Metodist seçimi prosesinin müsahibə mərhələsi onlayn şəkildə davam edir
Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində metodik işin təşkili üzrə keçirilən metodist seçimi prosesinin müsahibə mərhələsi onlayn şəkildə davam edir.
 
Bu barədə Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə xəbər verilib. Bildirilib ki, müsahibənin ikinci mərhələsinə Regional Təhsil İdarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri cəlb olunublar.
 
Dərslərin davam etdiyi nəzərə alınaraq region müəllimləri üçün müsahibələr onlayn şəkildə keçirilib. Hazırki günə qədər onlayn şəkildə Lənkəran-Astara, Dağlıq Şirvan, Mərkəzi Aran, Mil-Muğan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Salyan-Şirvan və Şəki-Zaqatala Rayon Təhsil İdarələrinin tabeliyində olan təhsil müəssisələrinin müəllimləri müsahibə olunub. Onlayn müsahibələrdə namizədlərin göstəriciləri əvvəlcədən paylaşılmış meyarlar: özünü təqdimetmə, dərsin planlaşdırılması, metodiki və pedaqoji savadlılıq, liderlik, problem həlletmə, əməkdaşlıq və ünsiyyət bacarıqları əsasında dəyərləndirilib. Müəllimlərin problemi müəyyənləşdirmə və həll yolu təklifetmə bacarıqları, metodist fəaliyyətinin əsasını təşkil edən effektiv ünsiyyət qurma və kollektiv daxilində və xaricində əməkdaşlığı təşviqetmə bacarıqları müxtəlif situasiya tipli tapşırıqlar əsasında ölçülüb. Onlayn və əyani müsahibə mərhələsi yekunlaşdıqdan sonra təlimlərə cəlb olunacaq namizədlərə məlumat göndəriləcək.
 
Qeyd edək ki, müsahibə mərhələsində ümumilikdə 850 müəllimin iştirakı nəzərdə tutulub.


12.06.2024 | 13:27