbii fəlakətlər, ətraf mühitin pisləşməsi və iqlim dəyişikliyi səbəblərindən insanların bir yerdən digərinə miqrasiya etmək məcburiyyətində qaldıqlarını, təbii fəlakətlər səbəbindən məcburi miqrasiyanın hər il orta hesabla 26 milyon insanı əhatə etdiyini bildirib. İqlim dəyişikliyinin sosial və iqtisadi təsirlərinə uyğunlaşmanın ölkəmizdə prioritet məsələlərdən biri olduğunu bildirən məruzəçi 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini, COP29-un bu il ölkəmizdə keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
 
Sonda mövzu ətrafında müzakirələr aparılıb.


12.06.2024 | 15:50