SDU təmsilçisi "REFRESH" layihəsi çərçivəsində İspaniyaya səfər edib | |
Sumqayıt Dövlət Universitetinin də tərəfdaş olduğu Avropa Komissiyasının Erasmus+ proqramının “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması-REFRESH” layihəsi çərçivəsində İspaniyaya səfər baş tutub. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatorluğu ilə həyata keçirilən layihənin növbəti səfəri İspaniyanın Barselona Universitetinə olub.
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə xəbər verilib. Belə ki, səfərin əsas məqsədi yerli və tərəfdaş universitetlərin alternativ və bərpa olunan enerji sahəsi üzrə mövcud vəziyyəti müzakirə etmək,universitetlər arasında qarşılıqlı əlaqələri genişləndirmək, qabaqcıl təcrübələri bölüşmək idi.
Görüşdə Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitetin fəaliyyəti və hədəfləri haqqında ətraflı məlumat verib, “REFRESH” layihəsi müddətində görüləcək işlər barədə çıxış ediblər.
Qeyd edək ki, İspaniyanın Barselona Universitetində təşkil olunan təlimlərdə Sumqayıt Dövlət Universitetindən Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova iştirak etmişdir.
Ümumi dəyəri 703 min avro olan “REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaqdır. 3 illik fəaliyyət müddətini əhatə edən layihə 6 yerli, 4 xarici (İtaliyanın Bolonya Universiteti, İspaniyanın Barselona Universiteti, Danimarka Texniki Universiteti və İsveçin Royal Texniki İnstitutu) və qeyri-hökumət təşkilatı olmaqla, 15 tərəfdaşdan ibarətdir.
|
|
12.06.2024 | 11:06 | |
|
|
|