Dünya Robot Çempionatının iştirakçıları: Hindistandakı yarış üçün daha güclü iş ortaya qoymalıyıq - REPORTAJ | |
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası Dünya Robot Çempionatının (WRC) Azərbaycan üzrə keçirilən finalında “Botscombat” (robotların qaydasız döyüşü) kateqoriyası üzrə 3-cü yeri tutaraq Hindistanda keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən qələbə qazanan komandanın iştirakçıları ilə reportajı təqdim edir.
Yarışda iştirak edən hər komandanın 5 üzvü olur. Komandanın üzvü olan Amal Babazadə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mexanika mühəndisliyi üzrə müəllimdir.
Layihə üzərində 3 aya yaxın müddətdə çalışdıqlarını deyən Amal belə yarışın Azərbaycanda ilk dəfə keçirildiyini söyləyib. Deyir ki, yarışda iştirak üçün robotun ağırlığı 15 kilonu, həcmi 1 metri keçməməlidir. Həmçinin təhlükəsizlik məqsədilə bəzi silahlardan (yandırıcı, deşici, iti, uzaqdan atılan) istifadə etmək olmaz. Komandanın iştirakçıları arasında müəllimlərlə yanaşı, II və III kurs tələbələri də yer alıb.
“İndastry Tank” adlı döyüş robotu ilə təmsil olunduq. Layihəyə hazırlaşanda müxtəlif sınaqlar, testlər apardıq. Yarışları izləyib, onların robotlarına baxaraq, öz fikirlərimizi ortaya qoyaraq bu robotu ərsəyə gətirdik. Technoxian - Dünya Robot Çempionatının Qlobal prezidenti Raj Kumar Sharma yarışda robotumuza baxdı, dünya səviyyəli olduğunu dedi, müsbət rəyini bildirdi. Avqust ayında növbəti yarış Hindistanda olacaq. Həmin yarışda daha böyük və daha ağır robotlar iştirak etməlidir. Kiçik robotlar ora üçün əlverişli deyil”.
Komandanın digər üzvü Rəhman Həsənov da mexanika mühəndisliyi üzrə müəllimdir. Rəhman deyir ki, ən maraqlı robot döyüşü I yerin qalibi ilə olub. Müsabiqə barədə məlumat verən həmsöhbətim ilk 3 yerin qalibinin Hindistanda iştirak etməyə vəsiqə qazandığını deyir: “Bu yarışda I yerin qalibi mükafatlandırılır və onların bütün xərcləri layihə sponsorları tərəfindən ödənilir. Digər komandalar xərclərini özləri qarşılayır. Hazırlıqlara başlayırıq, Hindistandakı yarış üçün daha güclü iş ortaya qoymalıyıq”.
Təhsil müəssisəsini yarışda iki komanda təmsil edib. Hüseyn Qəmbərov da digər komandanın üzvüdür. O, həm də elektronika ixtisası üzrə fənn müəllimidir. Deyir ki, komandaları texniki səbəbdən yarışın birinci mərhələsində məğlub olub: “Bizim robotun çəkisi 14 kilodur, 2 aya hazırladıq. Robotun elektron hissəsində nasazlıq yarandı və ilk yarışda məğlub olduq. Komandamızda III kursda təhsil alan yüksək texniki peşə tələbələri yer alırdı. Onlar daha əvvəl Türkiyədə keçirilən “TEKNOFEST”də iştirak ediblər”.
Qeyd edək ki, Dünya Robot Çempionatı AREA - Azərbaycan Robotexnika Mühəndislik Akademiyasının rəsmi təşkilatçılığı və Gənclər və İdman Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq yarışmadır. Yarışda “Innovation contest”, “WRC Botscombat”, “WRC Rc Craft”, “WRC Drone”, “WRC Robosoccer” olmaqla 5 kateqoriya üzrə 8-30 yaş arası uşaq və gənclər mübarizə aparırlar.
Yarışmanın beynəlxalq mərhələsi Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək.
|
|
12.06.2024 | 11:42 | |
|
|
|