Təhsilin idarə olunması və müəllim hazırlığı beynəlxalq elmi simpozium
Xəzər Universitetinin Təhsil departamentnin təşkilatçılığı, Türkiyənin Qazi Universitetinin Qazi Təhsil Fakültəsinin tərəfdaşlığı ilə “Təhsilin idarə olunması və müəllim hazırlığı” mövzusunda beynəlxalq elmi simpozium keçirilib. Xəzər Universitetinin mərmər zalında baş tutan simpoziumun açılış mərasimi universitetin kamera orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Arazbarı”sı ilə (bədii rəhbər Musiqi və incəsənət departamentinin müdiri, Əməkdar müəllim Zülfiyyə Sadıqova) başlayıb. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan və türk milli rəqsləri departamentin müəllimləri, solistlər Aşıq Ramin Qarayevin və Məhsəti Cabbarovanın ifaları təqdim olunub. Xəzər Universiteti Təşkilat Komitəsinin həmsədri dosent Leyla Əliyeva qonaqları salamlayaraq, bu əlamətdar gün münasibətilə hamını təbrik edib.
   
Çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri  professor, akademik Hamlet İsaxanlı tədbirə dəvətli olan qonaqları salamlayaraq, simpoziumun işinə uğurlar diləyib.Universitet rəhbəri çıxışında maraqlı bir məqamı xüsusilə vurğulayıb. Biz əvvəlcə qərara almışdıq ki, bu konfrans geniş məzmunda böyük təhsil sektorlarını əhatə etsin. Sonra fikrimizi dəyişdik və qərara aldıq ki, bu, gələcəkdə keçirəcəyimiz daha böyük miqyaslı  simpoziuma hazırlıq xarakteri daşısın, bir-birimizi daha yaxından tanımaq, işimizə yaxından bələd olmaq baxımından düşündük ki, bu daha səmərəli olar.
 
Söylədiyim bu qərarın təklifi də əslində elə Türkiyənin Qazi Universitetinin rəhbərliyindən gəldi və biz də Xəzər Universiteti olaraq bu təklifi alqışladıq. Düşünürəm ki, elm, təhsil fədailərinin belə mötəbər toplantılarda bir araya gəlməsi bütövlükdə təhsilin inkişafına öz töhfəsini verəcək. Ali məktəblərdə müəllim hazırlığı olduqca ciddi və mürəkkəb məsələ olaraq həmişə müzakirə mövzusu olub. Çünki tədris prosesində müəllim əsas fiqurdur. Müəllim öyrədəndir, ancaq öyrətmə prosesi dərin fəlsəfi məna kəsb edir. Bu, heç də asan məsələ deyil. Müəllim öyrədən olmaqla bərabər əgər özü də öz üzərində işləməsə, çalışmasa, aramsız mütaliə etməsə, tədris etdiyi fənlə bağlı yenilikləri özündə əxz etməsə, mənimsəməsə onun sinfində, auditoriyada verəcəyi bəhrə qənaətbəxş ola bilməz. Mən müəllim peşəsini müəyyən mənada həkimlik peşəsi ilə müqayisə edərdim. Həkim əvvəlcə xəstəni müayinə edir, onun nasaz orqanını müəyyən edəndən sonra müalicəyə start verir və uğur qazanır. Müəllimlik də belədir:
 
Pedaqoji prinsiplərə düzgün yiyələnən müəllim sinifdə şagirdin yaş psixologiyasını, sosial psixologiyasını, ailə-məişət problemlərini dəqiq öyrənməli, bunları düzgün qiymətləndirməli və öz yetirmələrinə fərdi yanaşma prinsiplərinə uyğun olaraq tədris etdiyi fənni mənimsətməlidir. Bu, olduqca vacib məsələdir.Tədris ocaqlarında yaşanan problemlər də elə bu prinsiplə bağlıdır. Şübhə etmirəm ki, bu simpoziumda təhsilin bütün pillələrində mövcud olan bu və ya digər problemlər dərindən təhlil olunacaq və onların həlli yolları da mütəxəssislərimiz tərəfindən müəyyənləşdiriləcək. Bir daha səmərəli fəaliyyətinizdə hamınıza uğurlar diləyirəm.
 
Tədbirdə  Qazi Universitetinin rektor yardımçısı professor Gelişli Yucel bu əlamətdar hadisə münasibətilə iki ölkənin qabaqclı təhsil sektorunda çalışan elm və təhsil nümayəndələrini  salamlayıb.
 
Simpoziuma xoş arzularını və tövsiyələrini ünvanlayan  professor Hamlet İsaxanlının fikir və mülahizələrini tam olaraq bölüşdüyünü söyləyib. Deyib ki, biz iki ölkənin ali təhsil ocaqları olaraq bilik və bacarıqlarımızı, təcrübələrimizi ortaya qoyaraq qarşılıqlı anlaşma şəraitində qarşıya qoyulan hədəfə nail olmalıyıq. Hamlet İsaxanlı doğru vurğuladı ki, bu işin müsbət nəticə verməsi üçün Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsilin bütün pillələrinin təcrübəli təmsilçiləri və rəhbərləri sıx əməkdaşlıq şəraitində çalışmalıdır. Çünki müəllim hazırlığı bütün zamanlarda prioritet məsələ olub və bu gün də öz aktuallığını saxlayır. Əminəm ki, Türkiyənin Qazi Universiteti ilə Xəzər Universiteti qarşıya qoyulan məqsədə sıx əməkdaşlıq şəraitində nail olacaq.
 
Qazi Universitetinin Qazi Təhsil fakültəsinin dekanı professor Mahmut Selvi, həmçinin Azərbaycan Elm və Təhsil Nazirliyi, Ümumi və məktəbəqədər təhsildə məzmun və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Ali Təhsil müəssisələri ilə iş sektorunun müdiri, SABAH qrupları İcra Komitəsinin rəhbəri dosent  Elza Səmədova da tədbir iştirakçılarını salamlayaraq simpoziumun işinə uğurlar diləyiblər. Sonra isə Xəzər Universitetinin Beynəlxalq əlaqələr departamentinin müdiri Fatimə Vəliyeva təmsil etdiyi ali təhsil ocağı haqda iştirakçılara geniş məlumat verib.
 
Qeyd edək ki, I Panel iclas “Müəllim hazırlığında yerli və beynəlxalq təcrübə” mövzusuna həsr olunub. İclasa moderatorluğu professor Mahmut Selvi və professor Hümeyir Əhmədov ediblər. Təqdim olunan mövzu ətrafında Qazi Universitetinin təmsilçiləri , professor Yucel Gelişli, dosent  Nurcan Uzel, professor Mehmet Taşpınar, professor Salih Şahin, professor Gürcü Koç, professor PaşaTevfik Cephe, professor Yılmaz Yeşil, Azərbaycan Elm və Təhsil Nazirliyinin təmsilçisi  Dr. Afət Süleymanova, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təmsilçisi dosent Elza Səmədova, Bakı Dövlət Universitetindən professor Hikmət Əlizadə, Azərbaycan Dövlət Pedaqoji Universitetdən dosent Yeganə Cəlilova təhlillər apararaq təkliflərini veriblər və təqdim olunan təkliflər, eləcə də onların həlli yolları müzakirə olunub.
 
Növbəti müzakirə mövzusu isə  “Təhsilin idarə olunmasında milli prioritetlər, beynəlxalq çağırışlar” olub. Bu iclasın moderatorları isə professor Yüsel Gelişli və professor Akif Abbasov idi. Çıxışçılar-Qazi Universitetindən professor Mahmut Selvi, professor Seyfullah Yıldırım, Dr.Sinan Demirtürk, professor Muhammed Koçak, dosent Derya Yüregilli Gökşu, professor  Dr.Pınar Bilasa, Xəzər Universitetindən Raziyə İsayeva, dosent Leyla Əliyeva, Mingəçevir Dövlət Universitetindən dosent Üzeyir Zeynalov təhsil sistemində qazanılan uğurlar, mövcud problemlər və onların həlli yolları barədə mütəxəssis rəylərini bildiriblər. Bütün təkliflər və mövcud nöqsanlar ətraflı müzakirə olunub.
 
Bununla da “Təhsilin idarə olunması və müəllim hazırlığı “ beynəlxalq elmi simpozium öz işini uğurla başa çatdırıb və məruzəçilərə sertifikatlar təqdim olunub.
 
Sifai SƏFƏROVA


12.06.2024 | 10:28