Polimer Materialları İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbir keçirilib
11 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbir keçirilib.
 
Bu barədə instututdan "Azərbaycan müəllimi"nə xəbər verilib.
 
Tədbirdə Poliefir və polikarbonat materiallar lаbоrаtоriyаsının elmi işçisi Səidə Kərimоvа “Azərbaycanın bərpa olunan enerji potensialı” mövzusunda çıxış edib.
 
Məruzəçi bərpa olunan enerji mənbələrinin inkişafı və “yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələrin 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamı olduğunu bildirib. O, Azərbaycanın alternativ və bərpa olunan enerji potensialından, “yaşıl enerji”nin əldə edilməsi üçün mövcud imkanlarından bəhs edib. Səidə Kərimova 2004-cü ildə qəbul edilən “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin aparılması və ölkəmizin enerji potensialının qiymətləndirilməsinə geniş imkanlar yaratdığını bildirib. Məruzəçi 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95%-nin bərpa olunan enerji mənbələrinin payına düşəcəyini söyləyib.
 
İclasda ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsinin əhəmiyyəti vurğulanıb.


11.06.2024 | 12:47