ADPU-da Qazi Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib | |
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, görüşdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb və bir neçə əsas məqam vurğulanıb. Tərəflər təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi, ortaq elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili, akademik proqramların uyğunlaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
ADPU-nun rektoru Cəfər Cəfərov universitetlər arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib və bu istiqamətdə atılacaq addımların Pedaqoji Universitet tərəfindən dəstəklənəcəyini bildirib. O, həmçinin hər iki universitetin akademik potensialından səmərəli istifadə etməklə təhsil keyfiyyətinin artırılmasının önəmini vurğulayıb.
Qazi Universitetinin tələbələrlə iş üzrə prorektoru professor Yücel Gəlişli iki qardaş ölkə arasında təhsil sahəsində mövcud əlaqələrə toxunaraq, bu əməkdaşlığın gələcəkdə daha da genişlənməsi üçün potensialın olduğunu bildirib.
Universitetin Təhsil fakültəsinin dekanı professor Mahmud Səlvi bu əməkdaşlığın hər iki ali təhsil müəssisəsinin akademik və elmi inkişafına mühüm töhfə verəcəyini ifadə edib.
Sonra qonaqlar Pedaqoji Universitetin tədris binası ilə tanış olublar. Onlar burada fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Türksoy kafedrası, Türkoloji Mərkəz, Heydər Əliyev Mərkəzi və elektron kitabxanada olub, həmçinin yeni açılmış dil və ədəbiyyat müəllimliyi (türk dili üzrə) ixtisasının tələbələri ilə görüşüblər.
|
|
11.06.2024 | 13:57 | |
|
|
|